Məhkəmə qərarları › İş №3(010)-5237/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5237/2025

04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5237/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 barəsində qəbul edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qanunsuz tətbiq edilmiş cərimənin götürülməsinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polis İdarəsinin ona qarşı tətbiq etdiyi 324.4-cü maddə üzrə 50 manat məbləğində inzibati cəriməyə etiraz edir. Qeyd edir ki, maşın ona aid deyil, sürmək üçün həyat yoldaşı tərəfindən etibar edilmişdir. Polis tərəfindən saxlanılan zaman maşın tamamilə boş olmuş və o, təmir üçün getmişdir. Bu barədə polisə məlumat vermişdir. Maşın yük daşıma məqsədi olmadığı üçün icazə kartına ehtiyac yoxdur. Lakin polis “fərqi yoxdur, yük oldu və ya olmadı” deyərək cərimə tətbiq etmişdir. Suraxanı Rayon Məhkəməsi hakim Namiq Kərimovun qərarı ilə əvvəlki yol polisi qərarı ləğv edilmiş və iş Baş Dövlət Yol Polisi İdarəsinə yenidən baxılması üçün göndərilmişdir. YPX İnzibati Qrup polis kapitanı X3 qərarında eyni məzmunu cərimə tətbiq olunmuş, əsaslandırma və sübutlar göstərilməmişdir. Yol polisi saxlanma zamanı yol polis məlumatlarını pozmuş, o izahat yazarkən bu pozuntuları şikayət etmişdir. Lakin heç bir tədbir görülməmişdir və qərarda bu barədə məlumat yoxdur. Baş Dövlət Yol Polisi İdarəsinin son qərarının ləğv edilməsini və qanunsuz tətbiq edilmiş cərimənin götürülməsinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, etibarnamə ilə idarə etdiyi maşını təmir məqsədi ilə apararkən arxadan gələn polis maşını tərəfindən saxlanılmış və Elçin Mütəllimov özünü təqdim etmişdir, lakin saxlama səbəbini deməmişdir. O da Yol Hərəkəti qaydalarının təlimatlarına əsasən saxlanılma səbəbinin deyilməsini tələb etmişdir. Onun bu sözü polisin xoşuna gəlməmiş və ad soyadını soruşaraq sistemdə axtarış etmiş, sonra da yük daşıma ilə əlaqədar icazə kartının olub-olmadığını soruşmuşdur. O, hazırda maşının boş olduğunu, heç bir yük daşıma fəaliyyəti ilə məşğul olmadığını və bu səbəbdən icazə kartına ehtiyac olmadığını bildirmişdir. Polis isə heç bir fərqin olmadığını, icazə kartının olmasını demişdir. O narazı olduğu üçün qərarsız protokol yazmalı idi, lakin polis qərar da yazmışdır. Qərarda İXM-nin 324.4-cü maddəsinə görə 50 manat cərimə edilmişdir. Həmin maddədə icazəsiz daşıma olmasına görə cərimə nəzərdə tutulub, yükdaşıma maşınını idarə etməsinə görə icazə nəzərdə tutulmayıb. Həmin qərardan şikayət vermiş, qərar ləğv edilmiş və araşdırılması üçün yenidən BDYPİ-nə göndərilmişdir. O, BDYPİ-nə gedərək 4 səhifədən ibarət izahat yazmış, yol polisinin Yol hərəkəti qaydaları haqqında qanunun tələblərini pozması barədə şikayət etmişdir, lakin Yaqubov Ramil yenidən qərar verəndə yol polisinin qanun pozuntusu barədə məlumat verməmiş, protokolu da düzgün yazdığı bildirilmişdir. O hansı qərar əsasında belə qərar qəbul etdiklərini tələb etdikdə Nazirlər kabinetinin yükdaşıma təyinatlı maşınlarla bağlı qərarının olduğu bildirildi. O, Nazirlər Kabinetinin qərarını tələb etdikdə polis ona “ mən niyə göstərirəm, get özün araşdır tap” demişdir. Onun daha əvvəlki işinə hakim Namiq Kərimov baxmış və protokol ilə razı olmadığı halda qərarın verilməməli olduğunu bildirmişdir, lakin qərar ona dərhal verilmişdir. Onun qərarı ilə qərar ləğv edilmiş və yenidən araşdırma üçün BDYPİ-n göndərilmişdir, lakin araşdırma aparılmamış, yenidən qərar verilmişdir, soruşduqda isə “maşının yük təyinatlı maşındır” cavabı verilmişdir. İcazə kartı yük daşımaq üçün, bu fəaliyyətlə məşğul olmaq üçün lazımdır, o isə ancaq maşını idarə edir, yük daşıma ilə məşğul olmur. O, heç bir qanun pozuntusu etmədən yazılan protokol və verilən qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-nin 324.4-cü maddəsinə əsasən 50 manat məbləğdə inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.4-cü maddəsinin də tələbindən də göründüyü kimi inzibati xəta hadisəsinin fotosu həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək saxlanılmalıdır. Lakin, məlumat verilməsinə baxmayaraq, X2 həmin vaxt törətdiyi inzibati xəta hadisəsinin fotosu, video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması ilə əlaqədar olan inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən X2 idarə etdiyi avtomobilin yük yerinə baxış keçirilməsi, avtomobildə yük daşınmasına dair, ümumiyyətlə, X2 həmin vaxt Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair məhkəməyə heç bir sübut, o cümlədən avtomobilin yük yerinə baış keçirilməsinə dair akt, yük daşınmasına dair videogörüntü və yaxud fotoşəkil təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128 - 137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar