Məhkəmə qərarları › İş №3(010)-50/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-50/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-50/2022 02.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ŞTQ, Əmircan qəsəbəsi, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20.119 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 02 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 20.119 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 dekabr 2021-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 izahatında göstərdi ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin ölkə xaricinə valyutada köçümə əməliyyatı aparılması və iki il ərzində müvafiq malların alınmasını təsdiq edən sənədin təqdim edilmədiyi iddia edilmiş və İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsində 14 yanvar 2022-ci il tarixində 3(010)-16/2022 saylı, xarici valyutada aparılan əməliyyatlar üzrə məhkəmə işinə baxılmış və səmərələşdirici təcrübə yaradacaq müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərək, inzibatı xəta haqqında protokol ləğv edilmiş, həmin iş üzrə icraata xitam verilmişdir. Bəhs olunan iş üzrə Şəxs MMC, xarici hüquq şirkətlərindən müvafiq mallar alınmış, lakin Gömrük bəyannaməsi təqdim edilərkən, bəyannamədə müqavilə tarixi və nömrəsində bir rəqəm səhv yazılmışdır. Yəni, hər ikisində iki rəqəmi əvəzinə üç rəqəmi yazılmışdır. Bu bəyannamə blankını dolduran əməkdaşın, yaxşı görməməsi səbəbindən, onun texniki səhvi olmuşdur. Qanunvericilikdə, xüsusən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində cərimələr bəyannamə blankının yanlış doldurulmasına görə deyil, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində, müəyyən edilmiş müddətlərdə, malların idxal edilməməsinə görə nəzərdə tutulub. Bəyannamədən, aydın olur ki, mal göndərən şirkətin adı, mal alan şirkətin adı və idxal edilən malın hesab-faktura (invoys) dəyəri eynilik təşkil etdir, eləcə də miiqvilə tarixi və nömrəsi ilə bəyannamədə yazılan, həmin məlumatlar araslnda bir rəqəm fərqi olmuşdur. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyutda əməliyyatlarının aparılması” Qaydalarının tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət bəyannamədəki texniki səhvə görə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə və ya ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmadıqda yaranır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlərdə, analogiyaya əsaslanan genişləndirici təfsir, yol verilməzdir və qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırda baxılan 3(010)-50 saylı məhkəmə işində də, gömrük idxal bəyannaməsində müqavilə tarixi 13 may 2016 əvəzinə 13 iyun 2016 kimi yazılıb. Xarici şirkət hesabına köçürülən pul vəsaiti müqabilində, həmin şirkətdən mal idxal edilmişdir. Həm də, xaricə avans olaraq köçürülən məbləğin dəyərindən artıq həcmdə. Qeyd olunan məhkəmə təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, Mərkəzi Bankın, hüquqi şəxslərin müvafiq valyuta tənzimi qaydalan ilə əlaqədar, inzibati xətaya yol verildiyi qənaətinə gəlməsi üçün, ilk öncə malın idxal olunub-olunmamasını əsas götürməli idi. Buna görə də, X4 qeyd olunanları nəzərə alaraq Şəxs MMC tərəfindən malların idxal edildiyini, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasına əsasən, məsuliyyətin yaranması üçün, gömrük bəyannaməsi blankının düzgün doldurulmamasının əsas olmadığını, faktiki olaraq malların idxal olunduğu faktının aşkar olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 noyabr 2019-cu il tarixli köçürmə ərizəsindən və onun üzərindəki ştampdan görünür ki, Şəxs 02 dekabr 2019-cu il tarixdə 20.119 Avro məbləğində vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından “X1 EM DG SYS Gİ” şirkətinin hesabına qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan Şəxs ilə “X1 EM DG SYS Gİ” şirkəti arasında bağlanmış müqavilədən görünür ki, ümumi müqavilənin qiyməti 414.948 Avro (malların tədarükü 360.476 Avro, iş sahəsində xidmətlər 54.472 Avro) təşkil edir. İş materiallarında olan 16 oktyabr 2021-ci il tarixli, **********6941 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, “X1 EM DG SYS Gİ” şirkəti tərəfindən Şəxsnə göndərilmiş 129.409 Avro 66 sent məbləğində mallar 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasına idxal olunmuşdur. Həmin müqavilənin və ona əlavə edilmiş sənədlərin üzərindəki ştamplardan görünür ki, Şəxs sözügedən müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 04 iyul 2016-cı il tarixlərdə 108.142 Avro 80 sent və 27.236 Avro olmaqla 135.378 Avro 80 sent, 24 oktyabr 2016-cı il tarixdə 90.119 Avro, 28 dekabr 2017-ci il tarixdə 30.000 Avro, 24 may 2018-ci il tarixdə 40.000 Avro, "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından isə 02 dekabr 2019-cu il tarixdə 20.119 Avro məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. İş materiallarında olan Şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Bankına ünvanladığı 06 dekabr 2021-ci il tarixli məktubundan və ona əlavə edilmiş qoşmadan görünür ki, Şəxs tərəfindən 03 dekabr 2019-cu il tarixdə 20.119 Avro məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 il müddətin keçməsinə baxmayaraq, 20.119 Avro vəsaiti hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Beləkilə işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs ilə “X1 EM DG SYS Gİ” şirkəti arasında bağlanmış 360.476 Avro məbləğində malların tədarükünə görə müqaviləyə əsasən Şəxs 2016-cı ilin iyul ayından 2019-cu ilin dekabr ayına kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətində və "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesablarından ümumilikdə 315.616 Avro 80 sent məbləğində vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, 16 oktyabr 2021-ci il tarixdə isə 129.409 Avro 66 sent məbləğində mallar Azərbaycan Respublikasına idxal olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsinin məhkəmədə irəli sürdüyü dəlillərini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmamasına dair mötəbər sübut hesab etmir. Belə ki, Şəxs nümayəndəsinin məhkəməyə 16 oktyabr 2021-ci il tarixli, **********6941 sorğu nömrəli gömrük bəyannaməsini təqdim edərək, 16 oktyabr 2021-ci il tarixdə 129.409 Avro 66 sent məbləğində mallar Azərbaycan Respublikasına idxal olunduğunu, lakin müqavilənin tarixi səhv qeyd edildiyinə görə ödəniş tapşırığına əsasən 02 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 20.119 Avro məbləğində vəsaitin geri qaytarıldığı nəzərə alınmamışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, 16 oktyabr 2021-ci il tarixli, **********6941 sorğu nömrəli gömrük bəyannaməsində Şəxs ilə “X1 EM DG SYS Gİ” şirkəti arasında bağlanmış müqvilənin tarixində yol verilmiş texniki səhvdən asılı olmayaraq, həmin gömrük bəyannaməsindən ümumiyyətlə 02 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 20.119 Avro məbləğində vəsaitin geri qaytarıldığı sübuta yetirilmir. İlk növbədə qeyd olunmalıdır ki, sözügedən bəyannamənin surəti Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiallarda olmuş və Azərbaycan Respublikasının Mərkəzi Bankının hüquq departamentinin hüquq məsləhətçisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 21 dekabr 2021-ci il tarixli, EP seriyalı, ******* nömrəli protokol tərtib edilərkən həmin bəyannamə sübut qismində nəzərə alınmışdır. Digər tərəfdən 16 oktyabr 2021-ci il tarixli, **********6941 sorğu nömrəli gömrük bəyannaməsinin 28 qrafasından müəyyən olunur ki, Azərbaycan Respublikasına 16 oktyabr 2021-ci il tarixdə idxal olunmuş 129.409 Avro 66 sent məbləğində mallar "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabdan köçürülmüş vəsait hesabına alınmış mallardır. Lakin hazırki iş üzrə inzibati xətanın obyekti olmuş 20.119 Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabdan 02 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş vəsaitdir. Bundan başqa, inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən olunmuşdur ki, Şəxs ilə “X1 EM DG SYS Gİ” şirkəti arasında bağlanmış müqvilə üzrə ümumilikdə 315.616 Avro 80 sent məbləğində vəsait Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürüldüyü təqdirdə, Azərbaycan Respublikasına idxal olunmuş məbləğ isə 129.409 Avro 66 sent təşkil edir. Göründüyü kimi sözügedən müqavilə üzrə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 186.207 Avro 14 sent (315.616 Avro 80 sent-129.409 Avro 66 sent=186.207 Avro 14 sent) məbləğ geri qaytarılmamışdır. Şəxs nümayəndəsi isə məhkəməyə ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabdan 02 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş 20.119 Avro məbləğində xarici valyutada olan vəsaitin Azərbaycan Respublikasına idxal olunmuş məbləğ isə 129.409 Avro 66 sent vəsaitin və ya Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürülmüş lakin hələ də geri qaytarılmamış 186.207 Avro məbləğ vəsaitin tərkib hissəini olmasına dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə yeni redaksiyada verilmiş və 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə işdə olan sübutlardan təsdiq olunur ki, 20.119 Avro məbləğində vəsaitin Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş edilməklə köçürüldüyü 02 dekabr 2019-cu il tarixdən 02 (iki) il keçməsinə baxmayaraq, Şəxs tərəfindən həmin ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim edilməmiş və ya 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olan qeyd edilən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 064, 065, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın obyekti olmuş 20.119 (iyirmi min yüz on doqquz) Avro vəsaitin 20 (iyirm) faizi miqdarında, 4.023 (dörd min iyirmi üç) Avro 80 (səksən) sent məbləğində (ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə) cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar