Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5345/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Kürdəmir, Karrar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, nömrəsiz evdə yaşayan - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan və protokola əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, nömrəsiz evdə olduğu zaman AR CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan qardaşı X1 ilə bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirə müdaxilə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 tərtib edilmiş protokolun məzmununa uyğun izahat verərək qeyd etdi ki, 19 noyabr 2024cü il tarixdə raport icraatına daxil olmuşdur. Raportda qeyd edilmişdir ki, X9 AR CM-nin 178.1-ci maddəsi ilə axtarışda olduğundan polis əməkdaşları onun yaşadığı ünvana getmiş, orada Valehin qardaşı Şəxs polis əməkdaşlarına tabesizlik göstərərək Valehin istintaq orqanından yayınmasına şərait yaratmış və mübahisə baş vermişdir. Saleh giriş qapısında polis əməkdaşlarına həyətdən çıxmağı bildirmiş, giriş qapsının yanında olan qaz bolununu götürüb polis əməkdaşlarına atmışdır. Bundan sonra polis əməkdaşları hər iki şəxsi polis bölməsinə dəvət etmiş, onlar polis bölməsinə getmişlər. Şəxs polis bölməsində verdiyi izahatında qeyd etmişdir ki, polis əməkdaşları ilə mübahisə baş verdikdən sonra onlara həyətdən çıxmağı demiş, əsəbləşərək qaz balonunu yerə çırpmışdır. O, göstərilənlərə əsasən qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 14 il Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmişdir, hal-hazırda səhhəti ilə bağlı istefaya buraxılmışdır. Polis əməkdaşları mülki geyimdə onun yaşadığı ünvana gələrək evin pəncərəsini döymüşlər. Əvvəlcə anası, sonra qardaşı Valeh, sonra isə o həyətə çıxmışlar. O polislərdən kim olduğunu soruşmuş, polislər də heç bir sənəd göstərmədən qardaşının onlarla getməli olduğunu demişdir. O qardaşının hara getməli olduğunu soruşduqda onlar bölmənin adını deməmişlər. Bundan sonra qardaşı Valeh “102” xidmətinə zəng vuraraq iki nəfər mülki geyimli şəxslərin yaşadıqları ünvana gəldiklərini demişdir. Bundan sonra onlar 31-ci bölməyə getməli olduqlarını demişlər. Onlar polis əməkdaşlarına özlərinin 31-ci bölməyə gedəcəyini demiş, əməkdaşlar onlarla getməli olduqlarını demişdir. O qaz balonunu yerə atmışdır. Polis əməkdaşları onları özlərinin şəxsi avtomobili ilə baş idarənin qarşısına aparmış, orada onlara qandal taxmışlar. Hadisənin video görüntüləri çəkilsə də, tam çəkilməmişdir, belə ki, əvvəl olan hadisələr, polis əməkdaşlarının nalayiq hərəkətləri çəkilməyib. Onun polis əməkdaşlarına əli dəyməyib. Səhhəti ilə bağlı xəstəliyini nəzərə alaraq barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilidir, polis kapitanı rütbəsi daşıyır. AR CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan X4 Yeni Suraxanı qəsəbəsində yaşadığı barədə məlumat daxil olmuş, o digər əməkdaşla birlikdə həmin ünvava yaxınlaşmışlar. Həyətin qapısını döymüşlər amma cavab verən olmadığından evin qapısını döymüşlər. Valeh evdən çıxmış, onlar özlərini təqdim edərək 31-ci Polis Bölməsindən gəldiklərini bildirmişlər. Valeh onları tanıdığını demişdir. Onlar Valehə onlarla bölməyə getməli olduğunu demiş, Valeh nə ilə bağlı olduğunu soruşmuş, o da Valehin özünün işi ilə bağlı olduğunu, müstəntiq Orxanın yanına gedəcəyini bildirmişdir. Valeh bölməyə getməyə etiraz etmişdir. Bundan sonra Saleh evdən çıxmış, onların kim olduğunu soruşmuş, onlar polis əməkdaşı olduqlarını, Valehin axtarışı ilə bağlı gəldiklərini bildirmişlər. Bundan sonra Saleh qışqırmağa başlamış, söyüş söymüş, onlara hücum çəkmiş, onu vurmaq istəmiş, Salehin anası araya girmişdir. Saleh qaz balonunu onun üstünə atmış, o çəkilmiş, balon qapıya dəymişdir. Saleh və qardaşı Valeh polis əməkdaşlarına özlərinin bölməyə gedəcəyini demiş, onlar polis əməkdaşları ilə getməli olduqlarını, öz şəxsi avtomobillərində əməkdaşların avtomobildə olması şərti ilə bölməyə gedəcəklərini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı X8 digər şahid X2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Orxan Sadıqzadə və Əli Gülmalıyev tərəfindən tərtib olunan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Suraxanı RPİ-nin İŞ tərəfindən 178.1-ci maddəsi ilə təqsirləndirilərək axtarışda olan, barəsində 103012/24 nömrəli axtarış işi açılan xx.xx.1994-cü il təvəllüdlü, Ağdam rayonunda anadan olan, Maqsudlu kəndində qeydiyyatda olan, AR-vətəndaşı, subay, azərbaycanlı, orta təhsilli, əvvəllər AR CM-nin 221-ci maddəsi ilə məhkum olunmuş X9 onlar tərəfindən saxlanılaraq 31-ci PŞ-nə gətirilən zaman axtarışda olan X4 qardaşı Şəxs qarşılarını kəsərək ünvanlarına nalayiq söyüşlər söymüş, axtarışda olanın qaçması üçün yerdə böyük dəmir alətini götürərək onların üzərinə atmışdır. Onlar tərəfindən hadisə yerinə əlavə qüvvənin köməkliyi ilə Valeh Quliyev və Şəxs 31-ci PŞ-nə gətirilmişdir; inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, nömrəsiz evdə olduğu zaman AR CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan qardaşı X1 ilə bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirə müdaxilə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilən xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlarla F 07.0; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, kiçik gizir Şəxs xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının Müdafiəsi zamanı xəsarət almışdır. D-z: Partlavış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət. Döyüş tapşırığını yerinə yetirərkən yaralanma almışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən verilən 097351 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranıdır; iş materiallarına sözügedən hadisə barədə video görüntüləri əks etdirən bir ədəd disk əlavə edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 İyul küçəsi, nömrəsiz evdə olduğu zaman AR CM-nin 178.1-ci maddəsi ilə axtarışda olan qardaşı X1 ilə bağlı polis əməkdaşları tərəfindən keçirilən tədbirə müdaxilə edərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Quliyev X6 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müharibə iştirakçısı olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Quliyev X6 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5345/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5345/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver