Məhkəmə qərarları › İş №3(010)-5344/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5344/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5344/2024 19.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, Rzayeva Aytac Habil qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri BPİ-nin X4 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru, polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Ramana qəsəbəsi, Şuşa şəhərciyi ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 511.1.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs “İnfiniti G 37” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil ilə avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərtib etdiyi protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 19 noyabr 2024-cü il tarixdə avtomobildə səs borusuna müdaxilə etdiyinə görə o, Şəxs yaxınlaşıb qayda pozuntusunu izah etmişdir. Şəxs avtomobili duracağa aparmaqdan imtina etmiş, avtomobili sürüb getmiş, asvaltda təkər izi və səs çıxararaq avtoxuliqanlıq etmiş, saxla işarəsinə qəsdən tabe olmamış, yolda olan avtobuslara qəza şəraiti yaratmışdır. Bununla da, barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar edilərək sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 19 noyabr 2024-cü il tarixdə səhər təxminən saat 10:00 radələrində avtomobildə nasazlıq olduğundan yolun kənarında saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşıb avtomobili orada saxlamalı olmadığını, tıxac yaratdığını, qarşıda işarə olan yerdə saxlamalı olduğunu bildirmiş, o da həmin işarə olan yerdə avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşı ona avtomobilində səs boğucu olduğundan duracağa getməli olduqlarını bildirmişdir. O isə polis əməkdaşına həmin avtomobildən ölkədə bir ədəd olduğunu, səs boğucunun üzərində kod olduğunu, həmin kod internetdə axtarılsa avtomobili istehsal edən şirkətin məhz buna görə istehsal etdiyini demişdir. Polis əməkdaşı ona “sənin danışığın mənim xoşuma gəlmədi, ona görə içəriyə” ifadəsini işlətmiş, o isə əsəbləşərək avtomobili sürüb getmişdir. Göstərilənlərə əsasən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “İnfiniti G 37” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobil duracağa yerləşdirilmişdir; məhkəmə baxışında tədqiq edilmiş CD diskə köçürülmüş kamera görüntülərindən müəyyən olunur ki, Şəxs “İnfiniti G 37” minik markalı, **-OK-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsin izahatları, təqdim edilmiş CD diskdəki videogörüntü, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitələrini idarə etmə hüququ müəyyən müddətə məhdudlaşdırılmalı, barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 noyabr 2024-cü il tarixdən hesablansın. Qərarın nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması hissəsində icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin və Şəxs adına verilmiş AC seriyalı, 912217 saylı sürücülük vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə təhvil verilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı şəhər Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar