Məhkəmə qərarları › İş №3(010)-5166/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5166/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5166/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X7 iştirakı ilə, X6 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşı tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. X11 şikayətlə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən barəsində qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. X11 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi (bundan sonra “İnzibati orqan” adlandırılacaqdır) rəisi X16 "xxxx" MMC-nin direktoru X11 (bundan sonra “Şikayət edən” adlandırılacaqdır), “X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “GLOBAL TRANSACTİON’’ MMC tərəfindən işlərin (xidmətlərin) yerinəyetirilməsinə cəlb edilməsinə görə’’ MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola (bundan sonra “Protokol” adlandırılacaqdır) əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair 4000 (dörd min) manat məbləğində cərimə edilməsi haqqında 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar (bundan sonra “Qərar” adlandırılacaqdır) qəbul etmişdir. Hesab edir ki, qərar qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edildiyindən, İnzibati orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasından, İnzibati orqanın gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasından, İnzibati orqan tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsindən, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməməsindən, tətbiq edilmiş tənbehin bu İnzibati Xətalar Məcəlləsinin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmadığından onun haqqında qərara xitam verilməlidir. Ehtimal olunan inzibati xəta 17 aprel 2023-cu il tarixdə, yəni şikayətçinin əmək müqaviləsi portala yerləşdirildiyi günə kimi baş verilib. İnzibati tənbeh vermə barədə qərar isə 09 oktyabr 2023-cü il tarixində verilib, yəni inzibati xətanın baş verdiyi tarixdən 6 (altı) ay 13 (on üç) gün sonra verilib . Qeyd olunanlardan əlavə bildirmək istəyir ki, inzibati təhbeh vermə haqqında qərar inzibati xətanı törətməyən şəxsə tətbiq edilə bilməz. Belə ki, X2nun Əmək müqaviləsi xx.xx.2023-cü il tarixində ƏMAS sistemində tərtib edilərək, çap edilərək İşçi və İşəgötürən tərəfindən imzalanmışdır. Lakin, Əmək Müqavilələrinin ƏMAS sisteminə daxil olması üzrə məsul şəxs təyin edilən "xxxx" MMC-nin mühasibi X1 yaranmış ciddi problemlə əlaqədar və X5 öz hesabına məzuniyyət verildiyindən X8 Əmək müqaviləsinin ƏMAS sisteminə daxil olmasına baxmayaraq, ASAN imza ilə imzalanması mümkün olmamışdır. 05 yanvar 2023-cü il tarixli 1 №-li Əmr (qoşma kimi əlavə edilmişdir) əsasında “05” yanvar 2023-cü il tarixindən etibarən Cəmiyyətin mühasibi X3 müqaviləsinin bağlanılması, dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi, əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması üzrə məsul şəxs təyin edilmişdir. Göründüyü kimi, ehtimal olunan xətanın törədən şəxs, "xxxx" MMC-nin mühasibi X9 olmasına baxmayaraq inzibati təhbeh vermə haqqında qərar inzibati xətanı törətməyən şəxsə, yəni "xxxx" MMC-nin Direktoru ona tətbiq edilmişdir. İnzibati xəta haqqında protokolda da məhz onun tərəfindən müvafiq sənədlərin təqdim edildiyi bildirilsə də, inzibati icraat qaydasında müvafiq araşdırma aparılmayıb və nəticədə təqsiri olmayan şəxs inzibati məsuliyyətə cəlb edilərək barəsində intizam təhbehi vermə haqqında qərar qəbul edilmişdir.Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin (bundan sonra “İnzibati orqan” adlandırılacaqdır) əmək müfəttişi X10 "xxxx" MMC tərəfindən “X2 xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən "xxxx" MMC tərəfindən işlərin (xidmətlərin) yerinə yetirlməsinə cəlb edilməsini” güman edərək 26 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol (bundan sonra “Protokol” adlandırılacaqdır) tərtib edərək iş materiallarını baxılması üçün Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, eyni əmələ görə həm vəzifəli şəxs olaraq, həm də hüquqi şəxsin təmsilçisi olaraq protokol tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmadığından, ümumiyyətlə əməldə heç bir inzibati xəta tərkibi, inzibati xəta hadisəsi olmadığından və həmçinin tərtib olunan protokollarda İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulduğundan, aidiyyəti olmayan şəxsə dair inzibati xətaya dair protokol tərtib edildiyndən və aidiyyəti olmayan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyindən qərar ləğv olunmalı və inzibati icraata xitam verilməlidir. Məhkəmə iclasında X11 şikayətin məzmuna uyğun izahat verərək şikayətinin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi X12 məhkəmədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın dəyişdirilmədən, X6 şikayətinin isə təmin edilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarında qeyd edilən inzibati xətanın X11 tərəfindən törədilməsi iş materiallarında olan sənədlər, səlahiyyətli orqanın nümayəndəsinin izahatı və inzibati qərar əsasında X6 törədilmiş inzibati xətada təqsirli bilinməsinin qanuniliyi mübahisə doğurmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 61.1 və 61.1.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ var. İşdə olan mövcud sübutlardan göründüyü kimi X6 əməlində inzibati xəta hadisəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin əməkdaşı tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 26 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmiş, həmin protokol əsasında isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla X11 qeyd edilən inzibati xətanın törədilməsində təqsirli bilinərək, 4.000 manat məbləğində inzibati cərimə edilmişdir. Bununla da inzibati xəta haqqında işə məhkəmədə baxıldığı zaman müəyyən edilmişdir ki, inzibati xəta haqqında qərar qanun əsasında və səlahiyyətli orqanın vəzifəli şəxsi tərəfindən qəbul edilmiş, X6 inzibati məsuliyyətə cəlb edilməsinin qaydalarına əməl edilmiş, habelə X11 qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati xəta törətmişdir və o, bu xətanın törədilməsində təqsirkardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan olunmuş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.1-134.1.5-ci maddələrinə əsasən əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında, şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 09 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar