Məhkəmə qərarları › İş №3(010)-5157/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5157/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5157/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, X1 iştirakları ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, əlilliyi olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 24, ailəvi yataqxanada qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində Aynur adlı qadına qarşı küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 06 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, X3 izahatında bildirdi ki, Şəxs qardaşı X6 ilə birlikdə 06 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində olan parkda Aynur adlı qadına qarşı küçə söyüşləri söymüşlər, ona məxsus mobil telefonunu sındıraraq xırda xuliqanlıq etmişlər. Buna görə də, Şəxs və X4 barələrində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:40 radəsində Hövsan qəsəbəsində parkda əvvəllər onun arxasınca düşmələrindən şübhələnmiş 2 nəfər tanımadığı şəxsin yenidən arxasınca düşməsini görmüş həmin şəxslərə yaxınlaşmış, aralarında əl-qol hərəkətləri olduğundan əlində olan telefonu yerə düşərək sınmışdır. Bu 2 şəxsin dəfələrlə onun arxasınca düşdüklərini bildirmişdir. Hadisə zamanı X6 onları aralamağa çalışmışdır. Zaman Zamanov tərəfindən ona qarşı xırda xuliqanlıq hərəkətləri edilməmiş, həmin hərəkətlər Şəxs tərəfindən edilmiş və souncu onun mobil telefonunu polisə zəng etməmək üçün alıb sındırmışdır. Ona görə də Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təxminən 15-20 gün bundan əvvəl qardaşı Zamanov Zaman ilə birlikdə Hövsan qəsəbəsində parkda gəzən zaman tanımadıqları çarşablı bir qadın onları telefon vasitəsi ilə videoya çəkmiş həmin qadına fikir verməyib çıxıb getmişlər. 1 həftə sonra Hövsan qəsəbəsində parkda olan zaman həmin çarşablı qadın ona yaxınlaşaraq onun yaxasından tutmuş, onu yüksək səs tonu ilə söyüş söyərək əli ilə onun üz nahiyyəsinə xəsarət yetirmişdir. Həmin an qardaşı onları aralamaq istəyən zaman qadının mobil telefonu əlindən yerə düşərək sınmışdır. Hadisə zamanı özü üzündən xəsarət almışdır. Sonda Şəxs heç bir xuliqanlıq hərəkəti etmədiyini bildirərək qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X6 izahatında bildirdi ki, bir neçə gün əvvəl qardaşı Şəxs ilə Hövsan qəsəbəsində parkdan keçən zaman tanımadıqları çarşablı bir qadın onları telefon vasitəsi ilə videoya çəkmiş, həmin qadına fikir verməyib çıxıb getmişlər. Bir neçə gün sonra Hövsan qəsəbəsində parkda olan zaman həmin çarşablı qadın onlara yaxınlaşaraq qardaşı Rüfətin yaxasından tutmuş, onu yüksək səs tonu ilə söyüş söyərək, onun arxasınca düşməsini əsas gətirib əli ilə onun üz nahiyyəsinə xəsarət yetirmişdir. Həmin an onları aralamaq istəyən zaman qadının mobil telefonu əlindən yerə düşərək sınmışdır. Hadisə zamanı qardaşı Şəxs üzündən xəsarət almışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri kifayət qədər sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 510cu maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları və əvvəllər məhkum olunmamasını, əvvəllər İXM-nin 510-cu maddəsi ilə barəsində inzibati tənbehin verilməməsini, tərəflər arasında barışığın olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 25-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını və Şəxs ilk dəfə bu maddə ilə əməl törətməsini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiqi kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx xxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 24, ailəvi yataqxanada qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar