Məhkəmə qərarları › İş №3(010)-554/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-554/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-554/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, məhkəmə iclas katibi Ələmşahova Aytəkin Aqil qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar X3, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Vəlizadənin oğlunun iştirakı ilə, Şəxs, xx.xx.1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 31 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicad Vəlizadə tərəfindən Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. İnzibati xəta törədilməsi haqqında protokol tərtib etmiş icra məmuru Nicat Vəlizadə məhkəmədə bildirdi ki, Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli icra sənədinin icrasını və icra məmurunun tələblərini yerinə yetirmir. Hazırda borclunun 36300 manat məbləğində borcu vardır. Odur ki, borclunun inzibati qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 3000 manat məbləğində pulu tələbkara ödəmiş, işsiz olduğunu, iş tapdıqdan sonra hər ayın sonunda ödəniş edəcəyini, bundan sonra da mütəmadi olaraq ödənişlər edəcəyini bildirərək, protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X8 izahatında, borclunun borcundan 3000 manat ödəniş etdiyini, indiyə kimi heç bir ödəniş etmədiyini, uşaqları ilə maraqlanmadığını, məsuliyyətsiz olduğunu hazırda onun barəsində hansı qərarın qəbul edilməsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsi ilə 05 noyabr 2010-cu il təvəllüdlü X1 26 mart 2012-ci il təvəllüdlü X6 və 24 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs 22 noyabr 2017-ci il tarixdən başlayaraq, hər uşaq üçün hər ay 154 manat məbləğində olmaqla, cəmi 462 manat məbləğində sabit pul şəklində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsi dəyişdirilərək, 05 noyabr 2010-cu il təvəllüdlü X1 26 mart 2012-ci il təvəllüdlü X6 və 24 may 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla, hər uşaq üçün hər ay 170 (bir yüz) manat məbləğində olmaqla, cəmi 510 manat məbləğində sabit pul şəklində aliment tutularaq X7 ödənilməsi qət edilmişdir. 31 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)- 1502/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli icra sənədini dair icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İş materiallarında olan qəbzlərə əsasən, Şəxs 2000 manat və 1000 manat məbləğində pulu tələbkar X7 ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə borclu Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli icra snədi üzrə yaranmış borcundan icra sənədi üzrə tələbkar X3 xeyrinə 3000 manat ödədiyini və tələbkarın həmin pul vəsaitinin qəbul etdiyini nəzərə alaraq, hesab edir ki, Şəxs borcunun azaldılması üçün real hərəkətlər etdiyi halda, maddi imkansızlıq ucbatından bir müddət icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhər Xətai Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli, 2(010)-1502/2018 nömrəli qətnaməsinə dair xx.xx.2018-ci il tarixli icra sənədini və Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-2589/2020 saylı, xx.xx.2020-cu il tarixli qətnaməsinə dair xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar