Məhkəmə qərarları › İş №3(010)-5444/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5444/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5444/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Suraxanı Rayon Məhkəməsinin hakimi Kərimov Namiq Həsrət oğlunun, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim olunmuş inzibati xəta haqqında materialdan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin onu təmsil etmək və adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi - direktoru Nümayəndə1 MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı halda həmin tələbləri pozaraq, əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Bakı şəhəri ərazisində qrafik-dizayner işlərinin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İnzibati xəta haqqında materiala baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinə vaxtında məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə materiala nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin prokuroru Nümayəndə2 izahatında bildirmişdir ki, 05 noyabr 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarda göstərilənləri təsdiq edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin direktoru Nümayəndə1 işin məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, X5 ilə təxminən 2024-cü ilin yay aylarında tanış olmuşdu. Fuad Zeynalov qrafik-dizayner idi. X5 ilə əmək müqaviləsi bağlanmadan gələcəkdə olan proyektlərlə bağlı təxminən 1000 manatdan çox pul verərək bir neçə sosial dizayn işləri görməsini tapşırmışdır. Fuad Zeynalov hazırda fəaliyyət göstərməyən və dövlət qeydiyyatına alınmamış "xxxx" adlı sosial şəbəkəsində postlarının hazırlanması ilə məşğul olurdu. O, bununla bağlı Fuad Zeynalovun ondan istədiyi pulu vermişdir. İşləri təhvil verdikcə X1 hesabına ödənişlər etmişdir. Qeyd edir ki, dondurulmuş "xxxx" MMC, "xxxx" MMC və hazırda fəaliyyət göstərən Şəxs MMC, “Eleven” Points, "xxxx" MMC-nin direktorudur. X8 heç bir MMC üçün işçi olaraq çalışmamışdır. O, X5 ilə əmək müqaviləsi bağlamamışdır. Fuad Zeynalov sosial media üzərində postlar hazırlamışdır. Fuad Zeynalov hələ qurulmayan şirkətin işlərini görmüşdür. Fuad Zeynalov "xxxx" MMC-nin İnstagram sosial şəbəkəsində postlar hazırlamış, "xxxx" MMC-nin koordinator vəzifəsində çalışan Amaliya isə həmin postları paylaşmışdır. Hazırda İnstagram sosial şəbəkəsində olan “Sennastore.az” adlı profildə olan bütün postları Fuad Zeynalov hazırlamışdır. Elə hallar olmuşdur ki, Fuad Zeynalov post hazırlamış, lakin post bəyənilmədikdə həmin post paylaşılmırdı. Fuad Zeynalova olan ödənişləri onun istəyinə uyğun olaraq istədiyi vaxtlarda etmişdir. "xxxx" MMC-nin hazırda iki əməkdaşı var. O və koordinator vəzifəsində çalışan Amaliya xanım. Şəxs MMC-də o, ofis meneceri vəzifəsində çalışan Mirhüseyn Musayev, satış meneceri vəzifəsində çalışan Səid, arvadı Şəbnəm Aslanli direktor köməkçisi vəzifəsində, satış meneceri Leyla çalışır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını, “inzibati xəta haqqında iş üzrə icraatın başlanması” haqqında qərarı, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X6 Baş Prokurorluqda yerləşən xidməti iş otağında Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən 05 noyabr 2024-cü il tarixdə tərtib edilmiş “baxış aparılması” haqqında protokoldan görünür ki, 227-İX-24 nömrəli toplanmış material üzrə 05 noyabr 2024-cü il tarixdə 09:52 saatdan 10:03 saatadək “X2 Sistemi”nin “Elektron sorğu” bölməsindən əldə edilmiş X3 əmək müqaviləsi məlumatlarına baxış keçirtmişdir. Baxış aparılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texnikadan istifadə olunmamışdır. “X2 Sistemi”nin “Elektron sorğu” bölməsindən əldə edilmiş X3 əmək müqaviləsi məlumatlarına baxış aparılan zaman X3 Şəxs MMC və həmin MMC-nin direktoru Nümayəndə1 Zeynal oğlu ilə arasında əmək müqaviləsinin bağlanması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi məsələlərini tənzimləyən 49-cu maddəsinin 1-ci hissəsinin tələbinə görə «Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir». Əmək qanunvericiliyinin yuxarıda istinad olunan müddəasından göründüyü kimi, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi ilə şərtləndirilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi isə «Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə» məsuliyyət nəzərdə tutur. Beləliklə, əmək müqaviləsi hüquqi qüvvəyə minməmiş işçinin işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. İşin faktik hallarından görünür ki, Şəxs MMC X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Göstərilənlərə əsasən Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır”. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 22.000 (iyirmi iki min) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar