Məhkəmə qərarları › İş №3(010)-5335/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5335/2022

24.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5335/2022 24.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili X1, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 və icra sənədi üzrə tələbkar X8 iştirakı ilə, Şəxs, xx xxx 1962-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)- 4853/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X8 xeyrinə tutulmalıdır. Həmin icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, üzrsüz səbəbdən icra sənədini icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə tələbkar X10 24 noyabr 2022-ci il tarixə 20.000 ABŞ dolları və 12.750 manat borcu qalmışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə ondan 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X8 xeyrinə tutulmalıdır. O, özəl şirkətdə direktor vəzifəsində işləyir və əmək haqqısı 1000 manat təşkil edir. Buna görə də, o hər ay tələbkara olan borcundan 500-600 manat məbləğində mütəmadi olaraq ödənişlər edir. Tələbkar sələmçidir. Tələbkardan ehtiyacı olduğu üçün pul götürmüş və həmin pulun faizləri yığılaraq məhkəmə qətnaməsi ilə göstərilmiş borc məbləği yaranmışdır. Bundan sonra o, məcburiyyət qarşısında qalaraq tələbkarla aralarında notarial qaydada müqavilə bağlamışdır. Özü şəkər xəstəsidir, həmçinin açıq ürək əməliyyatı keçirtmişdir. Özünə məxsus bir neçə daşınar və daşınmaz əmlaklar, həmçinin 12 hektar torpaq sahəsi var. O, mülkiyyətində olan 12 hektar torpaq sahəsini satışa çıxartmışdır. Torpaq sahəsi və ya başqa əmlakı nə zaman satılarsa, həmin vaxtda tələbkar X10 olan borcunu tam olaraq ödəyəcəkdir. Tələbkar nə danışırsa qələt edir, sələmə pul almış, hər ay da ödəniş edir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X9 bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsi tərəfindən təqdim edilən protokol əsassızdır və bu səbəbdən də inzibati xəta üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilmişdir ki, şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi təqdirdə həmin maddə ilə məsuliyyət daşıyır. İcra məmuru isə borclunun onun tələblərinə əməl etməməsini təsdiq edən heç bir əsasa istinad etməmiş və məhkəməyə də bununla bağlı heç bir sübut tqədim etməmişdir. Beləliklə borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməyinə dair hər hansı bir əsas olmadığı üçü inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Xatırlatmaq istəyir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini 53.1.1-ci maddəsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda İnzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. X5 dair Ayropa Konvensiyasının 4 saylı protokolunun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyi ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Buna görə də X9, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X6 məhkəmədə bildirdi ki, 16 fevral 2021-ci il tarixli qərarla icraata başlanılan, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli icra sənədinə əsasən, borclu Şəxs 20.000 ABŞ dolları və 18.000 manat pul tutularaq tələbkar X8 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Suraxanı rayon icra şöbəsinin icraatına daxil olmuş, icraata başlama bu barədə tərəflərə məlumat, həmçinin borclu Şəxs icraata başlamaq haqqında qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. 21 yanvar 2022-ci il, 29 uyul 2022-ci il və 24 noyabr 2022-ci il tarixlərdə borclu Şəxs izahatı alınaraq məhkəmə qərarı ilə tanış edilmiş eyni zamanda hüquq və vəzifələri izah olunmuşdur. Borclu Şəxs adına əmlakın və gəlirlərinin olub-olmaması barədə müvafiq orqanlara sorğular verilmiş, nəticədə Şəxs məxsus “EO 2621B” markalı ekskavator 10M- 334 dövlət qeydiyyat nişanlı və “T-130” markalı buldozer 10M-330 dövlət qeydiyyat nişanlı aşkar edilmişdir. 18 may 2022-ci il tarixdə Şəxs məxsus “EO 2621 B” markalı 10M-334 dövlət qeydiyyat nişanlı ekskavator və “T-130” markalı 10M-330 dövlət qeydiyyat nişanlı buldozer üzərinə həbs qoyulması üçün məhkəməyə təqdimat verilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadı ilə qeyd olunan nəqliyyat vasitələrin üzərinə həbs qoyulmuşdur. Bundan əlavə borclu Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli icra sənədini hissə-hissə icra edilməsi barədə məhkəməyə müraciyət etmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi 02 sentyabr 2022-ci il tarixli, 8(006)-301/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Eyni zamanda tələbkar X12 məhkəmə qərarını icrasi ilə bağlı şöbəyə müraciət edərək borclu tərəfindən ödənilən hissə-hissə ödənişlərlə razı olmadığını və onun barəsində qanuna müvafiq tədbir görülərək inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə şöbəyə ərizə ilə müraciət etmişdir. Borc tələbinə dair müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra borclu tərəfindən müxtəlif vaxtlarda ödəniş etməklə ümumilikdə 5.250 manat pulunun tələbkarın xeyrinə ödənilməsi təmin edilsə də, lakin 24 noyabr 2022-ci il tarixə 20.000 ABŞ dolları və 12.750 manat borc qalmışdır. Borclu qeyd olunan məbləği tam şəkildə ödəməyə imkanı olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmənin qanuni qüvvəyə minmiş qərarı bu günə kimi tam icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İcra sənədi üzrə tələbkar X12 məhkəmədə göstərdi ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə Şəxs 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun xeyrinə tutulmalıdır. Şəxs 2017-ci ildən ondən götürdüyü pulu geri qaytarmır. Şəxs ona bildirir ki, pulu ona süründürüb verəcək. Kifayət qədər maddi imkanı var. Belə ki, Şəxs bir neçə bahalı mənzilləri, torpaq sahəsi var. X4 borclu Şəxs şikayətçi olnduğunu sonuncu barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və icra sənədi üzrə tələbkarı dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli qətnaməsinə dair icra vərəqəsindən görünür ki, Şəxs 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X8 xeyrinə tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında 16 fevral 2021-ci il tarixli qərardan görünür ki, 16 fevral 2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)- 4853/2020 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında 16 fevral 2021-ci il tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması Şəxs xahiş olunmuş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs direktor vəzifəsində işləyir və 1.000 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Leyli Ağayevanın 21 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən fiziki şəxs Şəxs adına 01 ədəd 10M-334 dövlət qeydiyyat nişanlı, EO 2621B markalı ekskavator və 01 ədəd 10M- 330 dövlət qeydiyyat nişanlı, T-130 markalı buldozer dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə X3 və X7 Agentliyinin 28 fevral 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs adına traktor, mexaniki nəqliyyat vasitəsi, qazan və qaldırıcı qurğu dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan borclunun əmlakının axtarışı barədə 18 may 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi ünvanında qeydiyyatda olan Şəxs məxsus “EO 2621B” markalı 10M-334 dövlət qeydiyyat nişanlı ekskavator və “T-130” markalı 10M-330 dövlət qeydiyyat nişanlı buldozer barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərardadından görünür ki, Şəxs məxsus “EO 2621B” markalı 10M-334 dövlət qeydiyyat nişanlı ekskavator və “T-130” markalı 10M-330 dövlət qeydiyyat nişanlı buldozerun üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 20 iyun 2022-ci il tarixli məktubundan görünür ki, məlumatlar üzrə bankdaxili axtarış sistemində araşdırma aparılmışdır. Təqdim edilən məlumatlar üzrə Şəxs adına bank hesabı aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Leyli Ağayevanın 23 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-193/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qərardadına əsasən Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində fiziki şəxs Şəxs (FİN: xxxxxxx) məxsus T-130 markalı AZ 10M-330 dövlət qeydiyyat nişanlı buldozerin üzərinə 23 iyun 2022-ci il tarixində həbs qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsinin 06 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X18 idarəsinin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasına görə xx xxx 1962-ci il təvəllüdlü Şəxs adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs Mehdəli oğlunun nümayəndəsi (vəkili) X11 oğlu tərəfindən verilmiş Nəsimi rayon Məhkəməsinin 2(006)-4853/2020 saylı, 01 dekabr 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə ərizə təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Leyli Ağayevanın 13 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, sorğuda qeyd edilən məhkəmə qərarına əsasən Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində fiziki şəxs Şəxs məxsus 2 ədəd texnikanın: AZ10M-330 dövlət qeydiyyat nişanlı T-130 markalı buldozerin üzərinə 2022-ci il 23 iyun, AZ10M-334 dövlət qeydiyyat nişanlı EO 2621B markalı ekskavatorun üzərinə 2022-ci il 04 oktyabr tarixində həbs qoyulmuşdur. Məhkəməyə təqdim edilmiş 24 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və protokal əlavədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli icra sənədi üzrə 5.250 manat pulunun tələbkarın xeyrinə ödənilməsi təmin etsə də, lakin 24 noyabr 2022-ci il tarixə 20.000 ABŞ dolları və 12.750 manat təşkil edir. Beləliklə 24 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola məhkəmə baxıldığı zaman müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)-4853/2020 nömrəli qətnaməsinə əsasən Şəxs 20.000 (iyirmi min) ABŞ dolları, 18.000 (on səkkiz min) manat borc və həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir. Həmin qətnaməyə dair icra sənədinin icrasını həyata keçirən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru tərəfindən Şəxs dəfələrlə icra sənədinin icra edilməsi tələb olunsa da, Şəxs mülkiyyətində “EO 2621B” markalı 10M-334 dövlət qeydiyyat nişanlı ekskavator, “T-130” markalı 10M-330 dövlət qeydiyyat nişanlı buldozer və torpaq sahəsi olmasına baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, qərəzli olaraq icra sənədini tam icra etməmiş və nəticədə Şəxs icra sənədi üzrə tələbkar X10 24 noyabr 2022-ci il tarixə 20.000 ABŞ dolları və 12.750 manat borcu qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun, onun müdafiəçisinin, və tələbkkarın izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(006)- 4853/2020 nömrəli qətnaməsinə dair icra sənədinin tam icrasını təmin etməmiş, borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin tam icrasına səhlənkar yanaşmışdır Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər vaxta və maddi imkana malik olmasına baxmayaraq bunu etməmişdir. Belə ki, borclu Şəxs məhkəmə iclasında tələbkara bildirmişdir ki, özünə məxsus olan 12 hektar torpaq sahəsini və ya digər əmlakını satacağı təqdirdə, yəni qeyri-müəyyən vaxtda sonuncunun borcunu ödəmək fikri var. Beləliklə də borclu məhkəmə prosesində öz ifadəsi ilə icra sənədini qərəzli olaraq icra etmədiyini göstərmiş, bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qətnaməsinin icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş hədd çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 55, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı 24 noyabr 2022-ci il tarixdən, saat 12:00dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar