Məhkəmə qərarları › İş №3(010)-5035/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5035/2022

31.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5035/2022 31.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxxxxx 1991-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, orta təhsilli, işsiz, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2ilində yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 31 oktyabr 2022-ci il tarixdə, saat 03:00-da Bakı şəhəri Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən kafenin qarşısında digər bir şəxs ilə mübahisə edib, nalayiq ifadələrlə təhqir edərək xırda xuliqanlıq, yəni ictimai qaydaları kobud surətdə pozan hərəkətlər etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 31 oktyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, Bakı şəhəri, Suraxanı rayonu, Atəşgahın yaxınlığında bir kafedə yeyib içib hesabı istədikdən sonra 83 manat məbləğində hesab onlara təqdim edilmişdir. Ona zəng gəldiyi üçün kafedən çölə çıxmış, bir az sonra Xəlilov Rəşad ona yaxınlaşaraq hesabı ödəmək üçün 50 manat məbləğində pul istəmiş və ona 3 ədəd 20 manatlıq əskinaz vermişdir. Az keçdikdən sonra Rəşadı polis maşınına mindirib apardıqlarını görmüş və yaxınlaşıb polis əməkdaşlarından Rəşadı nə üçün apardıqlarını öyrənməyə çalışarkən onu da maşına mindirib polis bölməsinə aparmışlar. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X3 bildirdi ki, Bakı şəhəri Suraxanı rayonu PPXB-nün əməkdaşları 31 oktyabr 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində xidmətdə olarkən həmin küçədə yerləşən kafenin qarşısında 2 nəfər şəxsin mübahisə etdiyini görüb həmin şəxslərə yaxınlaşmışlar. Həmin vaxt kafenin sahibi də polis əməkdaşlarına yaxınlaşmış və Şəxs və onun yanında olan X2 şikayətçi olduğunu bildirmişdir. PPXB-nün əməkdaşları həmin şəxsləri polis maşınına əyləşdirib Bakı şəhəri, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Buna görə də o, Şəxs izahatını aldıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin PPXB-nün polis serjantları Hüseynli Xalid və Orucov Elşadın raportundan görünür ki, 31 oktyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində xidmətdə olarkən həmin küçədə yerləşən kafenin qarşısında Şəxs və X4 nalayiq ifadələr işlədərək kafenin sahibini təhqir etmişdir. İş materiallarında olan 31 oktyabr 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi və orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində müəyyən olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İnzibati xətanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdində törətməsini məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar