Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-521/2022 26.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim edilmiş 15 mart 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, «Şəxs MMC 20.000,00 ABŞ dolları məbləğində vəsaiti 04.02.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 20.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 05.02.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir». Şəxs MMC-nin nümayəndəsi X2 işin məhkəmə baxışı inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq bildirmişdir ki, 20.000,00 ABŞ dolları müqabilində əldə edilmiş mallar 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasına idxal olunmuşdur. Bu hal 21 aprel 2022-ci il tarixli gömrük bəyannaməsi ilə təsdiq olunur. Malların ölkəyə 05 fevral 2022-ci il tarixindən sonrakı dövrdə, yəni ödəniş tarixindən 02 il keçdikdən sonra idxal olunmasının səbəbi isə Şəxs MMC-nin hər hansı təqsiri ilə bağlı deyil. Belə ki, malların Azərbaycana göndərilməsini müqaviləyə əsasən «X4 ve Dış Tic. LTD. ŞTİ.» həyata keçirməli idi. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar həmin şirkət malların Azərbaycan Respublikasına göndərilməsini vaxtlı-vaxtında həyata keçirə bilməyib. Nümayəndə göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş 04 fevral 2020-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 20.000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödəniş tapşırığında proforma invoysun nömrəsi kimi 0024 göstərilib. İş materiallarına 04 fevral 2020-ci il tarixli 0024 nömrəli proforma invoys əlavə edilib. Həmin sənəddə müvafiq malın Şəxs MMC-yə (Azərbaycan Respublikasına) «X4 ve Dış Tic. LTD. ŞTİ.» tərəfindən göndərilməli olduğu qeyd edilib. Şəxs MMC-nin məhkəməyə təqdim etdiyi gömrük bəyannaməsindən görünür ki, 04 fevral 2020-ci il tarixli 0024 nömrəli proforma invoysla (və s. invoysla) göndərilməli olan 20.455,90 ABŞ dolları dəyərində mal 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasına idxal olunmuşdur. «X4 ve Dış Tic. LTD. ŞTİ.»nin məktubundan görünür ki, 04 fevral 2020-ci il tarixli 0024 nömrəli proforma invoys əsasında Azərbaycan Respublikasına idxal edilməli malın gecikməsi səbəbi COVİD-19 pandemiyası ilə əlaqəli olmuş, həmin mal Azərbaycan Respublikasına 21 aprel 2022-ci ildə idxal olunmuşdur. Beləliklə, işin faktik halları ilə müəyyən olunur ki, Şəxs MMC tərəfindən 04 fevral 2020-ci ildə avans yolu ilə ödənilmiş 20.000,00 ABŞ dolları müqabilində mallar 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasına idxal olunmuşdur. Malların idxalının 04 fevral 2022-ci il tarixindən sonrakı dövrdə (02 ildən sonra) baş verməsinin səbəbi isə Şəxs MMC-nin hər hansı təqsiri ilə bağlı deyil. Belə ki, həmin malların idxalı COVİD-19 pandemiyası səbəbindən «X4 ve Dış Tic. LTD. ŞTİ.» tərəfindən gecikdirilib. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən «Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur». Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur». Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməlin yalnız qəsdən törədilə biləcəyini, Şəxs MMC-nin təsvir olunan əməlində qəsd əlamətlərinin olmadığını (yuxarıda qeyd edildiyi kimi malların Azərbaycan Respublikasının ərazisinə idxalı COVİD-19 pandemiyası səbəbindən «X4 ve Dış Tic. LTD. ŞTİ.» tərəfindən gecikdirilib) və işin s. faktik hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin tərkibi mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: 15 mart 2022-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(010)-521/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-521/2022
26.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver