Məhkəmə qərarları › İş №3(010)-506/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-506/2022

12.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-506/2022 12.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin 11 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin 11 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 4.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar 10 may 2021-ci il tarixli EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilib. X4 göstərilən qərardan Binəqədi Rayon Məhkəməsinə şikayət vermişdir. Binəqədi Rayon Məhkəməsinin 3(001)-3930/2021 nömrəli iş üzrə 12 noyabr 2021-ci il tarixli qərardadına əsasən şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Suraxanı Rayon Məhkəməsinin 3(010)-1654/2021 nömrəli iş üzrə 09 dekabr 2021ci il tarixli qərardadına əsasən X3 şikayəti geri qaytarılmışdır. X4 həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-421/2022 nömrəli iş üzrə 24 fevral 2022-ci il tarixli qərarına əsasən Suraxanı Rayon Məhkəməsinin 3(010)-1654/2021 nömrəli iş üzrə 09 dekabr 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X4 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, 09 may 2021-ci il tarixdə işlədiyi “Araz” marketə müştəri daxil olmuş, ona maska ilə daxil olması bildirilmiş, müştəri də maska almaq üçün kassaya yaxınlaşan zaman sahə inspektoru bunu görmüşdür. Bu zaman sahə inspektoru onu tanıdığı halda özünü təqdim etməyini tələb etmişdir. O, isə sahə inspektoruna hər gün mağazaya daxil olduğunu, dəfələrlə mağazadan alış veriş etdiyini və onun adını bildiyini bildirmişdir. Həmin zaman sahə inspektoru üst geyim qaydasını pozduğu halda (forması tam deyildi, papaq geyinməmişdir) onun kəmərindən dartaraq ona qarşı zor tətbiq etmişdir. O, isə sahə inspektoruna məhəllədə hər kəsin onu tanıdığını, habelə işçilərinin və müştərilərinin gözü önündə ona qarşı hörmətsizlik etdiyini bildirmişdir. Bütün bunlara baxmayaraq sahə inspektoru onu şəxsi avtomobilinə mindirərək yaxınlıqda yerləşən 33-cü polis bölməsinə aparmışdır. Sadaladığı faktlara dair mağazaya məxsus kamera görüntüsü var. Bölmədə ona qarşı ittihamlar səsləndirməyə başlayan Ağa İbrahimov onu təcridxanaya salaraq ayaqqabının bağını və kəmərini çıxartmağını tələb etmişdir. O, isə öz növbəsində bununla razılaşmayaraq ərazi üzrə ombudsmanla və şirkətinə xidmət göstərən vəkillə əlaqə saxlamaq istədiyini bildirdikdə ona əlaqə saxlamağa icazə verilmişdir. Daha sonra bölməyə şirkətin mühafizə rəisi gəlmişdir. Rəisin danışıqları əsasında ona bölmədə məsələ ilə bağlı izahat yazdırıldıqdan sonra evə getməsinə icazə verilmişdir. O, polis əməkdaşlarından ona cərimə yazılmasını soruşanda heç nə demədilər. Daha sonra təxminən 2 aydan sonra telefonuna zəng gələrək karantin qaydalarına görə ona 4000 manat cərimə tətbiq edildiyi bildirilmişdir. Dəfələrlə polis bölməsinə rəsmi qaydada müraciət etsə də, protokolun surəti ona təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən şikayətinin təmin olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin sahə inspektoru X2 inzibati xəta haqqında tərtib etdiyi protokolu müdafiə edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, 11 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş 10 may 2021-ci il tarixli EXP nömrəli ******* seriyalı inzibati xəta haqqında protokol X4 tərəfindən imzalanmamış, bunun səbəbi protokolda göstərilməmişdir. Bu Azərbaycan Respublikası İXM-nin tələblərinə ziddir. Belə ki, həmin Məcəllənin 100.2, 100.3 və 100.4-cü maddələrinə əsasən «Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır», «Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir…», «Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur». 10 may 2021-ci il tarixli EXP nömrəli ******* seriyalı inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin imzalarının olmadığını və bunun səbəblərinin göstərilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, həmin sənədin tərtibi zamanı Azərbaycan Respublikası İXM-nin yuxarıda istinad olunan maddələrinin və s. aidiyyəti müddəalarının tələbləri pozulmuşdur. Göstərilənləri məcmu halda qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən bu hallara, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin dəlillərinə qiymət verilməli idi. Lakin inzibati xəta haqqında iş üzrə qərar qəbul olunarkən bu hallar araşdırılmamış, X3 öz müdafiəsi üçün gətirdiyi dəlillər ümumiyyətlə qiymətləndirilməmişdir. Bu isə son nəticədə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması anlamına gəlir. Məhkəmə həmçinin qeyd edir ki, polis orqanı tərəfindən toplanmış materiala şikayətçinin müvafiq inzibati xətanı törətdiyini təsdiq edə biləcək heç bir sübut (məsələn, videoyazı və ya fotoşəkil) əlavə edilməyib. İşin məhkəmə baxışı zamanı da məhkəməyə bu növ sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət təmin olunsun. X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib cərimə olunması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin vəzifəli şəxsinin 11 may 2021-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar