Məhkəmə qərarları › İş №3(010)-528/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-528/2021

04.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-528/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Tahirzadə Elvin Fəxrəddin oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, X3, 17 mart 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 5R0D2GB, evli, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 46 nömrəli evin 94 nömrəli mənzilində qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 03 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokol əsasında Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarla S.F.İmanov Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. 05 aprel 2021-ci il tarixdə X3 Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5 şikayətini müdafiə edərək göstərdi ki, 03 aprel 2021-ci il tarixdə “Mersedes Benz 81 İD“ markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən Masallı rayon X7 Bölməsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə 03 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinin tələblərini pozmamışdır. Həmin vaxt o, inzibati xəta haqqında protokolla razı olmadığını bildirmişdir. Belə ki, yol patrul xidməti inspektorunun, onun yol hərəkəti qaydalarını pozmağı barədə qeydi həqiqətə uyğun deyildir. Barəsində tərtib edilmiş protokol tamamilə qanunsuzdur. Çünki o, yolu svetoforun qadağanedici hərəkət işarəsində keməmişdir. Yol patrul xidməti inspektoru həmin qeyd etdiyi xətanın törədildiyini sübut edə bilmədiyi üçün onu guya kəmər taxmadığına görə cərimə etmişdir. Halbuki o, nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamışdır. Yol patrul xidməti inspektoru həmin protokulu heç bir qanun pozuntusuna yol vermədiyi halda qeyri qanuni olaraq tərtib etmişdir. Buna görə də o, həmin protokolu imzalamaqdan imtina etmişdir. Yol patrul xidməti inspektorlarından bu özbaşınalıqlarına, qanuna zidd hərəkətlərinə son qoyulmasını tələb etsə də sonuncular onun bu tələblərinə əhəmiyyət verməyərək, onun konstitutsiyada təsbit olunmuş hüquqlarını pozmuşlar. Bundan əlavə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən onun iştirakı təmin edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Sonda S.F.İmanov Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və mümkünsüzlüyünü bildirmədən məhkəmə iclasına gəlməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs məhkəmədə verdiyi ifadəsindən və işin faktiki hallarından isə müəyyən edilmişdir ki, Masallı rayon X7 Bölməsinin əməkdaşı X1 inzibati xəta haqqında iş üzrə 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarı F.F.Həsənovun iştirakı olmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Həmin Məcəllənin 57.5.1-57.5.21-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə sənəd bu Məcəllənin 57.2-ci maddəsində nəzərdə tutulmuş hallarda ünvan sahibinə şəxsən verildiyi vaxtdan, bu Məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş hallarda, ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə şəxsən verildiyi vaxtdan rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəməyə gəlməyən qərarından şikayət verilmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs F.F.Həsənova, inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə rəsmi qaydada məlumat verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-nin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək və inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq hüquqları var. Lakin Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən inzibati xəta haqqında iş üzrə 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərar F.F.Həsənovun iştirakı təmin edilmədən qəbul edildiyindən, sonuncu faktiki olaraq Azərbaycan Respublikası İXMnin 61.1, 61.1.1, 61.1.2, 61.1.3, 61.1.4, 61.1.5, 61.1.6, 61.1.7 və 61.1.8-ci maddələri ilə nəzərdə tutulmuş huquqlarını həyata keçirməkdən məhrum edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli nömrəli qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Masallı rayon X7 Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti qismən təmin edilsin. Masallı rayon X7 Bölməsinin əməkdaşı X2 tərəfindən qəbul edilmiş 04 aprel 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Masallı rayon X7 Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar