Məhkəmə qərarları › İş №3(010)-5186/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5186/2024

08.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5186/2024 08.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Almuradov Ülvi Ramiz oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X2 və X1, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, 3-cü məhəllədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 07 noyabr 2024-cü il tarixdə saat 12.30 radəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində keçidin yaxınlığında Aynur adlı şəxsə qarşı xırda xuliqanlıq etmişdir. Buna görə də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 07 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs tənbeh növünün tətbiqi məhkəmənin səlahiyyətində olduğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə inspektoru X6 izahatında göstərdi ki, 07 noyabr 2024-cü il tarixdə saat 12.30 radələrində Şəxs Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsində keçidin yaxınlığında Aynur adlı şəxsə qarşı xırda xuliqanlıq etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında protokol tərtib etmişdir. Bildirir ki, şəxs mütəmadi olaraq X4 narahat edir və onun barəsində yalan məlumatlar yayır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Şaiqlə tanış olduqdan sonra onun davranışlarının və düşüncələrinin normal olmadığını gördükdən sonra ailə qurmaq fikrindən dönmüşdür. Özünə normal şəkildə bildirsə də, lakin Şaiq mütəmadi onu narahat etməkdə davam etmişdir, həm onun iş yerinə, həm də anasının iş yerinə gedərək onun barəsində nalayiq, yalan ifadələr bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirdi ki, qızı ilə Şaiq tanış olduqdan sonra münasibətləri baş tutmamışdır. Bundan sonra Şaiq onun iş yerinə, eləcə də evlərinin önünə gələrək qızı barəsində nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, zərərçəkmiş şəxslərin bildirdikləri yalandır. O, Aynurla tanış olduqdan sonra mütəmadi olaraq onunla görüşmüşdür, lakin sonradan Aynurun normal olmayan hərəkətlərini görmüş və bundan sonra öz ailəsinə ailə qurmaq fikrinin olmadığını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs əməlində inzibati xəta tərkəbininin əlamətləri müəyən edilmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Hazırki işin araşadırılan hallarında barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əməlində xırda xuliqanlıq kimi tövsif edilə biləcək ictimai qaydanı pozan hərəkətlərin olması müəyyən edilmir. Yəni AR İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri mövcud deyildir. Belə olan halda məkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş protokol əsasında inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar