Məhkəmə qərarları › İş №3(010)-5175/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5175/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5175/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin 27 oktyabr 2022-ci il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə tərtib edilmiş 24 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərmişdir. 24 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, Şəxs, 24 oktyabr 2023-cü il tarixdə, saat 06:48-də “BMW 328i minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Suraxanı rayon, İ.Musayev küçəsində hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən sərxoşluq vəziyyəti ACE-Z markalı İN-642042 nömrəli alkotesterlə yoxlanıldıqda qanında alkoqolun konsentrasiyasının 0.325 promilli olduğu, bununla da Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi müəyyən edilmişdir. Buna görə də Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinin yol patrul xidməti inspektoru X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında 24 oktyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, məhkəmənin Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 333cü maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısının 2 və 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.5, 329 – 331, 332.1 – 332.3, 338.1 – 338.6, 339.1 (fiziki şəxslər barədə), 342.1.1 – 342.1.8, 342.1.11, 342.2, 342.5 – 342.7, 344, 356.1, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində (foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar istisna olmaqla), habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10-cu, 346-cı və 346-1.2 – 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göründüyü kimi hazırki iş üzrə törədilmiş inzibati xətalardan biri, yəni Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digəri isə yəni Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3nin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş Baş X3 İdarəsinin, X3 idarələrinin, ərazi polis orqanlarının X3 şöbələrinin, bölmələrinin, qruplarının səlahiyyətinə aiddir. İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokoldan və ona əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli, 642049 nömrəli test göstəricisindən görünür ki, 24 oktyabr 2023-cü il tarixdə, saat 06:48-də, “BMW 328i minik” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs spirtli içki qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İXM-nin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı, İN-642042 nömrəli xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etdiyi, qanında alkoqolun konsentrasiyasının 0.325 promilli olduğu müəyyən olunmuşdur. Şəxs həmin protokolda öz imzası ilə spirtli içki qəbul etdiyini və bir daha spirtli içki qəbul edib avtomobili idarə etməyəcəyini qeyd etmişdir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutla Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün olaraq, tövsif olunmuşdur. Belə olan halda Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını, Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə isə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə Şəxs əməlinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında material Bakı şəhər Baş Polis İdarəsi X3 İdarəsinə göndərilsin. AC seriyalı, 357775 saylı sürücülük vəsiqəsi Şəxs qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar