Məhkəmə qərarları › İş №3(010)-5/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 01 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ünvanında xx.xx.2024-cü il tarixində saat 11:10-da “Bərəkət” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı göstərilmişdir. Məhkəmə iclasında iş üzrə icraat aparılan Şəxs izahatında protokolun tərtib olunmasının düzgün olmadığını, yazılanların heç birini qəbul etmədiyini, artıq 1 ildir ki, həmin obyektə sahibkarlıq etmədiyini, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə verilmiş 16 fevral 2024-cü il tarixli ərizədə olan imza ona məxsus olmadığını, bununla bağlı ekspert rəyində də bu faktın təsdiq edildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.1-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə, ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.3-cü maddəsinə əsasən müvafiq qurum reklam yayıcısının təqdim etdiyi ərizənin, ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin, həmçinin 1.6-cı bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq müvafiq qurum onların aradan qaldırılması üçün reklam yayıcısına bildiriş təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar reklam yayıcısına, eyni zamanda bildirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ünvanında xx.xx.2024-cü il tarixində saat 11:10-da “ATEF” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli məktubdan görünür ki, təsərrüfat obyektində fəaliyyət göstərən vergi ödəyicisinə dair məlumatın təqdim edilməsi barədə müraciətə Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsində baxılmışdır. Bildirilir ki, müraciətdə göstərilənlərlə əlaqədar aparılmış araşdırma zamanı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “AB” massivində yerləşən və fərdi sahibkar X2 məxsus olan “Bərəkət” adlı təsərrüfat obyektində (VÖEN: **********, təsərrüfat obyektinin kodu: **********-19001) icarə müqaviləsi əsasında fərdi sahibkar X1 (VÖEN: **********, təsərrüfat obyektinin kodu: **********-19001) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 4/19 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 24-cü vərəqində olan “açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə” ərizədə” qrafasındakı imza - Şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə'’icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazəsiz, həmçinin müvafiq haqqı vaxtında ödəmədən reklam yayımı hallarını müəyyən etdikdə, reklam yayıcısı məlum olduğu halda, pozuntu halı təsvir olunmaqla müvafiq akt tərtib edərək onu və bu Qaydanın 2-ci hissəsinə uyğun müvafiq hərəkətlərin 5 gün ərzində yerinə yetirilməsi üçün icrası məcburi olan yazılı göstərişi reklam yayıcısına təqdim etməlidir (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır). Azərbaycan Respublikasının “Reklam haqqında” qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhəri Reklam İdarəsi tərəfindən açıq məkanda reklam yerləşdirilməsi ilə bağlı çatışmazlıqların 5 gün ərzində aradan qaldırılması üçün Şəxs müvafiq akt tərtib olunmaqla yazılı göstəriş göndərilməmiş və onun müvafiq icazə sənədi olmadan açıq məkanda reklam yerləşdirməsi faktı əsas gətirilməklə barəsində inzibati protokol tərtib edilmişdir. Lakin məhkəmə tərəfindən edilən araşdırılmalardan məlum olmuşdur ki, protokola əlavə edilmiş açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə 16 fevral 2024-cü il tarixli ərizədə olan imza Şəxs məxsus deyildir. Bu barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2025-ci il tarixli, 4/19 saylı ekspert rəyində də öz təsdiqini tapmışdır. Bundan başqa Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi ünvanında yerləşən “Bərəkət” adlı obyektin fərdi sahibkarı ümumiyyətlə Şəxs deyil, X3r. Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş 25 fevral 2025-ci il tarixli məktubunda həmin hal təsdiq edilmişdir. Belə olduğu halda həmin protokolun məhz Şəxs barəsində tərtib edilməsi qeyri-mümkün hesab edilməlidir. İXM-in 3-cü maddəsindən göründüyü kimi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, əməlin inzibati xəta hesab olunması üçün vacib şərtlərdən biri də, həmin əməlin təqsirli sayılmasıdır. Yəni, əməl qəsdən və ya ehtiyatsızlıqdan törədilməlidir ki, inzibati xəta hesab olunsun. Lakin, hazırkı iş üzrə Şəxs təqsiri müəyyən olunmur və yuxarıda qeyd olunan bütün bunlar Şəxs təqsirsiz olmasına dəlalət edir. Ona görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, hazırda baxılan iş üzrə Şəxs əməlində inzibati xəta tərkibi yoxdur və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam idarəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Beləliklə, Şəxs hərəkətlərində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar