Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-4992/2025 02.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində DİN BDYPİ X2 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı DYPŞ-nin EQ3127386 saylı protokol tərtib edilib (ona Suraxanı DYPŞ-nin təqdim etdiyi sənəddə qərar nömrəsi göstərilməyib) və o, AR İXM-nin 346.2-ci maddəsi ilə 40 manat, 2 cərimə balı ilə cərimələnmişdir. Qeyd edir ki, qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. O, xx.xx.2025-ci il tarixdə, saat 10:15-də 5.12 yol nişanından 15 metrdən artıq məsafədə saxlamış, yol ayrıcına daxil olmaqla buna görədə yazılan cərimə ilə razı deyik və protokola əlavə olunmuş 5.12 yol nişanının şəkli cərimələndiyi ünvana aidiyyəti yoxdur, başqa ünvandan götürülüb. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, tərtib olunmuş protokol qeyri-qanunidir, çünki yol hərəkəti qaydalarına uyğun olaraq əgər avtomobil yol ayrıcına daxil olarsa, ondan qabaqkı avtobus nişanı qüvvədən düşməlidir. Bundan başqa 15 metr məsafədən artıq məsafədə saxlamışdır. Protokola əlavə edilmiş şəkildə yol nişanının orada olması göstərilməlidir, başqa ünvandan götürülərək onun protokoluna montaj edilib. Onun maşınının qeydiyyat nömrəsi **-YX-***-dir. 2 şəkil tərtib edilib, hər şəkildə də maşının dayandığı bucaq fərqli olduğundan maşının hərəkətdə olub manevr etməsi və ya orada dayanmasını müəyyən etmək mümkün deyil. Dəfələrlə yol polisinə, 102 xidmətinə müraciət edib, ancaq şikayətinə baxılmayıb. Onun necə dayanması şəkildə göründüyü kimidir, 2 ay keçib tam yadında deyil. Ola bilər ki, orada dayanıb, ancaq yenədə tərtib edilmiş protokol maddəyə uyğun olmayan protokoldur. Ona tərtib edilmiş protokol avtobus dayanacağında dayandığı üçün tərtib edilib, ancaq o, 15 metr məsafədən artıq məsafədə dayanmışdır. 1.10.2025-ci il tarixli, EQ 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, EQ 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərardan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Mercedes Benz Vito111 CDİ” minik markalı, **-YX-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə edərkən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsinə əsasən Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə - qırx manat məbləğində cərimə edilir. Qeyd edilən 13 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X4 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının X2ndə yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X3 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi X2 tərəfindən qəbul edilmiş 13 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair 13 oktyabr 2025-ci il tarixli, EQ seriyalı 31273386 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qaytarılsın. Qalan hissədə şikayət təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-4992/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-4992/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver