Məhkəmə qərarları › İş №3(010)-5319/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №3(010)-5319/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(010)-5319/2022 23.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X2 iştirakı ilə, Şəxs, xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 23 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 22 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 noyabr 2022-ci il tarixdə və 20 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Araz marketdən müxtəlif adda yağ məmulatları və yeyinti məmulatlarını gizli yolla talamaqla oğurluq etmişdir. Bu hərəkətlərinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, onun maddi imkanı zəif olduğu üçün 19-20 noyabr 2022-ci il tarixlərdə ünvan 3 ünvanında yerləşən Araz marketdən müxtəlif adda yağ məmulatları və yeyinti məmulatlarını gizli yolla talamaqla oğurluq etmişdir. Etdiyi əməllərdən peşmandır. Barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X6 bildirdi ki, 19 noyabr 2022-ci il tarixdə və 20 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Araz marketdən müxtəlif adda yağ məmulatları və yeyinti məmulatlarını gizli yolla talamaqla oğurluq etmişdir. Aparılmış araşdırma nəticəsində oğurluq hadisəsini Şəxs törətdiyi müəyyən edilmiş, lakin sonuncunun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tədbir görülməsi ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində ünvan 3 ünvanında yerləşən Araz marketdə müdir vəzifəsində işləyən X3 izahatı alınmışdır. Məhkəmə hesab edir ki, müdir vəzifəsində işlədiyi ünvan 3 ünvanında yerləşən Araz marketə məxsus ərzaqlara dair mülkiyyət hüququ, yəni istifadə, sahiblik, sərəncam hüququ olmayan X7 inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs hesab edilə bilməz. Göründüyü kimi hazırki inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxs düzgün müəyyən olunmamışdır. Bundan başqa, 100.1.6 və 100.1.9-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməli, habelə inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər aparılmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokolda isə zərər çəkmiş şəxsin adı, atasının adı, soyadı və onun yaşadığı yerin ünvanı göstərilməmiş, habelə inzibati xətanın törədilməsi nəticəsində vurulmuş maddi zərər barədə hər hansı bir qeyd aparılmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin dispozisiyasından görünür ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrarən törədildikdə, həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Həmin Məcəllənin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 22 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, ona əlavə edilmiş sənədlərdən, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən olunmuşdur ki, Şəxs 19 noyabr 2022-ci il tarixdə və 20 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən Araz marketdən müxtəlif adda yağ məmulatlarını və yeyinti məmulatlarını gizli yolla talamaqla təkrarən oğurluq etməsi, yəni qeyd edilən əmlakların mülkiyyətçisinə 100 manatdan yuxarı məbləğdə ziyan vurması onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətini yaradır. Lakin buna baxmayaraq Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X1 Anar Yaşar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Buna görə də məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tərtib edilmiş protokola inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 106.0, 106.0.1-106.0.3-cü maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin baxılması onun səlahiyyətinə aiddirmi, işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu, inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi kimi məsələləri həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi ilə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işə baxan hakim, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda hakim inzibati xəta haqqında protokolu onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs inzibati xəta törətməsi haqqında 22 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol, onu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə rəisi X4 qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar