Məhkəmə qərarları › İş №3(010)-509/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-509/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-509/2021 02.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6, X1nun iştirakları ilə xx xxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, ünvan 1 mənzil 27 ünvanı üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Suraxanı rayon İcra şöbəsinin icra məmuru X6 xx xxxxx 2021-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2018-ci ildə verilmiş xx xxxxxx 2018-ci il tarixli 2(010)- 6236/2018 nömrəli icra vərəqəsinə əsasən, borclu Şəxs 3950 manat məbləğində pul alınaraq X1na, 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi icraata daxil olduqdan sonra icraatına başlanılmış, bu barədə icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrasına dair bildiriş borclu Şəxs göndərilmişdir. Tələb könüllü icra müddətində təmin olunmadığından borclu Şəxs barəsində məcburi icra tədbirlərinin tətbiqinə başlanılmış, tələbin ona məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin adında tələbin yönəldilə biləcəyi daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. İcra sənədi üzrə tələbin təmin edilməsi məqsədi ilə borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilərkən onun orada yaşamadığı müəyyən edilmiş, yerini tapmaq üçün barəsində axtarış qərarı qəbul edilmişdir. xx.xx.2019-cu il tarixdən Şəxs barəsində axtarış işi açılmışdır. Borclu Şəxs Suraxanı Rayon Məhkəməsinin 2(010)-6236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinədək bu borc tələbi notariusun icra qeydi əsasında olmuş, borc ödənilmədiyindən həmin icra qeydinin mübahisələndirilməsi nəticəsində hazırki məhkəmə qərarı çıxmışdır. Borclunun faktiki olaraq işləməsinə və gündəlik 30 manatadək gəlirinin olmasına baxmayaraq o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6236/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə heç bir ödəniş həyata keçirməmişdir. xx.xx.2021-ci il tarixdə borclu Şəxs saxlanılaraq şöbəyə təhvil verilmiş, borclunun izahatı alınmışdır. Borclu Şəxs çağırışlara gəlməkdən yayınması səbəbi öyrənilərkən o xəstə olduğunu əsas gətirmiş, lakin mövcud borclarını dərhal ödəmək təklif edildikdə o, təzə avtomobil təmiri sexini icarəyə götürdüyünü qeyd edərək hər ay ödəyəcəyini bildirmiş, bununla bağlı hissə-hissə ödəmə barədə qərarın olmadığı onun nəzərinə çatdırılmışdır. Borclu Şəxs icra sənədinin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq qeyd olunan icra sənədi üzrə borcu ödəməkdən yayınmış, görülən məcburi icra tədbirlərindən heç bir nəticə çıxarmamış, borcu ödəməməklə icra məmurunun qanuni tələblərini icra etməmiş, icra məmurunun çağırışlarına gəlməkdən boyun qaçırmış, bununla da bu hərəkətlər onun qərəzli olduğunu göstərməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunması üçün kifayət qədər əsaslar yaratmışdır. X1 işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu ilə razılığa gəliblər. Belə ki, borcun bir hissəsi artıq ödənilmiş, qalan 1600 manat məbləğində borc isə ona hər ay 100 manat olmaqla ödəniləcək. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu hazırda ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah edir. Bununla yanaşı, icra sənədinin icrasından yayınmır. Belə ki, tələbkarla razılığa gəlmiş, borcunun bir hissəsini artıq ödəmiş, qalan hissəsini isə ödəyəcək. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibinin obyektiv cəhətdən yaranması üçün onun müvafiq hərəkəti (hərəkətsizliyi) hər bir halda üzrsüz olmalıdır. Qeyd olunur ki, icra məmuru borclunun müvafiq borc məbləğini hazırda tam ödəmək iqtidarında olduğunu və buna baxmayaraq ödəmədiyini, yəni borcun ödənilməsinin gecikdirilməsinin (tam ödənilməməsinin) üzrsüz səbəbdən baş verdiyini sübuta yetirə bilməmişdir. Beləliklə, icra məmuru barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində İXM-nin 528.1-ci maddəsinin obyektiv cəhətinin mövcudluğunu da sübuta yetirə bilməyib. Göstərilənləri və işin digər faktik hallarını məcmu şəkildə nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar