Məhkəmə qərarları › İş №3(010)-5049/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5049/2022

01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5049/2022 01.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 və icra sənədi üzrə tələbkar X4 iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)- 684/2013 nömrəli qətnaməsinə dair icra vərəqəsinə əsasən Şəxs 03 may 2005-ci il təvəllüdlü övladı X5 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 40 (qırx) manat miqdarında pul X4 xeyrinə ödənilməlidir. Həmin icra sənədinin icrasını həyata keçirən icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs göstərdi ki, o, 2016-cı ilə qədər məhkəmə qətnaməsi ilə müəyyən olunmuş müalicə xərcini ödəmişdir. Lakin, sonradan heç bir yerdə işləməmiş, bir neçə yerə müraciət etsə də iş tapa bilməmişdir. Məhkəmənin qərarına hörmətlə yanaşır, icra sənədinin icrasında qərəzli olaraq yayınmır. Sadəcə olaraq, heç yerdə işləmədiyindən maddi imkanı aşağı olduğuna görə icra sənədi üzrə öhdəliyini icra edə bilməmişdir. Axtarışda olması barədə məlumatı olmamışdır. Axtarışda olduğunu bildikdən sonra özü könüllü olaraq təslim olmuşdur. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq aydada icraata başlanılmış, borcluya icranı könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərarlar bildirişlərlə birlikdə borcluya şəxsən təqdim edilmişdir. Bundan əlavə borclu şöbəyə dəvət olunaraq izahatı alınmış, eyni zamanda icra sənədi üzrə tələbi yerinə yetirməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Lakin borclu qanunla müəyyən edilmiş müddət ərzində həmin icra sənədinin icrasını təmin etməmişdir. Eyni zamanda məcburi icra tədbirləri qismində tələbin borclunun bankda olan pul vəsaitlərinə və sair gəlirlərinə, habelə əmlakına yönəldilməsi məqsədilə müvafiq qurum və təşkilatlara sorğular verilmiş, lakin tələbin yönəldilə biləcək vəsait və ya əmlak aşkar edilməmişdir. Borclunun halhazırda icra sənədi üzrə borcu 4.680 manat təşkil edir. Göründüyü kimi borclu bir icra məmuru kimi mənim qanuni tələblərini yerinə yetirməyərək icra sənədini icra etməmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)- 684/2013 saylı qətnaməsinə dair icra sənədi üzrə tələbkar X7 məhkəmədə bildirdi ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)-684/2013 nömrəli qətnaməsinə əsasən Şəxs 03 may 2005-ci il təvəllüdlü övladı X5 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 40 (qırx) manat miqdarında pul onun xeyrinə ödənilməlidir. Lakin, borclu müxtəlif bəhanələr gətirərək məhkəmə qətnaməsini icra etməkdən qərəzli olaraq yayınır. Borclu övladı üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş müalicə xərcləri üçün pulu ödəmir, bir valideyin kimi uşağının qayğısına qalmır, onun maddi təlabatlarını qarşılamır. X1, borclu Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)-684/2013 saylı qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 03 may 2005-ci il təvəllüdlü övladı X5 müalicəsi ilə əlaqədar əlavə xərclərin ödənilməsinə cəlb olunaraq, cavabdeh Şəxs iddiaçı X4 xeyrinə uşağın müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit pul məbləğində 40 (qırx) manat miqdarında pul tutulması müəyyən edilmişdir. İş materiallarında olan icraata başlamaq haqqında 04 aprel 2013-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)- 684/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 05 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarında olan borclunun axtarılması haqqında 17 iyun 2022-ci il tarixli qərardan görünür ki, xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində axtarış elan edilmişdir. 01 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcu Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 19 fevral 2013-cü il tarixli, 2(010)- 684/2013 nömrəli qətnaməsinə dair icra sənədi üzrə 4.680 təşkil edir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 01 noyabr 2022-ci il tarixdən, saat 15:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar