Məhkəmə qərarları › İş №3(010)-5072/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5072/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5072/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1982-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, evli, 3 azyaşlı uşağı olan, tikintidə fəhlə işləyən, əlilliyi olmayan, İmişli rayonu, Məzrəli ərazi dairəsi, Məzrəli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ yaşayış sahəsi, yeni tikilidə yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 04 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə tərəfindən Şəxs İmişli rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(036)- 3081/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış aliment borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında inzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru Nümayəndə izahatında bildirmişdir ki, icra sənədi üzrə 05 yanvar 2021-ci il tarixdə İmişli rayon İcra Şöbəsində icraata başlanılmışdır. İcra sənədi Suraxanı rayon şöbəsinə daxil olduqdan sonra müvafiq qaydada icra tədbirləri görülmüş, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə borcun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, adına heç bir əmlak aşkar olunmamışdır. Borclu hazırkı vaxtadək borcundan 500 manat ödəmişdir və onun hazırda protokol üzrə 470 manat borcu qalmışdır. Tələbkar borcun tam bağlanmasını tələb edir. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs Qurban qızı izahatında bildirmişdir ki, borclu Şəxs aliment borcundan 500 manat ödəmiş və onun 470 manat borcu qalmışdır və buna görə də icra şöbəsinə şikayət etmişdir. Hazırda 470 manat aliment borcunun tam ödənilməsini və hər ay 170 manat aliment məbləğinin vaxtında ödənilməsini tələb edir. Məhkəmə iclasında borclu Şəxs izahatında bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq onun maddi imkanının zəif olması borcu birdəfəlik icra etməyə imkan verməmişdir. Aliment məbləği məhkəmə tərəfindən 1 uşağa görə hər ay 70 manat müəyyən olunmuşdur lakin, sonradan xəstəlik adı ilə tələbkar məhkəməyə müraciət etmiş və məhkəmə aliment məbləğini artıraraq hər ay 170 manat olması barədə qərar çıxartmışdır. Hazırda qalan 470 manat borcu ödəmişdir və ödəniş qəbzini məhkəməyə təqdim edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 11 noyabr 2020-ci il tarixli İmişli rayon Məhkəməsinin icra vərəqəsinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)-267/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 70 (yetmiş) AZN sabit pul məbləğində alimentin miqdarı 170 (yüz yetmiş) AZN sabit pul məbləği həddində artırılmışdır. Tərəflərin birgə nikahından 01 may 2008-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdeh Şəxs qazancından qətnamənin qanuni qüvvəyə mindiyi gündən etibarən 170 (yüz yetmiş) AZN sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs Qurban qızının xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında 05 yanvar 2021-ci il tarixli qərardan görünür ki, İmişli rayon Məhkəməsinin icra vərəqəsinə əsasən İmişli Rayon Məhkəməsinin 2(036)-267/2012 saylı, 30 aprel 2012-ci il tarixli qətnaməsinə dair icra vərəqəsi üzrə İmişli rayon İcra Şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, Şəxs icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. Belə ki, iş materiallarında olan İmişli rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(036)-3081/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə alimentin miqdarı bir uşağa görə 170 manat müəyyən edilmişdir. Belə ki, 01 may 2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs bir uşağa görə 170 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs Qurban qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş icraata başlamaq haqqında 05 yanvar 2021-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, İmişli rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(036)-3081/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata 05 yanvar 2021-ci il tarixdə başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Aparılmış araşdırma zamanı Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi kifayə qədər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə borclu Şəxs İmişli rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(036)- 3081/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə yaranmış 470 manat borcunu tələbkarın xeyrinə tam məbləğdə ödədiyini nəzərə alaraq hesab edir ki, İXM-nin 528-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir kimi hallardan biri də İXM-nin 53.1.10-cu maddəsində qeyd olunmuş bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış inzibati icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Bununla da Şəxs İmişli rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2(036)- 3081/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə olan 470 manat borcunu tam ödədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin Qeydinə əsasən o, inzibati məsuliyyətdən azad olunmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsi tətbiq edilməklə İXM-nin 528-ci maddəsinin Qeydinə əsasən inzibati məsuliyyətdən azad olunmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar