Məhkəmə qərarları › İş №3(010)-5004/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5004/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5004/2025 20.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Astara rayonu, Şüvi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Astara rayonu, Şüvi kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, vətəndaş Zərərçəkmiş şəxs döyərək dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin sahə inspektoru X2 protokola uyğun izahat verərək, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etdi. Bundan əlavə qeyd etdi ki, onun icraatına İXM-nin 157-ci maddəsi ilə bağlı vətəndaş Şəxs barədə inzibati icraat daxil olmuşdur. Bununla bağlı inzibati icraat açılmış, hər iki tərəf şöbəyə dəvət olunmuşdur. Şəxs barəsində protokol tərtib olunmuş, özünə hüquq və vəzifələri izah olunduqdan sonra hər iki tərəf məhkəməyə dəvət olunmuşdur. Məhkəmə zalında qarşı tərəflə üzbəüz gələn zaman üzbəüz gəlmək istəmədiyindən məhkəməni tərk edib getmişdir. Çöldə olarkən epilepsiyası olduğundan təcili tibbi yardım çağırılmışdır. Vəsiləyə dərhal məhkəməyə gedəcəklərini demiş, o isə cavabında SMS gəlmədiyini bildirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs polis bölməsinə Vəsilə tərəfindən döyülməsi ilə bağlı şikayət ərizəsi yazmışdır. Bununla bağlı araşdırma aparılmış və ekspertizanin rəyinə görə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Vəsilə xanımın izahatını özü almış, o, izahatında aralarında münaqişə olduğunu etiraf etmiş, münaqişə Wi-Fi paroluna görə olmuşdur, xanım gəlib parolu istəyərkən ona xəsarət yetirilmiş ola bilər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, bu hadisə sentyabrın 21-dən oktyabrın 10-na kimi baş vermişdir. Türkanənin verdiyi məlumatlar yalandır, heç birinə inanmır. Özü epilepsiya və şəkər xəstəsidir. Qeyd etdi ki, ona əl vurmamışdır, bu hal məhəllədəki kamera görüntülərindən də aydın olur. Türkanənin yoldaşı işdən gələndən sonra onlar onun qapısına davaya gəlmişdirlər, 11 dəfə epilepsiya olmuşdur. Məhkəməyə gələn zaman da təcili tibbi yardım tərəfindən evə aparılmış, məhkəməyə gələcək vəziyyətdə olmamışdır. Bir Wi-Fi paroluna görə mübahisə bura qədər gəlib çıxmışdır. Hadisə belə olmuşdur ki, Türkanə qapını döymüş və Wi-Fi parolunu istəmiş, o isə Wi-Fi parolunu oğlundan soruşmağa getmiş, evə girdikdə oğlunun yatdığını görmüş və xəstə olduğu üçün oyatmamışdır. Daha sonra yoldaşına zəng etmək qərarına gəlmiş, yoldaşından Wi-Fi parolunu istəyən zaman, yoldaşı ona parolu qonşuya verəcəyi təqdirə parolun digər qonşulara da yayılacağını, digər qonşuların qapının ağzına yığışacağını və bu səbəbdən parolu verməməli olduğunu demişdir. O, parolu verməmiş və qapıya qayıtmamışdır. Daha sonra 30 dəqiqə keçmiş və o, qapıya çıxan zaman qonşusu Türkanənin getmiş olduğunu görmüşdür. Bu hadisədən 2–3 gün keçdikdən sonra özü Qubadakı qızı ilə telefonda danışarkən qızı ondan qonşular haqqında soruşmuş, o, qızına qonşulardan birinin sırf Wi-Fi parolunu onlara vermədiyi üçün salam vermədiyini demişdir. Qeyd etmişdir ki, o, həyətdə qızı ilə telefonda danışarkən bunları deyən zaman Türkanə eşitmiş və yoldaşına zəng etmiş və qışqıraraq onu şikayət etmişdir. Lakin özü telefonla danışarkən qışqırmamışdır. Axşam yoldaşı gələn zaman Türkanə ilə birlikdə onun qapılarına gəlmiş, qışqıraraq mübahisə etmişdirlər. Türkanənin yoldaşı və anası ona nalayiq sözlər demiş, o da əsəbləşərək bəzi ifadələr işlətdiyini demişdir. Türkanənin yoldaşı onu videoya çəkmişdir. Bildirmişdir ki, o, Türkanənin üstünə getmiş, kameranın özünü çəkməsini saxlamaq istəmiş, lakin ona toxunmamış və əl qaldırmamışdır, xəsarətlərin necə yarandığını bilmir. Türkanənin əri onu vurmuş, o da polisə müraciət etmişdir, hal-hazırda istintaq gedir, onun da əlində ekspert rəyı vardır. Qeyd etdi ki, ona “qoca kaftar” deyildiyinə görə əsəbləşmişdir, həmçinin səs yazılarının silinməsini istəmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o evi təzə almışdılar, mütəmadi gedib-gəlirdilər, qonşuları ilə aralarında salam-sağ ol münasibətləri olmuşdur. Bir gün o biri evlərinə getmək üçün taksi sifariş etmək istəmişdilər və bunun üçün qonşudan Wi-Fi-ın şifrəsini istəmişdilər. Qonşunun qapısını döydüklərində qonşu onlara oğlundan Wi-Fi şifrəsini öyrənib deyəcəyini bildirmişdir. Onlar qapıda gözləmiş, lakin qonşuları hörmətsizlik edərək qapını bağlayıb getmiş və qayıdıb heç nə deməmişdir. Onlar ora 10–15 gün sonra köçmüş, həmin qonşunun onlar haqqında “Wi-Fi parolunu vermədiyinə görə salam vermir” dediyini başqa qonşulardan eşitmiş, lakin heç nə deməmişdir. Bir gün həyəti süpürərkən qonşunun başqa qonşuya onlar haqqında salam verməməsi ilə bağlı irad bildirdiyini eşitmiş və yoldaşına zəng edərək qonşu ilə danışmalı və bu məsələni həll etməli olduqlarını, qonşu ilə arasında küskünlük olmasını istəmədiyini demişdir. Daha sonra özü, yoldaşı və 3 yaşlı uşaqları qonşunun qapısına gedərək qapını döymüş, qonşu qapını açan zaman ona yoldaşını çağırmasını demişdirlər. Qadın onun yoldaşını itələyib içəri salmış, qışqırmış, bütün bunları kamera çəkmişdir. Sonra qadının ürəyi getmiş, epilepsiyası tutmuş, öz yoldaşı ona kömək etmiş, bu hadisələr 21 sentyabrda olmuşdur. 22 sentyabr tarixində özü yoldaşı işdən gələn zaman qadın onun yoldaşına qışqırmış, təhqirlər etmişdir, özü bunların səs yazısının qeydini aparmış, qadın onun yoldaşını borunun yanında sıxışdıraraq onu döyməsini, vurmasını istəmiş, onun video yazı aparmasını gördüyü zaman mane olmaq istəmiş, telefonu almaq istəmiş, üzərinə gələn zaman qonşu araya girmiş, telefonu almağa çalışarkən onun boynuna cızıq atmışdır. Öz yoldaşı qadına onu vurmayacağını demiş, qadının yoldaşı qadını həyətdə salmağa çalışmışdır. Öz yoldaşının epilepsiyası tutmuş, 40 dəqiqə özünə gələ bilməmişdir. Bu hadisədən sonra bir neçə dəfə bu hal təkrarlanmış, qadın hər dəfə onun yoldaşı işdən gələn zaman qışqırmış və mübahisə yaratmışdır. Yalan danışdığı təqdirdə cinayət məsuliyyətinə cəlb olunmağa hazırdır. Özünün və ailəsinin təhlükəsizliyinin təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin xx.xx.2025-ci il tarixli 734 saylı rəyində göstərmişdir ki, vət. Zərərçəkmiş şəxs boyunun ön səthinin xətt şəkilli sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə və özünün dediyi şəraitdə törənə bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlərin xarakterinə və lokaliziyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inandırıcı deyildir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş hadisəyə aid videogörüntüyə və fotoşəkillərə baxış keçirildi. Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sübutlarla tam sübuta yetirildi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri inasan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30-cu maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Şəxs şəxsiyyətini, məsuliyyətini ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq, ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar