Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5451/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1954-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, evli, orta təhsilli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 23 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində Şəxs idarə etdiyi VAZ-21099 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozub yolun sağ kənarında dayanmış Zərərçəkmiş şəxs Ziyadxan oğlunun idarə etdiyi «Nissan Sunny» markalı **-VC- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxası hissəsi ilə toqquşmuş, sonuncu avtomobil irəli hərəkət edərək avtomobilə yaxınlaşmaqda olan sürücü Zərərçəkmiş şəxs bud nahiyəsindən dəyərək xəsarət almışdır. Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 noyabr 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur. Material üzrə qəbul edilmiş qərarın surəti Şəxs törətdiyi əməl nəticəsində zərərçəkmiş şəxsin yüngül dərəcəli bədən xəsarəti alması faktına görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət X6 göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 21 radələrində özünə məxsus VAZ-21099 markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvana doğru təxminən 30-40 km saat sürətlə hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin uzaq məsafəli işığı yandırması nəticəsində işığın gözünə təsiri olduğu ücün yolun kənarında dayanan avtomobilin arxasından zərbə ilə dəymiş o, dərhal avtomobildən düşüb yolun kənarında dayanan avtomobilə yaxınlaşan zaman məlum olmuşdur ki, baş vermiş qəza nəticəsində o, idarə etdiyi avtomobil ilə yolun kənarında dayanmış vəziyyətdə olan “Nissan Sunny” markalı avtomobilə arxadan çırpıldıqda yaranan mexaniki təsir zamanı avtomobil irəliyə doğru hərəkət etmiş və avtomobilin sahibi Telman adlı şəxsin sağ ayağına avtomobil dəydiyi üçün sağ ayağından xəsarət alması ona bildirilmişdir. Qəza ilə bağlı dəvət olunmuş TTYS-nın həkim heyəti xəsarət alan Telman adlı şəxşi X5 aparmışlar və o, həmin zaman xəstəxanada olduğu üçün Telman adlı şəxsin tibbi müayinəsi zamanı onun bədənində sınıq xəsarətlərinin olmaması aşkar olunmuş və sağ ayağının yüngül dərəcəli yumuşaq toxumalarının əzilməsi müəyyən olunduğu üçün Telman ambulator mülaicə alması üçün evə buraxılmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasında olmuşdur. Sonda Şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə olunduğunu və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, O, “Nissan Sunny” markalı **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-ci il tarixdə saat təxminən 21 radələrində sözü gedən avtomobillə Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ilə hərəkətdə olan zaman evə çörək almaq ücün yolun kənarında avtomobili saxlayıb düşmüş, sonra təndir çörəyi alıb geri qayıdarkən avtomobilinə yaxınlaşan zaman həmin küçədə hərəkətdə olan avtomobil qəfildən avtomobilinin arxa hissəsinə zərbə ilə dəymiş və nəticədə zərbənin təsirindən sağ ayağından yüngül dərəcəli xəsarət almışdır. Hadisə yerinə gələn TTY-stansiyasının avtomobili ilə onu Sabunçu xəstəxanasına aparmışlar orada ona tibbi yardım göstərildikdən sonra müalicəni davam etdirmək ücün onu evə buraxmışlar. Avtomobili idarə etmək üçün bütün lazımi sənədləri qaydasındadır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə və yüksüz olmuşdur. Hadisə baş verən zaman hava tutqun vəziyyətdə asfalt örtüklü olmuşdur. Avtomobili idarə etdiyi zaman ayıq vəziyyətdə olmuşdur. Ona dəymiş ziyan təqsirli tərəfdən ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq Suraxanı rayon Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının 25 oktyabr 2023-cü il tarixli 974 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ziyadxan oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarət sağ bud-çanaq oynağı nahiyəsini əhatə edən yumşaq toxumanın hematoması bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşın vurması nəticəsində törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi sxemindən görünür ki, yol-nəqliyyat hadisəsi Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsi ərazisində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, zərərçəkmiş şəxsin izahatı, məhkəmə tibbi ekspertizasın rəyi, yol-nəqliyyat hadisəsi sxemi, iş materialına əlavə edilmiş digər sənədlər ilə Şəxs əməli kifayət qədər sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hal məhkəmədə müəyyən edilməmişdir. İXM-nin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini, hadisənin ehtiyatsızlıqdan törədilməsini, əvvəllər eyni maddə ilə barəsində inzibati xəta haqqında protokolun olmamasını, əməldən səmimi peşimançılığını və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə İXM-nin 32.1.1 və 32.2-ci maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə məhkəmə tərəfindən Şəxs İXM-nin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən “inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər”. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi Suraxanı RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 01 noyabr 2023-cü il tarixli qərarından bir gün sonra Suraxanı RPİ-nin DYPŞ-nin inspektoru, polis kapitanı X4 tərəfindən İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də faktiki olaraq həmin protokol baxılması üçün Suraxanı rayon Məhkəməsinə 27 noyabr 2024-cü il tarixdə yəni bir ildən artıq müeddəöt keçdikdən sonra göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin qeyd olunmalıdır ki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, yol-nəqliyyat hadisəsi 23 oktyabr 2023-cü il tarixdə baş vermiş, 01 noyabr 2023-cü il tarixdə Suraxanı Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət işinin başlanması rədd olunmuş, 02 noyabr 2023-cü il tarixdə Suraxanı rayon X8 Şöbəsinin polis kapitanı X4 tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin inzibati xəta haqqında material Suraxanı RPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Surxay Vəliyev tərəfindən 31 yanvar 2024-cü il tarixli məktubla Suraxanı Rayon Məhkəməsinə göndərilmiş və material 27 noyabr 2024-cü il tarixdə dəftərxanaya daxil olmuşdur. Belə ki, hadisənin baş verdiyi gündən hazırkı günədək 1 ildən artıq müddət keçdiyindən şəxsin əməlində inzibati xətanın tərkibi olmuş olsa belə şəxs inzibati məsuliyyətə cəlb etmə müddəti ötürüldüyündən inzibati məsuliyyətə cəlb oluna bilməz. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 53, 111, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət ötürüldüyünə görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5451/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5451/2024
05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver