Məhkəmə qərarları › İş №3(010)-5314/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5314/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5314/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 01 noyabr 2023-cü il tarixli məktubu ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə tərtib edilmiş 30 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. 30 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallardan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə, saat 17:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən Hövsan Parkında keçirilmiş X2 zamanı Şəxs xüsusi razılıq (lisenziya) olmadan attraksionun (avtodromun) istismarı fəaliyyəti ilə məşğul olması faktı aşkar edilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 30 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, iki ayrı ünvanda attraksionun (avtodromun) istismarı fəaliyyəti ilə məşğul olur. O, atraksiyon fəaliyyət ilə bağlı xüsusi razılıq (lisenziya) alsa da, lakin həmin lisenziyanın yalnız bir atraksiyona aid olduğunu, digər ataksiyon üçün də lisenziya almalı olduğunu bilməmişdir. O, attraksion (avtodrom) fəaliyyəti ilə 01 iyun 2023-cü il tarixdən məşğul olmağa başlamış və bu müddət ərzində cəmi 300 manat gəlir əldə etmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İnzibati material üzrə toplanmış sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXMin 398-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş “X2nin həyata keçirilməsi haqqında” 30 oktyabr 2023-cü il tarixli, **********2530 saylı qərardan görünür ki, ünvan 1 ünvanında Şəxs məxsus attraksionda (avtodromda) xüsusi razılıq tələb olunan fəaliyyət növləri üzrə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi hallarına nəzarət edilməsi məsələləri barədə 30 oktyabr 2023-cü il tarixdən 28 noyabr 2023-cü il tarixədək (28 noyabr 2023-cü il tarixi daxil olmaqla) X2nin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 1 ünvanında Şəxs (VÖEN **********) məxsus attraksionda (avtodromda) X2 30 oktyabr 2023-cü il tarixdə başlanır, 28 noyabr 2023-cü il tarixdə bitir. 30 oktyabr 2023-cü il tarixli “Lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə X2nin nəticələri haqqında Akt”dan görünür ki, X2 Xidməti İdarəsinin əməkdaşları ünvan 1 ünvanında yerləşən Şəxs məxsus atraksiyonda (avtodromda) X2ni həyata keçirərkən, Şəxs tərəfindən lisenziya tələb olunduğu halda belə lisenziya olmadan attraksion fəaliyyəti ilə məşğul olması faktı müəyyən edilmişdir. Şəxs 30 oktyabr 2023-cü il tarixli izahatından görünür ki, o, ünvan 1 ünvanında yerləşən parkda olan atraksiyonu (avtodromu) 01 iyun 2023-cü il tarixdən işlədir və bu müddət ərzində 300 manat gəlir əldə etmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin (maliyyə bazarları sahəsində istisna olmaqla) həyata keçirilməsi ilə bağlı lisenziya və icazə sisteminin tənzimlənməsinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun (maliyyə bazarları sahəsində istisna olmaqla) Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin müəyyən edilməsinin meyarlarını, onların siyahısını, lisenziya və icazə sisteminin dövlət tənzimlənməsinin prinsiplərini, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi qaydalarını, lisenziya və icazə verən orqanların, onların vəzifəli şəxslərinin və lisenziya (icazə) sahiblərinin məsuliyyətini tənzimləyir. Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri barədə Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanına əlavə edilmiş 2 nömrəli əlavədən görünür ki, attraksionların istismarı üçün lisenziya məbləği 1250 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs attraksionun (avtodromun) istismarı fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunduğu halda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və bu fəaliyyət nəticəsində 300 (üç yüz) manat gəlir əldə etmişdir. Bununla da Əliyev X1 Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və işin digər hallarını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 398-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xəta nəticəsində əldə edilmiş 300 (üç yüz) manat gəlirin iki mislində, yəni 600 (altı yüz) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar