Məhkəmə qərarları › İş №3(010)-506/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-506/2025

29.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-506/2025 29.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin sahə inspektoru X1, Müdafiəçi Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Reklam şirkətində işləyən, əlilliyi olmayan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci ildə saat 08:50 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Mida Yaşayış sahəsi ərazisində ictimai yerdə nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozduğundan polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Suraxanı Rayon Polis İdarəsinin 30-ci polis şöbəsinin sahə inspektoru X2 tərtib etdiyi MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ərazidə xidmət apararkən Şəxs tərəfindən nəlayiq ifadələr işlənmiş və onu polis şöbəsinə dəvət etmişlər. Şəxs şöbədə səbəbini bildirmədən hüquq pozmalarına son qoymamış, növbətçi hissənin iş rejimini pozmuşdur. Bundan əlavə vətəndaş Şəxs Azərbaycan Respublikasının qanuni çərçivəsində müraciət etmək hüququnun olması, ictimai qaydanı pozmaması, polisin qanuni əmrinə tabe olması, polis şöbəsinin daxili qaydalarına riayət etməsi izah edilsə də, polisin əməkdaşlarının qanuni əmrinə tabe olmayaraq polis əməkdaşlarına qarşı aqressivlik nümayiş etdirmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanuna müvafiq olaraq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Şəxs ifadə verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə bir nəfər şəxs ona telefon vasitəsilə zəng vuraraq onu polis şöbəsinə dəvət etmişdir. Lakin o polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə səhər tezdən polis şöbəsindən ona yenidən zəng vuraraq şöbəyə dəvət etmişlər. Lakin o polis əməkdaşlarına işə gedəcəyini bildirsə də, onu polis şöbəsinə aparmışlar. O, məhkəmə iclasında özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsində təqsirli bilmədiyini qeyd etmişdir. Müdafiəçi Vəkil Şəxs barəsində tərtib olunmuş protokolun əsassız olduğunu və polis əməkdaşlarının özünü müdafiə etmək məqsədilə tərtib olunduğunu qeyd etmişdir. Şəxs həmin inzibati xətanı törətməsi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu ilə, Şəxs iş materiallarında olan izahatı, məhkəmə iclasında verdiyi ifadəsi ilə tam sübuta yetirildiyindən, o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4.-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Polis haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İ. Polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. İİ. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. İİİ. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 8-ci maddəsinə əsasən Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Həmin Qanunun 26-cı maddəsinə əsasən polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər: 1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda; 2) inzibati xətanı və ya cinayət törədən şəxs tutulduqda; 3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə. Post-patrul xidməti ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və cinayətkarlığa qarşı mübarizə işinin təmin edilməsinin əsas vasitəsidir. Post-patrul xidməti yaşayış məntəqələrində, yollarda, nəqliyyatda təşkil olunur və xüsusi təyin edilmiş naryadlar vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, belə ki o, xidməti vəzifələrini icra edən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, hüquqazidd hərəkətlərini 30-cu polis şöbəsinin inzibati binasında da davam etdirmiş və qeyd olunanlara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaların xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınmaqla onun barəsində inzibati həbs tənbeh növünün təbiq edilməsi daha ədalətli olar və inzibati xətalar qanunvericiliyinin prinsip və normalarına uyğun olar. İnzibati həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu - 29 yanvar 2025-ci il tarixdən, saat 09:10-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 34, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 29 yanvar 2025-ci il saat 09:10-dan hesablansın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar