Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4856/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, X1nun iştirakı ilə, X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Suraxanı Rayon DYPŞ Yol Patrul Xidməti tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2025-ci il tarixdə Suraxanı Rayon Yol Patrul Xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarla o, güya nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə etdiyi üçün cərimə edilmişdir. Bu qərarla razı deyil və əsassız hesab edir. Belə ki, inspektor avtomobildən heç düşmədən onunla kobud rəftar edərək tənqid etmiş, qanun pozuntusu barədə hər hansı foto, video və ya texniki sübut təqdim etməmiş və “get kimə istəyirsən şikayət et” deyə ifadə işlətmişdir. Həmçinin, qərar qəbul edilərkən ona izahat vermək imkanı yaradılmamış, hüquqları barədə məlumat verilməmişdir. Bu isə İXM-nin tələblərinə zidd hərəkətdir. O, avtomobili idarə edərkən telefondan istifadə etməmiş, telefon əlində olduğu vaxt avtomobil hərəkətsiz olmuşdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, inzibati xəta tərkibi mövcud deyil və tətbiq edilən cərimə qanunsuzdur. Odur ki, 29 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, həmin gün növbədən gəlirmiş və hadisə Atamoğlan Rzayev küçəsində baş verib. Hadisə barəsində qərar yazan əməkdaş hadisənin olduğu ünvanı belə səhv yazaraq qərarda Səttar Bəhlulzadə küçəsində olduğunu qeyd edib. İnspektor qarşı yoldan çıxıb gəlmiş və heç bir təhlükəsizlik nişanlarından – siqnaldan, işıqdan istifadə etmədən yanında gəlib maşını saxlamış və “niyə telefon əlindədir” deyə soruşmuşdur. O da hərəkətsiz vəziyyətdə olduğunu söyləmiş, qarşılığında isə “bax gör sənə nə edəcəm” deyə cavab almışdır. Sonradan ona sms gəlmiş və 50 manat məbləğində cərimə yazılması qeyd edilmişdir. O, sonra polisə yaxınlaşmış və niyə belə aqressiv münasibət göstərdiyini soruşmuş, polis isə ““get kimə istəyirsən şikayət et” cavabını vermişdir. O da qərarı əldə edərək qərardan şikayət etmişdir. Hadisə vaxtı öz şəxsi maşınını idarə edərək iş növbəsindən gəlirmiş. O, təcili tibbi yardım maşınınında sürücü işləyir. Polis əməkdaşı ona heç bir sübut, foto-video göstərməmiş, hətta özünü belə təqdim etməmiş, maşından düşməmiş, sadəcə qərar yazdığını bildirmişdir. O, özü idarəyə gedərək polis əməkdaşı barədə məlumat əldə etmişdir. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Səttar Bəhlulzadə (Əmircan) 121 ünvanında “Mercedes Benz Vito109 CDİ” minik markalı, 10MT103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2- ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - əlli manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Səttar Bəhlulzadə (Əmircan) 121 ünvanında “Mercedes Benz Vito109 CDİ” minik markalı, 10MT103 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə - Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 342.6-cı maddələri ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və 50 manat məbləğində cərimə edilmişdir. X1 inzibati cərimənin qanunsuz cərimə tətbiq olunduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları, o cümlədən foto və ya videogörüntülərinin məhkəməyə təqdim etmədiyindən şikayət qismən əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarla X2 İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddələsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam aydınlaşdırılmamış, qərar qəbul edilərkən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, həmin dəlillərin əsaslı və əsassız olmasına qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Məhkəmə, X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair xahişinə münasibətdə isə qeyd edir ki, hazırkı halda məhkəmə araşdırması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsi hissəsində şikayət təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi DYPŞ-nə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4856/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4856/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver