Məhkəmə qərarları › İş №3(010)-4922/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4922/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4922/2023 15.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 05 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 05 oktyabr 2023-cü il tarixli, MN № ******* saylı protokoldan görünür ki, X3, X7 və X5, xx.xx.2023-cü il tarixində saat 08:00-dan etibarən Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş, lakin xx.xx.2023-cü il tarixli əmək müqavilələri bildirişləri isə “Əmək və Məşğulluq” alt sisteminə isə saat 13:07, 13:09, 13-11də daxil edilərək hüquqi qüvvəyə minmiş, nəticədə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbi pozulmuşdur. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi və müdafiəçisi Vəkil izahatında bildirdi ki, Azərbaycan Respublikasının ƏƏSMN yanında DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokoluna görə Şəxs MMC tərəfindən AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Belə ki, DƏMX-nin Bakı Şəhər İdarəsinin əmək müfəttişi N.Cəbrayılova tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* №-li inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş, həmin fakt Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-dən daxil olan vətəndaşların izahatları ilə təsdiq edilir. Yəni protokolun tərtib edilməsinə əsas polis bölməsində olan araşdırma olmuşdur. İnzibati xətanın törədilməsinə əsas olaraq göstərilmişdir ki, X3, X7 və X5 26.04:2023-cü il tarixində saat 08.00-dan etibarən Şəxs MMC-nin rəhbərliyi tərəfindən əmək fəaliyyətinə cəlb edilmiş, lakin xx.xx.2023-cü il tarixli əmək müqavilələri bildirişləri ilə “Əmək və Məşğulluq” alt sisteminə saat 13.07, 13.09 və 13.11 -də daxil edilərək hüquqi qüvvəyə minmiş, nəticədə AR ƏM-nin 49-cu maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Aşağıdakılara əsasən DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu qanunsuz və əsassız olduğundan ləğv edilməli və icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsində Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi qaydası tənzimlənir. Həmin maddənin 2-ci hissəsinə əsasən, “Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir”. Ona görə də, protokolda qeyd edilən əmək müqavilələrin bildirişləri bağlandığı gün sistem vasitəsilə elektron qaydada məlumat göndərilmişdir. Bu isə Əmək Məcəlləsinin 49- cu maddənin tələblərinin pozulmamasını göstərir. Məlum olduğu kimi, Suraxanı RPİ-nin 32-ci PB tərəfindən X3, X7 və X2 izahatları xx.xx.2023-cü il tarixdə DƏMX-nin Bakı şəhər idarəsinə göndərilmişdir. Bildirişlərin sistemdə nə vaxt qeydə alınması barədə elə həmin tarixdə müəyyən edilməsinə baxmayaraq 5 ay müddətindən artıq keçdikdən sonra DƏMX-nin Bakı şəhər İdarəsinin əmək müfəttişi N.Cəbrayılova tərəfindən elektron deyil, sadə yazılı şəkildə protokol tərtib edilir. Bu isə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 81-1.1-ci və 101.1- ci maddələrinin tələblərinin pozulmasıdır. Bundan əlavə, həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən, “Bu Məcəllənin 191.2-ci, 192,1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir”. Həmin Məcəllənin 127-5-ci maddəsində isə “İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma” qaydası nəzərdə tutulmuşdur. Lakin, qeyd edilən maddələrin tələbləri də kobud şəkildə pozulmuşdur. Xüsusilə, bildirilir ki, DƏMX-nin Bakı şəhər İdarəsinin əmək müfəttişi N.Cəbrayılova inzibati icraatın aparılması qaydasını pozaraq, protokolda qeyd edilən şəxslərin izahatlarını Votsap vasitəsilə tələb etmişdir. Belə ki, N.Cəbrayılova tərəfindən həmin şəxslərə izahatın necə yazılmalı olduğuna dair mesaj göndərmiş və həmin şəxslər idarədən kənar yerdə izahatı tərtib edərək votsap vasitəsilə N.Cəbrayılovanın telefon nömrəsinə göndərmişlər (həmin mesajların məzmunu əlavə edilir). Protokolda göstərilmişdir ki, “həmin fakt Suraxanı rayon Polis İdarəsinin 32-ci PBdən daxil olan vətəndaşların izahatları ilə təsdiq edilir”. Bildirilir ki, əmək qanunvericiliyin pozulmasına dair müvafiq araşdırmanın aparılması polis orqanların səlahiyyətlərinə aid deyil. Bununla bağlı, Suraxanı rayon Polis İdarəsinə müraciət edildikdə, rəsmi cavabında bildirilmişdir ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi ərazidə polis əməkdaşları və əmək müfəttişləri birgə reyd keçirilmişdir. Məlumdur ki, əmək müfəttişlərin hər hansı reydlərin aparılması qanunsuzdur. Hər hansı yoxlamanın aparılmasına dair Şəxs MMC-yə bildiriş də göndərilməmiş və DƏMX- nin Bakı Şəhər İdarəsinin rəhbərliyi reydlərin keçirilməsi barədə məlumatın yalnış və həqiqətə uyğun olmadığını bildirmişlər. Heç bir əsas olmadan, polis əməkdaşları vətəndaşların izahatlarını alaraq inzibati xəta haqqında protokol tərtib edilməsi üçün DƏMX-nin Bakı şəhər idarəsinə göndərmişdir. İş materiallarından müəyyən edilir ki, mübahisəli protokol məhkəməyə xx.xx.2023- cü il tarixdə daxil olmuşdur. Bu isə İXM-nin 103.1-ci maddəsinin tələblərinin pozulmasını təsdiq edir. Yuxarıda göstərilənlərə əsasən DƏMX-nin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Suraxanı RPl-nin 32-ci X6 Əmək Müfəttişliyinə ünvanladığı xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 2704 auodəstə adlı küçədə fəaliyyət göstərən”Clipse" MMC-də 26,02.2000-ci il təvəllüdlü X3. xx.xx.2001-ci il təvəllüdlü X8 və xx.xx.1996-cı il təvəllüdlü X2 əmək müqaviləsi olmadan qeyri- rəsmi əmək fəaliyyəti ilə məşğul olduqları və MMC-nin rəhbəri X1 xx.xx.2023-cü il tarixdə fakt aşkar olduqdan sonra əmək müqaviləsi bağlamağa cəhd göstərdiyi aşkar edilmişdir. Yuxanda göstərilənləri nəzərə alaraq “Clipse" MMC barəsində qanuni tədbir görülməsi üçün müvafiq qaydada göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Dövlət Əmək Müfəttişliyinə ünvanlandığı “sənədlərin təqdim olunmasına” dair 01 avqust 2023-cü il tarixli məktuba əsasən, 26 aprel 2023-cü il tarixində Suraxanı rayonu 32-cü polis bölməsinin 3 nəfər əməkdaşı fabrikə gələrək əmək və vergi qanunvericiliyi, təhlükəsizlik normaları və bu kimi digər sənədlərlə tanış olmaq üçün tələblər irəli sürdülər. Lazımi bütün sənədlər qaydasında olduğunu gördükdən sonra 3 nəfər (Namiq Rəhimov, Raul Əhmədov və Rüstəm Aslanov) məktubunuzda adı keçən əməkdaşımızla bağlanan müqavilə haqqında bildirişin polisin planşetində görsənmədiyini əsas gətirərək onları polis bölməsinə dəvət etdilər. Bölmədə əməkdaşlar izahat verərək bildirdilər ki, "Clipse” MMC-də 26 aprel 2023cü ildən "Clipse” MMC-də fəaliyyətə başlayıblar. Bundan əlavə o da şirkətin direktoru olaraq izahat yazaraq bildirmişdir ki, adı çəkilən yeni işçilər bir müddət əvvəl şirkətə gələrək iş axtardıqlarını bildirmişlər. Onların hər birinə əmək funksiyaları, vəzifə və öhdəliklər barədə məlumat verdim, adı çəkilən yoldaşlar isə əllərində olan başqa işləri tamamlamaq üçün 2 həftəlik vaxt istədilər. Sifarişlərinin çox olmaması səbəbindən dedikləri vaxt onu qane etdi və razılaşmışdır. 26 aprel 2023-cü il fabrikdə əmək fəaliyyətinə başladılar və əmək müqaviləsi bağlandı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, X5 xx.xx.2023-cü il tarixində işə başlamış, həmin tarixdə əmək müqaviləsi imzalamış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bitəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, X7 xx.xx.2023-cü il tarixində işə başlamış, həmin tarixdə əmək müqaviləsi imzalamış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bitəcəkdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, X3 xx.xx.2023-cü il tarixində işə başlamış, həmin tarixdə əmək müqaviləsi imzalamış və xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bitəcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə görə Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-2-ci hissəsinə görə bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Həmin Məcəllənin 44-cü maddəsinin 1 və 3-cü hissələrinə uyğun olaraq əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Beləliklə, məhkəmə iclasında X3, X7 və X2, xx.xx.2023-cü il tarixində Şəxs MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, “X14” MMC-nin İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər və təkzibedilməz dəlillərlə öz təsdiqini tapmadığından qurum barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43-48, 53, 76, 84, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar