Məhkəmə qərarları › İş №3(010)-5388/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5388/2024

04.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5388/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X6 iştirakları ilə X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti və ona əlavə edilmiş materiallar 13 iyun 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X11 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında olan qərarı əldə etmişəm. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən mən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi qənaətinə gəlinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İnzibati tənbehə əsas isə rəhbəri olduğu "xxxx" MMC- nin işçisi X2 01 03.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə DƏMX-ə hadisə baş verən gün deyil, xx.xx.2024-cü il tarixdə məlumat verməyi göstərilmişdir. Sabunçu rayon prokurorluğunda göstərilən məsələ ətraflı araşdırılmış və cinayət işinin başlanmasınını rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin o, bu qərarla razı deyil. Belə ki, qərardakı məsələlərin heç biri həqiqəti əks etdirmir. Belə ki, X9 iş zamanı xəsarət almış, onu Sabunçu xəstəxanasına aparmışlar, işçisinə lazımi olan bütün tibbi yardım göstərilmiş, həmin hadisə ilə bağlı da həkimlərdən kimə məlumat verməli olduğunu soruşmuş, həkimlərin özləri bu barədə lazimi orqanlara bildirmiş, lakin o, bu barədə Əmək müfəttişliyinə məlumat verməli olduğunu bilməmişdir. Əmək müfəttişliyi də onu cərimələmişdir. Əmək Məcəlləsinin 219-cü maddəsində də qeyd edilmişdir ki, işəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə onların bilikləri yoxlanılmalıdır. Lakin ona heç vaxt bu barədə məlumat verilməmiş və hüquqşünas olmadığından bu barədə məlumatsız olmuşdur. Bundan əlavə onun aylıq maaşı da 700 manat təşkil edir. Yazılmış cəriməni də ödəmək iqtidarında deyildir. Odur ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi və nümayəndəsi X12 izahatında göstərmişdir ki, X9 "xxxx" MMC şirkətinin işçisidir. 01 mart 2024-cü il tarixində bədbəxt hadisə baş vermiş və həmin işinin sağ əlin 2-ci barmağından xəsarət almışdır. Bu barədə Sabunçu tibb mərkəzindən 08 aprel 2024-cü il tarixdə məlumat əldə edilmişdir. Qanunvericilikdə də qeyd edilmişdir ki, bu kimi hadisələrdə Əmək Müfəttişliyiə dərhal məlumat verilməldiri. Şikayətçi şikayətində qeyd edir ki, Əmək Məcəlləsinə əsasən onlar 3 ildən bir məlumatlanıdırlmalıdır. Lakin Əmək Məcəlləsinin 219-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi üzrə işçilərin təlimi və əlavə təhsili sistemini təşkil etməli və qanunvericiliyə müvafiq həyata keçirməlidirlər. Bununla da həmin qanundan görünür ki, həmin təlim və əlavə təhsil sahibkərlərin öhdəsinə düşür. Bundan başqa maarifləndirmə işləri ilə bağlı Əmək və Məşğulluq İdarəsinin alt sesitemi vasitəsi ilə həyata keçirilir. Bundan başqa həmin iş araşdırılmış və X7 humanist yanaşılmış, dedikləri inandırıcı və ağlabatan hesab edilmişdir ki, onun barəsində İXM-nin 555.3-cü maddəsi ilə deyil, İXM-nin 555.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, qeyd olunanları nəzərə alıb X4 şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin işçisi X2 xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə barədə direktor X11 tərəfindən DƏMX-ə hadisə baş verən gün deyil, xx.xx.2024-cü il tarixdə məlumat verilmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərarın nəticəvi hissəsindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə X2 xəsarət alması ilə bağlı araşdırılan material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilməsi, qərarın surəti X5 göndərilməklə ona həmin qərardan narazı qaldığı halda şikayət etmək hüququ izah edilməsi və toplanmış materiallarda inzibati xətanın tərkib əlamətləri olduğundan Azərbaycan Respublikası İXMnin 563.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərarında əks edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 2267 nömrəli rəyindən görünür ki, X1 əlin İİ barmağının distal falanqasının travmati amputasiyası müəyyən edildi. Xəsarət iti uca və kənara malik əşya və ya alət təsirindən törənmişdir. Qərarda göstərilən tarixdə və şəraitdə, yəni işlək vəziyyətdə olan metal deşmə dəzgahın deşici-əsici təsirindən törənə bilər. Xəsarət ümumi əmək qabiliyyətinin 1/3-nin az hissəsinin (5%) daimi itirilməsi ilə nəticələndiyinə görə dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərarında əks edilmiş X9 izahatında göstərmişdir ki, o, 2014-cü ildən Bakıda yaşayır, 2017-ci ildən isə “AZ-MON-Г MMC-də fəhlə vəzifəsində işləyir. O, işə qəbul olan zaman onunla əmək müqaviləsi bağlanmışdır. MMC Sabunçu rayonu Balaxanı qəsəbəsi, Şəfqət Əliyev 20 ünvanında yerləşir və metal konstruksiya istehsalı ilə məşğuldur. Hadisə olan gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09 radələrində xüsusi iş geyimini geyindikdən sonra işə başlamışdır. Onun işi metalları kəsmək, deşmədə s işlərdən ibarətdir. O, işə başlamamışdan əvvəl hər gün texniki-təhlükəsizlik qaydaları ilə tanış olmuş, həmin qaydaları ona sexin müdiri Heydər Həsənov şifahi izah etmiş, bundan başqa jurnala ayda bir dəfə qol çəkmişdir. Hadisə baş verən gün işə başlayanda Heydər Həsənov da işdə olmuşdur. O, metal lövhəni deşən 2 К 57 modelli deşmə dəzgahında işin icrasına başlamışdır. Heydər Həsənov dəfələrlə ona həmin cihazla işləyəndə əlcəkdən istifadə etməməsini tapşırmışdır. Buna baxmayaraq o, əlinin qaralmaması üçün əlcək geyinib işə başlayanda əlcək qəfildən cihaza ilişmiş və nəticədə sağ əlinin ikinci barmağından xəsarət almışdır. Səsinə ilk olaraq iş yoldaşı İlqar Əliyev yaxınlaşmış, daha sonra digər iş yoldaşı Orxan Bağırlıya məxsus avtomobillə Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya getmişdir. Orada ilkin müayinə ediləndən sonra barmağının uc hissəsi amputasiya edilmişdir. Hadisə onun öz ehtiyatsızlığından olmuşdur. Ona görə də heç kimdən şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış X8 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin baş məsləhətçisi və nümayəndəsi X10 dinləyərək, məhkəmə hesab edir ki, şikayət təmin edilməməli və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları təsdiq edilmişdir. İşçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: Əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən, müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən, müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində, keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə, istehsal avadanlıqları və obyektlərində qəza zamanı, növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay və hava nəqliyyatlarının ekipaj üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt, işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə, işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt, əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə, əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: Təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü, texniki spirtlərin, aromatik, narkotik vasitələrin, psixotrop maddələrin istehsalat prosesində istifadəsi ilə bağlı olmayan zəhərlənmələr, əmək funksiyalarını icra edərkən alkoqollu içkilərin, narkotik vasitələrin, psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən ürək dayanması, infarkt, insult, asfiksiya, hərəkətlərin koordinasiyasının pozulması və fikir dalğınlığı nəticəsində baş vermiş bədbəxt hadisələr. Belə ki, şikayətdə göstərildiyi kimi şikayət vermiş şəxs X4 həm şikayətində, həmçinin də məhkəmə iclasında bildirdiyi kimi Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinə pozuntu barədə bildirməməsi işin mübahisəsiz halı olmaqla, şikayət vermiş şəxsin şikayətdə göstərdiyi kimi həmin hal barədə qanunu bilməməsi səbəbindəm xəbər verməməsi, onun inzibati qaydada məsuliyyətdən azad etmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X11 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X14 tərəfindən qəbul edilmiş 13 iyun 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar