Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5224/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X2, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin məsləhətçi-müfəttişi X4 tərəfindən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 22 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, neftin hasilatı zamanı əmələ gələn lay sularının zərərsizləşdirilmədən Hövsan kanalı vasitəsilə Xəzər dənizinə və Hövsan qəsəbəsi ərazisində yerləşən 7-ci qovşaq adlanan sahədə birbaşa dənizə axıdıldığı müəyyən edilmişdir. Nəticədə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 protokolu müdafiə edərək, bildirdi ki, Ədliyyə Nazirliyinə müraciət edilərək çıxarış alınmış və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yoxlama aparılmışdır. Bununla bağlı əməkdaşları tərəfindən Suraxanı əməliyyat şirkətində araşdırma aparılıb və araşdırma zamanı orada qanun pozuntuları aşkar olunmuşdur. Neftin çıxarılması zamanı lay sularının heç bir təmizləmə olmadan, qurğudan keçmədən, ətraf ərazilərə, eyni zamanda dənizə axıdılma faktı aşkar olunmuş və inzibati protokol tərtib edilmiş və aiddiyatı üzrə Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X5 izahatında bildirdi ki, son dövrlərdə dövlər rəhbərliyinin qərarına əsasən, özəl müəsissələrdə yoxlamaların keçirilməsinin qadağan edilməsi hissəsi müəyyən müddət uzadılıb və buna görə də adətən neft şirkəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə xüsusi cədvəl tərtib edir ki, müəssisələrə monitorinq üçün gedərkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə neft şirkətinin nümayəndələri bir yerdə getsinlər, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nümayəndələri vətəndaşın şikayət məktubunu rəhbər tutaraq, gəlib və yoxlama aparıb, akt və protokol tərtib ediblər. Bu akt və protokoldan narazı olmaqlarına səbəb isə şikayətdə deyilənləri təsdiqləmək üçün gəliblər. Şikayətin mahiyyəti odur ki, vətəndaş Suraxanıda yaşayır və irad tutur ki, Suraxanı Oyl-in lay suları axanda iy verir. Suraxanı Oyl-da vəziyyəti nəzərə alaraq, çıxan kanalı 1700 metrlik kanalı dəmir beton çərçivəyə alıb, Hövsan kanalına çıxış edib. Çıxan suların ayda 140.000 m3, aşağıda göl var, 1 saylı Mədənin ərazisindədir, o gölə də bütün Suraxanı camaatının kanalizasiya suları axır, məcbur olmuşlar ki, həmin kanalizasiya sularını harasa ötürsünlər, yoxsa, ərazi suyun altında qala bilər. Sulu bataqlıq ərazilərin sahəsi olub 27 hektar, onlar onu 8,5 hektara çatdırıblar, indi bütün camaatın axıtdığı suyu toplayıb, gölə yönəltmək üçün qamışlıqları ləğv edib, orada kollektor çəkib, gölündə səviyyəsin qaldırmışlar. Lakin oradan gələn su yenədə gəlir onların kanala. Onlar orada ayda 3500 manat enerjiyə sərf edirlər. Ekologiya Nazirliyi onlara irad tutanda, onlar məsələyə digər tərəfdən də baxmalı olduqların bildirirlər. Analiz götürülərkən, analiz götürmə aktı olur və lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi nümayəndələri bu aktı tərtib etmiyiblər. Analiz götürülməli idi, onlardan çıxış nöqtəsinin sonunda, lakin bunlar Mədən ərazisindın götürüblər. Mədən ərazilərində də təmizləyici qurğular var ki, yekunda çıxışda su daha təmiz olsun. Həmçinin qeyd etmişdir ki, Socar ilə Ekologiya Nazirliyi birgə gəlməlidir, qrafikin vaxtı çatandan sonra biraz keçmiş təzədən həmin eyni laboratoriya ilə Socarın nümayəndələri müəsisəyə gəldilər, akt tərtib elədilər, analiz götürdülər və nəticələr birincisindən dəfələrlə alçaq çıxdı. Təbii ehtiyatlara görə ödəmələrin çirkləndirici maddələrin atılmasına görə, ödəmələrin tətbiqinə görə, həmin ödənişlərdən əmələ gələn vəsaitin istifadəsi haqqında xx.xx.1993-cü il NK-nin 122 saylı qərarında yazılıb ki, müəssisə ətraf mühitin mühafizəsinə müəyyən qədər pul xərcliyirsə, onun ödəmə və atılmaları norma çərçivəsində nəzərə alınmalıdır. Birinci və ikinci analiz eyni laboratoriya həyata keçirib, ikinci analizin göstəricisi aşağıdır. Birinci dəfə keçiriləndə, onların nümayəndəsi orada olub, lakin həmin nümayəndələri bilmirdi ki, analizi haradan götürmək lazımdır. İnzibati protokol yerində tərtib olunmayıb, bir neçə gün sonra gətirdilər. Odur ki, protokola xitam verilməsi xahiş edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 iyul 2022-ci il tarixli, 74320 nömrəli Aktından görünür ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13, 32-ci maddəsinin (ətraf mühitə atılan və axıdılan zərərli maddələrin yol verilə bilən miqdarının normallaşdırılması), Su məcəlləsinin 84-cü maddəsinin tələbləri pozularaq inzibati xəta törədildiyi müəyyən edilmişdir. Suraxanı rayonu Suraxanı OİL ərazisindən götürülmüş lay suyu nümunələri üzərində aparılmış təhlillərin nəticələrinə dair arayışdan görünür ki, xx.xx.2022-ci il tarixində X6 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Suraxanı OİL ərazisində monitorinq keçirilmiş və lay suyu nümunələri götürülmüşdür. Nümunələr üzərində kimyəvi təhlillər aparılmışdır. 3 saylı NQÇS-nin neftyığma məntəqəsinin çıxışından götürülmüş lay suyu nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionları- 19,8; neft karbohidrogenləri-210,0 və sintetik səthi aktiv maddələr (SSAM)-4,0 dəfə normadan artıq müəyyən edilmişdir. 2 saylı NQÇS-nin 5 saylı neftyığma məntəqəsinin çıxışından götürülmüş lay suyu nümunəsi üzərində aparılmış kimyəvi təhlillərin nəticəsinə görə ammonium ionları-13,2; neft karbohidrogenləri-1054,0 və sintetik səthi aktiv maddələr (SSAM)-2,4 dəfə normadan artıq müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, barəsində inzibati icraat aparılan "xxxx" Şirkətin nümayəndəsi 18 iyul 2022-ci il tarixli və 16 avqust 2022-ci il tarixli su nümunələrinə dair kimyəvi təhlili olan çoxsaylı arayışları və təhqiqatın nəticələrini təqdim etsə belə, həmin arayışların və onların əsası olan kimyəvi təhlili həyata keçirilməsi vaxtı inzibati xətanın baş verdiyi vaxt deyil, xətanın baş verdiyindən sonrakı vaxt dövrünə təsadüf edir və "xxxx" tərəfindən təqsirləndirildiyi inzibati xətanın törədilməsini təkzib etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən neftin hasilatı zamanı əmələ gələn lay sularının zərərsizləşdirilmədən Hövsan kanalı vasitəsilə Xəzər dənizinə və Hövsan qəsəbəsi ərazisində yerləşən 7-ci qovşaq adlanan sahədə birbaşa dənizə axıdıldığı öz təsdiqini tapır. Bununla da, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-5224/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5224/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver