Məhkəmə qərarları › İş №3(010)-5157/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5157/2022

02.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5157/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 may 2022-ci il tarixli İD********** nömrəli müraciət əsasında ölkəyə idxal etdiyi mineral su məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan 19 oktyabr 2022-ci ildə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq Savxozu yaşayış sahəsi, Hövsan Ticarət Mərkəzində satmışdır. Buna görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 02 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməyinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə görə hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işə baxılmasının yeri və müddətinin Şəxsnə vaxtında bildirilməsi barədə məlumat olduğunu və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmadığını nəzərə alaraq işə Şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Şəxs idxal etdiyi mineral su məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 12 may 2022-ci il tarixli İD********** nömrəli müraciət etmişdir. Müraciət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”na və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada icraya götürülmüşdür. Müraciətin izlənilməsi məqsədilə qeyd olunan müraciət üzrə məhsul partiyasının ölkəyə idxal olunub-olunmaması ilə bağlı gömrük orqanına sorğu göndərilmiş və nəticədə məhsul partiyasının ölkəyə idxal olunduğu müəyyən olunmuşdur. İdxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi haqqında 12 may 2022-ci il tarixli İD********** nömrəli müraciət müraciətdən görünür ki, Şəxs Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən ölkəyə idxal etdiyi mineral su məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin hüquqi şəxs Şəxsnə ünvanladığı 12 və 24 oktyabr 2022-ci il tarixli məktublardan görünür ki, sözügedən məhsul partiyaları barədə Agentliyin Bakı regional bölməsinə 19 oktyabr 2022-ci il tarixədək məlumat verilməsi istənilsə də, lakin hal-hazırkı dövrə qədər Şəxs tərəfindən bu barədə regional bölməyə məlumat verilmədiyi cəmiyyətin nəzərinə çatdırılaraq, məktubda qeyd olunan müddət ərzində orqana məlumat verilmədiyi təqdirdə məsələnin məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və cəmiyyət barəsində inzibati icraata başlanacağı barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mövqeyini əsaslı hesab edir və qeyd edir ki, Şəxs idxal etdiyi mineral su məhsullarının qida təhlükəsizliyi sertifikatı olmadan satışını həyata keçirmişdir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 3 nömrəli əlavəsinə əsasən qida təhlükəsizliyi sertifikatı sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına aid edilmişdir. “Yeyinti məhsulları haqqında” qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi sertifikatına malik olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0, 447.0.4-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hüquqi şəxs qismində İXM-in 447.0.4-cü maddəsi ilə təqsirli bilinməli və ona inzibati tənbeh olaraq cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 4.000 (dörd min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar