Məhkəmə qərarları › İş №3(010)-5385/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5385/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5385/2024 21.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, müdafiəçi – “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bank Respublikaya olan borcuna görə Suraxanı İcra şöbəsinə dəvət olunan zaman qardaşı Bəhruz Mehdizadə ilə birlikdə saat 12:00 radələrində icra məmuru ilə mübahisə edərək icra şöbəsində səs-küy salmış, iş qrafikini pozaraq icra məmuruna qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, 20 noyabr 2024-cü il tarixdə icra şöbəsindən məlumat daxil olmuşdur ki, iki nəfər şəxs icra məmuru Rövşən Əliyevin xidməti otağında mübahisə edərək səs-küy salmış, icra şöbəsinin iş fəaliyyətini pozmuşlar. Əməliyyat qrupu icra şöbəsinə getmiş, həmin iki nəfər şəxsi saxlayaraq 31-ci PB-yə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin şəxsiyyəti müəyyən edilmiş, raport yazılmış və onun icraatına daxil olmuşdur. İcra məmuru tərəfindən tərtib olunan akta əsasən icra məmuru Şəxs Bank Respublikaya borclu olduğu üçün icra şöbəsinə çağırmış, Tural icra şöbəsinə qardaşı Bəhruz Mehdizadə ilə birlikdə getmişdir. İcra məmuru Bəhruza xidməti otaqdan çıxmağı bildirsə də, o, otaqdan çıxmamış və mübahisə etmişdir. Belə ki, X9 yaxasından tutmuş və icra məmurunun köynəyinin düymələri qırılmışdır. Bu zaman Tural oturduğu yerdən qalxaraq Rövşənin üzərinə getmişdir. İcra şöbəsində olan mühafizə polisi səs-küyü eşidib otağa daxil olmuş, onları ayıraraq icra şöbəsindən çıxartmış və şöbəyə polis dəvət olunmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, hadisədən 1 gün əvvəl onun telefonuna sms gəlmiş və zəng olunaraq borcla bağlı icra şöbəsinə gəlməsi bildirilmişdir. Sabahkı gün çağırışın məlumat xarakterli olduğunu fikirləşərək o, saat 10-da icra şöbəsinə getmişdir. İcra şöbəsində ona bütün borcun ödənilməli olduğu deyilmişdir. O isə ona möhlət verilməsini, imkanı olmadığını, indi məlumatı olduğunu, məlumatı olduğu vaxtdan 10 gün möhlət hüququ olduğunu bildirmişdir. Belə ki, icra qeydi icra şöbəsinə 7 noyabrda daxil olmuş, 18 noyabrda ona sms gəlmiş, 19 noyabrda icra şöbəsinə yaxınlaşmışdır. İcra məmuru Rövşən Əliyev ona 10 gün möhlət istəyirsə 7 faiz ödənişlə bağlı kağız vermişdir ki, həmin faizi banka ödəyib qəbzini icra məmuruna təqdim etsin və “bundan sonra baxarıq güzəşt edirik ya yox” ifadəsini işlətmişdir. Ona 7 faizi ödəmədən icra şöbəsindən çıxa bilməyəcəyi deyilmişdir. Təxminən 3 saata yaxın o koridorda, qardaşı isə çöldə gözləmişlər. Qardaşına kağızı verməsini, ödənişi qardaşının etməsini demişlər. O və qardaşı işə getməli olduqlarını, vəkil gəldikdən sonra ödəniş ediləcəyini bildirmişlər. Qardaşı Azər adlı şəxslə danışmağa gəlmiş və onları orada saxlamaq hüquqlarının olmadığını bildirmişlər. Azər adlı şəxs onu və qardaşını otağa dəvət etmiş, qardaşı bu zaman vəkil gəldikdən sonra izahat yazılacağını, lazım olsa pul ödəniləcəyini demişdir. Rövşən Əliyev indi izahat yazmalı olduğunu, izahat yazmasa icra şöbəsindən çıxa bilməyəcəyini demişdir. Rövşən Əliyev qardaşına etibarnaməsi olubolmadığını soruşmuş, qışqırmağa başlamış və “sən kimsən ki gəlmisən” demişdir. Qardaşı da bu zaman “necə olur ki siz mənə ödənişlə bağlı kağız verirsiz və ödə deyirsiz amma danışmağa icazə vermirsiz” demişdir. İcra məmuru ona 7 faiz məbləği ödəmək şərti ilə 10 gün ərizəndə borcu ödəməsi barədə izahat yazmağını demiş, o isə yazmamışdır. Qardaşı normal qaydada danışmışdır, Rövşən Əliyev mühafizəçi polisə qardaşını çölə çıxartmasını qışqıraraq demiş, onun qolundan tutaraq izahat yazıb pulu ödəməli olduğunu demişdir. Rövşən Əliyev onu dartanda özünü müdafiə üçün icra məmurunu tutmuşdur. Bu zaman 3-4 nəfər qardaşını otaqdan çıxartmaq üçün gəlmişdir. Qardaşı Bəhruz yalnız Turalla birlikdə otaqdan çıxacağını demişdir. İcra şöbəsinin rəisi onu, qardaşını və Rövşən Əliyevi otağa çağırmış, Rövşən Əliyevə akta ehtiyac olmadığını demiş, onlar arasında barışıq əldə olunmuşdur. İcra şöbəsinin rəisinə polis əməkdaşlarının gəldiyi bildirilmiş, rəis onların polis bölməsinə getməyinə ehtiyac olmadığını bildirmişdir. Amma polis əməkdaşları onu və qardaşını bölməyə aparmışdır. Rövşən Əliyev şikayət etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi – “Vəkil və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil Şəxs göstərdiyi xüsusatları müdafiə edərək bildirmişdir ki, Şəxs barəsində icra qeydi icra şöbəsinə daxil olmuşdur. İcra məmuru İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icra qeydinə dair protokol tərtib edə bilmədiyi üçün belə stiuasiya yaratmışdır. Ümumiyyətlə Tural və qardaşı Bəhruz tərbiyəli, sakit şəxslərdir. Onları elə həddə çatdırıblar ki, belə mübahisə baş vermişdir. Hətta Bəhruzun gödəkçəsi cırılmışdır. Ümumiyyətlə İcra Baş İdarəsinə bu hadisə barədə məlumat daxil olmayıb. Həmçinin on gün müddət bitmədən icra məmurunun yeddi faiz ödənişi tələb etmək və şəxsi icra şöbəsində saxlayaraq azadlığını məhdudlaşdırmaq ixtiyarı yoxdur. Göstərilənlərə əsasən Şəxs barəsində olan inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Suraxanı rayon İcra şöbəsində icra məmuru vəzifəsində işləyir. İcraatına borclu Şəxs pul tutulması ilə bağlı icra qeydi daxil olmuşdur. Şəxs icra şöbəsinə dəvət olunmuş, qardaşı da icra şöbəsinə gəlmiş, göstərişlər verməyə başlamışdır. O isə öz növbəsində borclu şəxsə icra qeydinin mahiyyətini, əgər on gün müddətində borcu ödəsə yeddi faiz ödənişi ödəmək lazım olmadığını, yeddi faizi ödəməklə bağlı rekvizit verilməsini izah etmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş də verilmişdir. Turalın qardaşı Bəhruz “sən bunu edə bilməzsən” demiş, o isə Bəhruza otaqdan çölə çıxmalı olduğunu demiş, Bəhruz ona “sən kimsən” ifadəsini işlətmiş və mübahisə başlamışdır. Bəhruz onun yaxasından tutmuş, köynəyinin düymələri qırılmış, səs-küyə başqa şəxslər gəlmişdir. Bəhruz onun üstünə gəlmiş, onu vurmağa cəhd etmişdir. Mübahisə təxminən 30 dəqiqə davam etmişdir. Hər iki qardaş bu müddət ərzində fəal olmuşdur. Məhkəmə iclasında şahid X2 izahatında göstərdi ki, Suraxanı rayon İcra şöbəsində icra məmuru vəzifəsində işləyir. O, xidməti otağında olan zaman səs-küy gəldiyini eşitmişdir. İcra məmuru Rövşən Əliyevlə xidməti otaqları yan-yana deyil, qarşı-qarşıya otaqlardır. O otaqdan çıxmış, onların əlbəyaxa dava etdiyini, əməkdaşların və mühafizə polisinin onları ayırmağa çalışdığını görmüşdür. Mübahizə zamanı Rövşən Əliyevin düyməsi qırılmışdır. İcra şöbəsinin rəisi onları otağa çağırmışdır. Bəhruz adlı şəxsi icra şöbəsindən çölə çıxartmışlar. Bundan sonra polis əməkdaşları gəlmişdir. Hadisə isə aktlaşdırılmışdır. Mübahisə nəticəsində icra şöbəsinin iş qrafiki 25-30 dəqiqə pozulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bank Respublikaya olan borcuna görə Suraxanı İcra şöbəsinə dəvət olunan zaman qardaşı Bəhruz Mehdizadə ilə birlikdə saat 12:00 radələrində icra məmuru ilə mübahisə edərək icra şöbəsində səs-küy salmış, iş qrafikini pozaraq icra məmuruna qarşı xırda xuliqanlıq hərəkətləri etmişdir. Bu səbəbdən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 00909637 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30-da inzibati qaydada tutulmuşdur; xx.xx.2024-cü il tarixli Bakı şəhər 35 saylı notariat ofisinin icra qeydinin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Şəxs 10091***-*******02L nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 16713 manat 37 qəpik (on altı min yeddi yüz on üç manat otuz yeddi qəpik) tutulmalı; bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 16738 manat 37 qəpik (on altı min yeddi yüz otuz səkkiz manat otuz yeddi qəpik) pul tutulmalıdır. Həmin icra qeydi xx.xx.2024 tarixdə aparılmışdır; xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Suraxanı rayon İcra şöbəsinin icra məmuru Rövşən Əliyev və digər icra məmurları tərəfindən akt tərtib olunmuşdur. Aktda qeyd olunmuşdur ki, Bakı şəhər 35 saylı notariat ofisinin icra qeydinə əsasən borclu Şəxs icra şöbəsinə dəvət olunmuş, saat 12 radələrində o, icra şöbəsində olarkən icra qeydi ilə bağlı izahat verməkdən imtina etmiş, onunla birlikdə gələn və özünü qardaşı kimi təqdim edən şəxs X6 icra məmuru Rövşən Əliyevin xidməti otağında qeyri-qanuni göstərişlər verməyə başlamış, Bəhruz Məmmədzadəyə icra işi ilə bağlı tərəf olmadığı bildirildikdən sonra xidməti otaqdan çıxıb gözləmək təklif olunmuş, lakin o, icra məmuru Rövşən Əliyevə “sən kimsən” deməklə onun üstünə getmiş, köynəyinin yaxasından tutub dartmışdır. Nəticədə icra məmuru Rövşən Əliyevin köynəyinin 2 düyməsi qırılmış, bundan sonra borclu Şəxs icra məmuru Rövşən Əliyevin üstünə gedərək onu vurmağa çalışmış, lakin şöbədə olan əməkdaşlar onu saxlayaraq vurmağının qarşısını almışlar. Bundan sonra da X8 Əliyevin ünvanına təhqiramiz sözlər ünvanlayaraq onu təhqir etmiş və üstünə gələrək vurmağa çalışmışdır. Onların icra məmuru Rövşən Əliyevi döyməyə cəhd etməsi icra məmurları tərəfindən qarşısı alınmış, bundan sonra onlar nizam-intizama dəvət olunmasına baxmayaraq səs-küy salmışlar və səs-küy salmalarını davam etdirməklə şöbənin fəaliyyətini 30 dəqiqə müddətinə dayandırmışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) sübuta yetilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33 və 53-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar