Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5200/2024 18.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Muradov Pərviz Namiq oğlunun sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon Polis İdarəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün 14 noyabr 2024-cü il tarixdə Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, həmin inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli EQ 22529036 nömrəli elektron qərardan görünür ki, Şəxs həmin tarixdə “BMW X-5 MİNİK” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə 20 manat məbləğində cərimə olunmuş, lakin iş materiallarında olan fotoşəkildən görünür ki, cərimənin qeydə alındığı ərazidə yol nişanı olsa da həmin nişan fotoşəkildə aydın görünmədiyindən hansı nişan olması dəqiq müəyyən edilməmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 64-cü maddəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İİ. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. İİİ. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. İV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarından 3.2, 3.28—3.30-un qüvvəsi— Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə şamil edilmir. 3.2 hərəkət qadağandır, 3.28 durmaq qadağandır, 3.29 ayın tək günlərində durmaq qadğandır, 3.30 isə ayın cüt günlərində durmaq qadağandır. Göründüyü kimi əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə dayanmaq qadağandır nişanı şamil oluna bilsə də durmaq qadağandır yol nişanının qüvvəsi şamil olunmur. Hazırki iş üzrə protokoldan isə yol nişanının hansı məzmunlu olması görünmür. Həmçinin protokolda şəxs tərəfindən dayanma yoxa durma qaydasının pozulması halı konkretləşdirilməmişdir. 085508 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs 2-ci qrup əlildir. Həmçinin materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs məxsus ** DL *** dövlət qeydiyyat nişanlı avtomobilin alın şüşəsində əlil tanınma nişanı yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.8, 333, 333-1, 342.8, 343 və 343-1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, nəqliyyat vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2-346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən İXM-nin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göründüyü kimi inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxs üzərinə düşən sübutetmə vəzifəsini də lazımı qaydada icra etməyib. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Suraxanı rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5200/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5200/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver