Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5396/2024 22.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X8 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Ağcabədi, Boyat kəndində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi rayonu, Boyat kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsi, nömrəsiz evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəxs xx.xx.2024-cü il tarixdə COP-29 BDT-də iştirak etmək üçün gəlmiş X2rşı dələduzluq etməklə 90 manat pulunu mənimsəyərək xırda talama inzibati xətasını törətmişdir. Bu barədə Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin sahə inspektoru, polis leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, bir ildən artıq müddətdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Bolt tətbiqi vasitəsilə verilən sifariş əsasında xarici vətəndaşları Koroğlu metro stansiyasının yaxınlığından götürərək Mərdəkan qəsəbəsi istiqamətində taksini idarə etmişdir. Amma sərnişinlər ünvanı Bolt tətbiqində səhv göstərdiklərindən əvvəlki konumu bitirmiş, öz telefonları ilə yeni konum göstərmişlər. O ingiliscə bilmədiyindən whatsapp vasitəsilə yazmışdır ki, hal-hazırda göstərdikləri ünvan üzrə ödəniş haqqı artacaqdır. Təxminən 4-5 kilometr yol getmişlər. Həmin vaxt tıxac olduğundan maşın asta sürətlə hərəkət etmiş, 25 dəqiqə yol kənarında dayanmışdır. Nəhayət bir məhləyə girmişlər. Sərnişinlər ona 5 avro vermiş, o isə pulu tanımadığından qəbul etməmişdir. Qabaq oturacaqda oturan sərnişin 100 manat vermiş, o isə sərnişinə xırda pulu olmadığını, üstündə 133 manat olduğunu izah etmiş və 133 manat pulu onlara göstərmişdir. Həmin sərnişin ona kart göstərmiş, o kartın şəklini çəkmiş, sərnişindən 100 manat pulu mağazada xırdalayıb 90 manatını onun kartına göndərməyi whatsapp vasitəsilə yazmış, sərnişin razı olmamış, o isə bu yazdığını silmişdir. Arxa oturacaqda oturan sərnişin ona 10 manat vermiş, o da 10 manat pulu götürmüşdür. Sonradan ona zəng gəlmiş, ingiliscə danışıldığı üçün başa düşməmişdir. Sonradan Türkcə danışan bir şəxs ona zəng etmiş və xarici vətəndaşdan 100 manat götürüb getdiyini demişdir. Ümumiyyətlə o, 100 manat pulu qəbul etməmiş, sərnişin 100 manat pulu özü götürüb taksidən düşmüşdür. Ona sadəcə 10 manat pul ödənilmişdir. O, göstərilənlərə əsasən barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X6 tərəfindən 30-cu Polis Bölməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, o, ərizədə aşağıdakıları qeyd etmişdir: onun Azərbaycana səfərinin məqsədi COP 29-da iştirak etməkdir. Gündəlik vəzifələrinin bir hissəsi olaraq, o, COP ərazisində olarkən qərara gəlmişdir ki, öz rəhbəri ilə görüşməlidir. Təxminən saat 15:30 radələrində oraya getmək üçün Bolt xidməti ilə taksi sifariş etmişdir. Sürücü onu çatmalı olduğu ünvana aparmışdır. Oraya çatanda o, sürücüyə 100 manat vermiş və qalığı qaytarmasını istəmişdir. Sürücü demişdir ki, qalığı yoxdur. O sürücüyə Evro ilə ödəyə biləcəyini demişdir. Sürücü bunu rədd etmişdir. Sonra ona kredit kartı ilə ödəyəcəyini bildirdikdə sürücü ona sadəcə olaraq kartının şəklini çəkəcəyini və pulun qalığını 15 gün ərzində onun kredit kartına göndərəcəyini bildirmişdir. O bununla razılaşmamış və maşından düşərək ona ödəməli olduğu 10 manatı dostlarından almaq istəmişdir. Qəfildən taksi sürücüsü qaçıb getmişdir. O, yaşadığı yerə qayıtdıqda baş verənlər barədə resepsiyon işçisinə məlumat vermiş və ondan polisi çağırmasını, həmin şəxsin həbs edilməsini xahiş etmişdir. Bu istəyi pul ilə bağlı deyil, onun davranışına görədir; Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PB-nin təhqiqatçısı, polis mayoru Rəhman İsmayılov tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, əməldə cinayət tərkibi olmadığından və AR İXM-nin 227-ci madəsinin tərkib əlamətləri yarandığından Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Mida Y\K-si, bina-18, mərtəbə-4, mənzil-12 ünvanında müvəqqəti yaşayan vətəndaş X3 DİN-in 102 «Xidməti-Zəng» mərkəzi sisteminə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur; inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 022527 nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə həmin tarixdə saat 23:00-da inzibati qaydada tutulmuşdur; xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə COP-29 BDT-də iştirak etmək üçün gəlmiş X2rşı dələduzluq etməklə 90 manat pulunu mənimsəyərək taladığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilmişdir; iş materiallarına bir ədəd disk və whatsapp sosial şəbəkəsi vasitəsi ilə olan yazışmaların əks olunduğu fotoşəklin surəti əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs məhkəmə iclasında özünü təqsirli bilməmişdir və məhkəmənin gəldiyi qənaətə görə onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu andan, yəni xx.xx.2024cü il tarixdən, saat 23:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsdə saxlamanın əvvəli «21» noyabr 2024-cü il tarixdən, saat 23:00-dan hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(010)-5396/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5396/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver