Məhkəmə qərarları › İş №3(010)-5215/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5215/2022

11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5215/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Tovuz rayonunun Donqar Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Aşağı Quşçu ərazi dairəsi, Aşağı Quşçu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib etdiyi inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin polis mayoru X1 tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi ərazisində ictimai qaydanı pozaraq, nalayiq ifadələr işlədərək, xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, təxminən 1 aydır ki, “Toyota Prius” markalı, **-FK-*** dövlət qeydiyyat nişanlı avtomobillə etibarnamə əsasında taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Qala qəsəbəsindən müştəri götürərək, Yeni Günəşli ərazisinə gəlmişdir. Yolun avtomobillər üçün nəzərdə tutulmuş hərəkət hissəsində düz xətti keçdiyinə görə Yol Patrul Xidməti əməkdaşları onu saxlamış, barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. O, sonunculardan özlərini təqdim etməsini xahiş etmiş, Yol Patrul Xidmətinin əməkdaşları isə polis olduqlarını demiş, özlərini təqdim etməmişlər. Bu zaman o, reydə dair sərəncam sənədini tələb etmiş, yol polis əməkdaşları isə ona heç bir sənəd göstərməyəcəklərini bildirmişlər. O, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etmişdir. Bu səbəbdən, polis əməkdaşları onu qanunsuz və əsassız olaraq saxlamışlar və barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişlər. O, bir gündür ki, qanunsuz olaraq polis bölməsində saxlanılır. O, polis əməkdaşlarına və digər şəxslərə qarşı heç bir təhqir və nalayiq ifadə işlətməmişdir, heç bir ictimai qaydanı pozmamışdır, sadəcə olaraq, öz hüquqlarından istifadə edərək, polis əməkdaşlarından özlərini təqdim etməsini və reydə dair sərəncam sənədinin təqdim edilməsini tələb etmişdir. Qeyd olunanlara əsasən, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində AR İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Məhkəmə aşağıdakılara əsasən bu qənaətə gəlmişdir. Məhkəmə iclasınla izahat vermiş Şəxs ona istinad edilən inzibati xətanı törətmədiyini, hər hansı ictimai qaydanın pozulmadığını bildirmişdir. Məhkəmə nəzərə alır ki, AR İXM-in 510-cu maddəsinin dispozisiyasına əsasən ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilir və inzibati məsuliyyətə səbəb olur. Beləliklə, qeyd olunan hüquq normasının tələblərinə əsasən inzibati xəta tərkibinin yaranması üçün aşağıdakı meyarlar olmalıdır: 1) barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hüquq pozuntusuna yol verməlidir; 2) bu zaman hüquqpozmanın subyekti ictimai qaydanı pozmalıdır və ya; 3) fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməlidir. Məhkəmə, qeyd olunan hüquq normasının əsaslarını şərh etməyi zəruri hesab edir. Bunun üçün, ilk növbədə, ictimai qayda və hüquq qaydaları anlayılarına, onların əsaslarını sarsıdan hüquq pozuntusu, inzibati hüquq pozuntusunun tərkibi və elementləri, ictimai qaydanın və hüquq qaydasının mühafizəsinin təmin edilməsində polis əməkdaşlarının vəzifələrinin həddləri, polis əməkdaşlarının tələblərinin qanuni əsasları kimi anlayışlara aydınlıq gətirmək zərurəti vardır. Məhkəmə təcrübəsində ictimai qayda və hüquq qaydası anlayışları bir çox hallarda fərqləndirilmir ki, bu da nəticə etibari əmələ hüquqi qiymət verilməsində səhvlərə yol açır. İctimai qayda – qüvvədə olan qanunvericiliklə, adətlərlə və ənənələrlə, həmçinin mənəvi normalarla tənzimlənən, cəmiyyətdə insanlar arasında formalaşmış münasibətlər sistemi, qarşılıqlı davranış və birgəyaşayış qaydalarıdır. İctimai qayda bütün sosial norma və prinsiplərin realizə olunmasına əsaslanan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Hüquq qaydası- konkret hüquq normalarının praktiki realizə edilməsi nəticəsində yaranan ictimai münasibətlərin tənzimlənmiş vəziyyətidir. Bir tərəfdən onu hüquqi tənzimlənmənin məqsədi, yəni qanunvericinin müəyyən qaydaların bərqərar olmasına yönəlmiş fəaliyyəti kimi qəbul etmək olar. Bu halda o, realizə olunmuş qanunçuluq statusuna malik olur. Digər tərəfdən isə hüquq qaydasını hüquqi tənzimləmənin nəticəsi kimi qəbul etmək olar. Bu halda o, hüquqla ictimai münasibətlərin faktiki olaraq tənzimlənmiş vəziyyəti kimi çıxış edir. Dövlət hüquq qaydasının həm vacib elementi, həm zəruri şərti, həmdəki qarantıdır. Beləliklə, hüquq qaydası hüququn və hakimiyyətinin vəhdəti, onların qarşılıqlı təsirinin nəticəsidir. Bu elə bir qaydadır ki, onda ictimai, siyasi və dövlət həyatının subyektlərinin hüquqi vəziyyəti və qarşılıqlı ünsiyyəti qəti olaraq qanunlarla müəyyən edilir və dövlət hakimiyyəti tərəfindən qorunur. İctimai qaydanın və hüquq qaydasının fərqli sosial-normativ əsasları və təmin olunması qaydaları vardır. Belə ki, ictimai qaydanın bərqərar olunması üçün bütün sosial normaların (mənəviyyat normalarının, adətlərin, dini normaların) vəhdəti tələb olunduğu halda, hüquq qaydası hüququn və qanunçuluğun vasitəsilə bərqərar olur. İctimai qayda bütün cəmiyyət tərəfindən təmin olunduğu halda, hüquq qaydası dövlətin məcburi gücü vasitəsilə təmin olunur. Hüquq pozuntusu - şəxsin dövlətə, cəmiyyətə və digər şəxslərə qarşı təqsirkar, qanunazidd fəaliyyəti ilə (fəaliyyətsizliyi ilə) zərər yetirmək kimi müəyyən edilir. Hüquq pozuntusu ictimai təhlükəliyi ilə səciyyələnir. İnzibati xəta hüquq pozuntu olaraq qanunda nəzərdə tutulan ictimai-təhlükəli əməldir. O, ümumi-məcburi normaların pozulması nəticəsində yaranır. İnzibati xətanın əlamətləri və xüsusiyyətləri xətanın tərkibini təşkil edən elementlərin təhlili əsasında müəyyən edilir. İnzibati hüquq pozuntusunun tərkibi - bu, hər bir hüquq pozuntusunu əks etdirən, onun ən ümumi, tipik və əhəmiyyətli əlamətlər sistemidir, yəni bütün hüquq pozuntularına şamil edilən, hüququ pozan şəxsi hüquqi məsuliyyətə cəlb etmək üçün səbəb olan, hüquq pozuntusunun əlamətlər sistemidir, harada ki, heç olmasa birinin yoxluğuna görə, şəxs məsuliyyətə cəlb oluna bilməz. Hər bir hüquq pozuntusunun mütləq elementləri aşağıdakılardır: hüquq pozuntusunun obyekti; hüquq pozuntusunun obyektiv tərəfi; hüquq pozuntusunun subyekti; və hüquq pozuntusunun subyektiv tərəfi. İnzibati hüquq pozuntusunun obyekti - bu, qanun tərəfindən nizamlanan və qorunan pozulmuş ictimai münasibətlərdir; İnzibati hüquq pozuntusunun obyektiv tərəfi - bu, hüquq pozuntusuna səbəb olan fəaliyyətdir (qanuna zidd hərəkət və ya hərəkətsizlikdir); İnzibati hüquq pozuntusunun subyekti - bu, hüquq pozuntusunu törətmiş tərəfdir (qanunun müəyyən etdiyi yaş həddinə çatmış və əqli sağlam şəxs, və ya hüquqi şəxs); İnzibati hüquq pozuntusunun subyektiv tərəfi – bu, insanın törətdiyi hüquq pozuntusuna intellektual (zehni) münasibətidir. Göstərilən elementlər vahid konteksdə mövcud olmalı və onların birinin mövcud olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Məhkəmə, ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan inzibati xətanın subyekti tərəfindən ictimai qaydanın pozulmasına və ya onun tərəfindən fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin etməsinə dair heç bir sübut təqdim etməmişdir, inzibati xəta haqqında protokolda ümumi sözlərlə bu hərəkətlərin mövcud olmasını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə, işin faktiki hallarını araşırarkən bu nəticəyə gəlmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs tərəfindən ictimai qaydanın yuxarına qeyd olunan elementləri pozulmamışdır. Onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ictimai qaydanın pozulması kimi deyil, müvafiq qaydaların pozulması kimi kimi qiymətləndirilə bilər və ona qarşı hüquq sanksiyasının tətbiqi üçün əsas ola bilər. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin dispozisiyasının vacib elementi olan ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlər mövcud deyildir. Məhkəmə bu nəticəyə gəlir ki, Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati hüquq pozuntusunun elementlərindən olan pozuntunun obyekti (bu maddə ilə qorunan ictimai münasibətlər), obyektiv tərəfi (maddədə göstərilən hüquq pozuntusuna səbəb olan fəaliyyət) və subyektiv tərəfi (şəxsin öz hərəkətlərinə dair zehni münasibəti) müəyyən olunmadığından, o, qeyd olunan maddə ilə təqsirli sayıla bilməz və onun barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərb.Res-sı İXM-nin 43-48, 106-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs hərəkətlərində AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından, onun barəsində olan inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar