Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-511/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 İmamverdi oğlunın sədrliyi, Məhkəmə iclas katibi X5 qızının katibliyi, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən təqdim olunmuş 30 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 30 yanvar 2025-ci il tarixdə, Şəxs Zığ qəsəbəsində Bakı Busun yaxınlığında ictimai yerdə ünvansız söyüş söyərək, xırda xuliqanlıq yaratmış və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərdi ki, Şəxs "xxxx" yaxınlığında ictimai qaydanı pozduğu üçün inzibati ərazi xidmət orqanının əməkdaşları yaxınlaşaraq şöbəyə çağırılması barədə xəbərdarlıq edilmiş, şəxs də şöbəyə gəlməkdən imtina edərək müqavimət göstərmiş, tabesizlik etmişdir. Növbəti dəfə şöbəyə yenidən çağırılmış, növbətçi hissədə olanda oranın iş rejimini pozmuş, səs-küy yaratmışdır. Nəticədə polisin qanuni tələblərinə tabe olmayaraq inzibati xətanı törətmişdir. Şəxs barəsində qanunla müəyyən olunmuş tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs özünü təqsirli bilməyərək izahatında bildirdi ki, o, 21 nömrəli marşrut xətti üzrə "xxxx" MMC-də sürücü işləyir. 1 həftə əvvəl onun idarə etdiyi avtobusda digər sürücü olan şəxs ilə qadın müştəri arasında mübahisə baş verib. Həmin hadisədən sonra neçə gündür ki, "xxxx" əməkdaşları onu axtarır, ona da onlardan başqa kimsə zəng etməyib. Srağagün ona zəng edərək bugün üçün "xxxx"da olmağını bildirdilər. Digər sürücü kamerada görünüb, şəkli də var. Ondan onun kim olduğunu deməyini istəyirlər, o isə onu tanımır, "xxxx" işçiləri özləri həmin şəxsi tapmalıdırlar. "xxxx" polislərə onun barəsində məlumat verib, avtobus nömrəsi ilə onu tapıblar. Ona seçki günü növbədə olmadığı üçün bugün səhər saatlarında "xxxx"da olmağını bildirdilər. Səhər saat 09:46-da ona 3-cü qaraja getməyinə dair zəng elədilər, biraz sonra isə 1-ci qaraja getməyini, ora çatanda hara getmək lazımdı deyəcəyini bildirdi. O da özündən arxayın olduğu üçün getdi, orada maşın qapısı açıldı, mayor oturmuşdu, onun qolunu buraraq telefonu almağa çalışdılar. O ilk əvvəl telefonu vermək istəmədi, sonra söndürüb verməyini istədilər. O orada nə söyüş söymüş, nə də təpiklə qapını vurmuşdur. Onun kimləsə ədavəti yoxdur. Onun qolunu buraraq bölməyə apardılar, 3 saat orada qalmışdır. Hələ də onu bölməyə niyə apardıqlarını bilmir, bura gəldikdə müqavimət göstərdiyini deyirlər. "xxxx"ın qarşısında hər yerdə kameralar var, o heç yerdə söyüş söyməmişdir, müqavimət göstərməmişdir. Onun haqqında şikayət yoxdur, niyə aparılıb bilmir, bölmədə ona hadisənin necə olduğunu yaz dedilər, o da hazırda verdiyi ifadəni orada yazılı olaraq bildirmişdir. 1 ildir ki, işləyir, 1166 manat əmək haqqı alır, rəsmi işçidir. Kiməsə qarşı nalayiq ifadə işlətməmiş, kiminsə ünvanına xoşagəlməz ifadələr işlətməmişdir. O təhlükə törətməmiş, qəza etməmişdir, heç "xxxx" özü belə onu bu 1 il ərzində görməyib. Onun kimləsə mübahisəsi olsa evimdəkilər bunu bilərdi. O günorta 2-də işə başlayır, gecə 9-10-11-də evə gəlir. Kiminsə ünvanına nəsə ifadə işlətməmişdir. Ona bəraət qazandırılmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir, ona görə də o, həmin maddələr ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə Şəxs özünü təqsirli bilməməsi barədə verdiyi izahatına tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 30 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 30 yanvar 2025-ci il tarixdə, Şəxs Zığ qəsəbəsində Bakı Busun yaxınlığında ictimai yerdə ünvansız söyüş söyərək, xırda xuliqanlıq yaratmış və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından müəyyən olunur ki, Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan 30 yanvar 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 11:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 30 yanvar 2025-ci il tarixdən saat 11:45dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən hakim: Samir Əliyev
Məhkəmə qərarları › İş №3(010)-511/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-511/2025
30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver