Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4965/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, X1 iştirakı ilə, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istifadəsində olan “Kia Rio” markalı ** UM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dayanma qaydasının pozulması göstərilməklə Bakı Nəqliyyat Agentliyi tərəfindən barəmdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə elektron qərar çıxarılmışdır. Hesab edir ki, sözügedən qərar qanunsuz, əsassız və qeyri-obyektiv olduğundan ləğv edilməlidir. Əvvəla, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dayanma və durma qaydasının pozulması hallarının sənədləşdirilməsi mexanizmi aydın təsbit olunmuşdur. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən barəmdə çıxarılmış elektron qərar üzrə foto gürüntülərdən də göründüyü kimi həmin xətalar “sonradan müşahidə kameralarına baxmaqla” qanunazidd şəkildə xüsusi texniki vasitələrin görüntüləri əsasında sənədləşdirilmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən sənədləşmə aparılan bütün hallarda mən sükan arxasında olmuş və Agentliyin hər hansı bir əməkdaşı ona yaxınlaşmamış və ya onun tərəfindən ona xəta törətməyi belə bildirilməmişdir. “Asan Ödəniş” sistemində şəxsi Kabinetinə inzibati xəta hadisəsinə dair video yerləşdirilməmişdir. Odur ki, məhkəmədən xahiş edir ki, protokolu tərtib edən orqandan inzibati xəta hadisəsinə dair videogörüntünü tələb edilməli, Bundan əlavə “Asan Ödəniş" sistemində şəxsi Kabinetdə elektron qərarın tarixi göstərilsə də, qərarın nömrəsi belə göstərilməmişdir. Odur ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli elektron qərarı ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20 (iyirmi) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Elektron sənəd şəklində qərarın qəbul edilməsi mümkün olan maddələri tənzimləyən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İş materiallarına əlavə edilmiş fotoşəkillərlə müəyyən olunur ki, “KİA RİO” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 24 may 2022-ci il tarixdə saat 15:19-da Bakı şəhəri, Nəsimi rayonu, Xəqani küçəsi-Puşkin küçəsi dayanma və ya durma qaydalarının pozulması ilə əlaqədar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə deyil, məhz həmin ərazidə olan kamera (kameranın nömrəsi: 2C:A5:9C:7C:E5:7A) vasitəsilə qeydə alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə görə, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati qərardan şikayət vermiş X3 şikayəti ilə müəyyən olunur ki, tərəfindən nəqliyyat vasitəsi dayandırılan zaman nəqliyyat vasitəsini tərk etmədən yolun hərəkət hissəsində saxlamışdır. Göründüyü kimi nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində olduğundan onun iştirakı ilə müvafiq qərar qəbul edilməli idi. Bundan başqa, iş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, X2 “KİA RİO” markalı, **-UM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun sağ tərəfində saxlamışdır. Dayanma və durmanı qadağan edən qadağan nişanlarının olub-olmaması, olduğu təqdirdə avtomobilin həmin “dayanma qadağandır” nişanından hansı məsafədə dayandığı ilə bağlı ölçülər göstərilməmiş, ümumiyyətlə inzibati xətanın baş verdiyi dəqiq ünvan göstərilməmişdir. İnzibati aktda hüquqi müdafiə vasitələrdən istifadə müddətləri barədə dəqiq məlumat göstərilməmişdir. Ünvanın dəqiq göstərilməməsi və hüquqi müdafiə vasitələrindən istifadənin müddətləri barədə məlumatın qeyd edilməməsi İnzibati İcraat haqqında qanunun tələblərinə ziddir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə X3 hərəkətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri tam araşdırılmadığından və müəyyən edilmədiyindən, mövcud hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilərsə iş üzrə qərarın ləğv edilməsi haqqında qərar qəbul edir. Bunlara əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməsinə dair BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və əlavə araşdırılma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinə göndərilməklə, şikayət qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 8, 40, 43, 49-51, 53.0.2, 69,114,128-131 və 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilməsinə dair BNA seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və əlavə araşdırılma aparılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4965/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4965/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver