Məhkəmə qərarları › İş №3(010)-5463/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5463/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5463/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, 10 sentyabr 1985-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN 1BHPZBV, məhkum olunmamış, "xxxx" MMC-də direktor vəzifəsində işləyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti 29 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. X2 şikayət ərizəsinə əsasən müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarı ilə X3 və X4 guya əmək müqaviləsinin qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyi üçün İXM-nin 192.1-ci maddəsi ilə Yummy Catering MMC-nin direktoru kimi 3000 manat cərimə edilmişdir. Hesab edir ki, barəsində olan 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərar əsassız olduğundan ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İlkin olaraq qeyd edir ki, X3 25 may 2024-cü il tarixdə işləmək üçün Qarabağ zonasına getmişdir. Lakin iş və şərtlər onu qane etmədiyi üçün geri qayıtmış, heç bir işə cəlb edilməmişdir. Belə ki, X7 iyun ayının axırlarında Şuşa şəhərində yerləşən yeməkxanada ofisiant işləməyə getmiş, 4-5 gün Qarabağ zonasında qalmış və əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək müqaviləsinə xitam verilmiş və Qarabağ zonasını tərk etmişdir. Həmçinin qeyd etmişdir ki, direktoru olduğu hüquqi şəxs Yummy Catering MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə eyni əsasa görə protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə iclasında Müfəttişliyin protokolda qeyd etdiyi şəxslər X3 və X7 dindirilmişdir. Məhkəmə iclasında dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iyun ayının axırlarında Şuşa şəhərində yerləşən yeməkxanada ofisiant işləməyə getmişdir. 4-5 gün Qarabağ zonasında qalmış və əmək müqaviləsi bağlanmışdır. Sonradan əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iclasında dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 25 may 2024-cü ildə işləmək üçün Qarabağ zonasına getmişdir. Lakin iş və şərtlər onu qane etmədiyi üçün geri qayıtmışdır. MMC ilə heç bir əmək münasibətində olmamış və heç bir müqavilə bağlanmamışdır. Məhkəmə araşdırması nəticəsində Suraxanı Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli 3(010)-3388/2024 saylı qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Müfəttişlik tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2411/2024 saylı qərarı ilə şikayət təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də barəsində olan 192.1-ci maddə ilə qərar üzrə qeyd edilən halların sübuta yetmədiyinə dair qüvvədə olan məhkəmə qərarı vardır. Qeyd edilənləri nəzərə alaraq, belə hesab edir ki, barəsində olan 26 iyul 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında iş üzrə qərar çıxarılmış şəxs X5 izahatında şikayətində qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək göstərdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə hüquqi şəxs Yummy Catering MMC-nin direktoru kimi vəzifəli şəxs olaraq 3000 manat cərimə edilmişdir. Direktoru olduğu Yummy Catering MMC barəsində də İXMnin 192.1-ci maddəsi ilə eyni əsasa görə protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə araşdırması nəticəsində Suraxanı Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli 3(010)-3388/2024 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X11 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2411/2024 saylı qərarı ilə şikayət təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənləri nəzərə alaraq, belə hesab edir ki, barəsində olan 26 iyul 2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Həmin Məcəllənin 60.3-cü maddəsinə görə isə işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və vaxtında gəlmələrinə imkan yaratmaq üçün bildiriş onlara müvafiq prosessual hərəkətin tarixinə ən azı 5 gün qalmış verilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından göründüyü kimi X5 məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarı ilə 3000 manat cərimə tətbiq edilmişdir. Həmin qərarın surəti ona təqdim edilməmiş, sonradan qərar barədə məlumat aldıqdan sonra Müfəttişliyə rəsmi müraciət edərək qərarı əldə etmişdir. Buna görə də Məhkəmənin 09 dekabr 2024-cü il tarixli qərardadı ilə X2 şikayət vermək üçün qanunda nəzərdə tutulmuş müddət üzürlü hesab edilərək vəsatəti təmin olunmuş və 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X5 tərəfindən şikayət verilməsi müddəti bərpa edilmişdir. İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 192.1-ci maddəsi ilə işə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsi dinləyərək, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələbləri, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Buna görə də X5 vəzifəli şəxs qismində maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzibati cərimə olunmuşdur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 26 iyul 2024-cü il tarixli MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə Yummy Catering MMC-nın direktoru kimi 3000 manat cərimə edilmişdir. Direktoru olduğu hüquqi şəxs Yummy Catering MMC barəsində də İXM-nin 192.1-ci maddəsi ilə eyni əsasa görə protokol tərtib edilərək Suraxanı Rayon Məhkəməsinə göndərilmiş, məhkəmə araşdırması nəticəsində Suraxanı Rayon Məhkəməsnin xx.xx.2024-cü il tarixli 3(010)-3388/2024 saylı qərarı ilə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan X11 Xidməti tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-2411/2024 saylı qərarı ilə şikayət təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırda eyni iş üzrə hüquqi şəxs barəsində tərtib edilmiş İXM-nin 192-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola xitam verilmiş, həmin qərar Apellyasiya Məhkəməsində qanuni qüvvəyə minmişdir. İXM-nin 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şəxsin inzibati xəta törətməsini sübut etmək vəzifəsi qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, lakin inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, iş üzrə görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs təqsirlilik məsələsini mübahisələndirir və özünü təqsirli bilmir. Belə bir vəziyyətdə iş üzrə törədilmiş inzibati xətaya dair əhəmiyyət kəsb edən sübutlar toplanılmamışdır. Halbuki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalı və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə hesab edir ki, iş materiallarında olan sübutlara əsasən müəyyən edilir ki, X2 əməlində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Buna görə də məhkəmə prosessual qənaət prinsipini əsas tutaraq hesab edir ki, mübahisələndirilən qərarın yenidən məhkəmə tərəfindən ləğv edilməsi və araşdırılması üçün inzibati orqana (vəzifəli şəxsə) göndərilməsi nəticəsiz olacaqdır. İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinin tələbinə görə şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Buna görə də məhkəmə hesab edir ki, X2 əməlində vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 əməlində vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X6 tərəfindən qəbul olunmuş 26 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar