Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5388/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat- İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 15 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən təqdim edilmiş 04 noyabr 2023-cü il tarixli, 10000-00109/23 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qeydiyyatda olan hüquqi şəxs Şəxs ünvanına idxal olunmuş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə 7408 mal mövqeyində sinifləşdirilməklə rəsmiləşdirilmiş 19 ədəd rulonda, brutto çəkisi 22680, netto çəkisi isə 20000 kiloqram təşkil edən “en kəsiyinin maksimal ölçüsü 6 mm-dən çox olan saflaşdırılmış misdən məftillər” yükü Bakı Baş Gömrük İdarəsində 03 may 2023-cü il tarixli **********1371 sorğu nömrəli gömrük bəyannaməsi ilə ‘müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmişdir. Lakin, müvəqqəti saxlanc müddətinin 03 sentyabr 2023-cü il tarixdə bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilməsi və ya gömrük anbarında yerləşdirilməsi ilə bağlı Şəxs tərəfindən heç bir tədbir görülməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında 04 noyabr 2023-cü il tarixli, 10000-00109/23 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini X1 04 noyabr 2023-cü il tarixli qərardadı ilə Şəxs barəsində tərtib edilmiş həmin protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrin məhkəmə iclasında iştirakları təmin edilməmiş, nümayəndələrin məhkəməyə gəlməmələrinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə tərəflərdən vəsatət daxil olmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan 13 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, **********1371 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 03 sentyabr 2023-cü il tarixdə bitməsinə baxmayaraq malların digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar Şəxs tərəfindən heç bir tədbir görülməmişdir. İş materiallarında olan X2 və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin 18 oktyabr 2023-cü il tarixli nömrəli xidməti qeydindən görünür ki, hüquqi şəxs Şəxs Dövlət Gömrük Komitəsinin 15 iyul 2019-cu il tarixli 1000/203 nömrəli sərəncamı ilə idxal və 1000/205 nömrəli sərəncamı ilə ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə etmişdir. İş materiallarında olan 24 oktyabr 2023-cü il tarixli “yükə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 03 may 2023-cü il tarixli **********1371 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük proseduru altında rəsmiləşdirilmiş yük şirkətin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zığ-Suraxanı yolu, 6-cı kilometr, 21 ünvanında yerləşən ərazidə saxlanılır. Həmçinin baxış zamanı həmin yükün yer sayı sayılmış, tərəzidə çəkilmiş və nəticədə yükün yer sayının və çəkisinin gömrük bəyannaməsində qeyd olunan məlumatlarla eynilik təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 avqust 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları»nın 3-cü bəndində malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla, gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Qaydaların 3.2-ci bəndində göstərilən müddət çərçivəsində uzadır. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5388/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5388/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver