Məhkəmə qərarları › İş №3(010)-5006/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5006/2025

17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5006/2025 17.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Novxanı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qasımov X1 Nazirliyinin Respublika Narkoloji Mərkəzindən müayinədən keçirilərkən Mərkəzin 7174 saylı ekspert rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu müəyyən olunmuşdur. Bununla da o, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis bölməsinin sahə inspektoru X4 məhkəmədə protokola uyğun izahat verərək şəxsin əməkdaşlar tərəfindən bölməyə gətirildiyini, daha sonra yoxlanılması üçün narkoloji dispanserə aparıldığını, yoxlanıldıqdan sonra narkotik vasitə aşkar olunduğunu və protokol tərtib edilərək məhkəməyə göndərildiyini bildirmişdir. Məhkəmədə inzibati tənbeh tətbiq edilən şəxs Şəxs izahatında bildirdi ki, 5-ci gündür ki, polis bölməsindədirlər. Orada 2 dəfə test olunmuş, sonra 2 gün qalmışdır. Sonra onu Maştağaya ekspertizaya aparmışdırlar, orada da ona demişdirlər ki, nəticə olaraq bir çox narkotik vasitə çıxmışdır, lakin bu mümkün deyildir. İndiyə qədər heç vaxt belə bir hadisə baş verməmişdir. Yalnız 3 ay qabaq narkotik vasitə olaraq toyda nəşə qəbul etmişdir. Xahiş etmişdir ki, evə o baxdığından, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 17 noyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən, vətəndaş Şəxs barəsində tərtib edilmiş raport əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin icra edilməsindən ötrü inzibati ərazidə xidmət aparan sahə inspektoruna həvalə edilməsi, qəbul edilmiş qərarın surətinin məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Suraxanı rayon prokuroruna göndərilməsi, toplanmış materialın saxlanması üçün Suraxanı RPİ-nin 30-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 X5 - X3 xx.xx.2025-ci il tarixli 7174 nömrəli ekspert rəyinə əsasən vətəndaş Şəxs kannabinoidlərin, opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarında olan AZA seriyalı 024250 saylı, 15 noyabr 2025-ci il tarixli inzibati qaydada tutma protokoluna əsasən, Şəxs xx.xx.2025-ci il tarixində, saat 23:50-də tutulmuşdur. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onu xarakterizə edən məlumatları, o cümlədən, əvvəllər narkotik vasitələrin əldə edilməsi ilə əlaqədar məhkumluğunun olmasını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Bundan əlavə İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. İXM-nin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən, saat 23:50-dən hesablansın. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Qərarın surəti təqdim edildiyi və alındığı gündən 10 (on) gün müddətində qərardadın Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar