Məhkəmə qərarları › İş №3(010)-5599/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5599/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5599/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlunun sədrliyi, məhkəmə iclas katibi Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X8 İdarəsi, X11 Polis Bölməsinin xidmət üzrə inspektoru X2 iştirakları ilə, xx xxx 1975-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əlilliyi olmayan, məhkumluğu olmayan, Laçın rayonu, Haqnəzər kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qum adası ərazisində məcburi köçkün kimi məskunlaşan. Şəxs barəsində Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin X8 İdarəsi, X11 Polis Bölməsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi X8 İdarəsi, X11 Polis bölməsindən daxil olmuş 04 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Əhmədov X4 rayonu, “Qum adasında” “X6 Company Limited” şirkətindən xx.xx.2024-cü il tarixdə 20 metr elektrik kabelini, xx.xx.2024-cü il tarixdə 10 metr elektrik kabelini oğurlamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi X8 İdarəsi, X11 Polis Bölməsinin xidmət üzrə inspektoru X5 izahatında bildirdi ki, Əhmədov X4 rayonu, “Qum adasında” “X6 Company Limited” şirkətindən xx.xx.2024-cü il tarixdə 20 metr elektrik kabelini, xx.xx.2024-cü il tarixdə 10 metr elektrik kabelini oğurlamışdır. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın icrası ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında izahatı alınmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, təxminən 15 gün bundan öncə Qum adası adlanan əraziyə balıq tutmaq məqsədilə getdiyi zaman, X9 şirkətinin ərazisində elektrik kabelinin torpağın üstündə açıq vəziyyətdə olduğunu görərək ətrafa nəzər yetirmiş, lakin heç kimin görmədiyinə əmin olaraq fürsətdən istifadə edib 20 metrlik kabelin hər iki tərəfini ayağı ilə sındırıb götürərək oğurlamışdır. Daha sonra həmin kabeli ətrafda bir yerə gizlədib yaxınlıqda olan dayanacaqdan taksi çağırmış və taksi ilə birlikdə kabeli yaşadığı evin həyətinə gətirmiş və taksinin 6 manat yol haqqını verib yola salmışdır. Sonra həmin kabeli evin həyətində divarın küncündə yandıraraq alüminiumu rezinindən ayırmışdır. Daha sonra Hövsan qəsəbəsində yerləşən metal qəbulu yerinə 30 manat müqabilində satmışdır. xx.xx.2024-cü il tarixdə saat 05 radələrində yenidən həmin əraziyə yaxınlaşmış və ətrafa nəzər yetirmiş heç kimin olmadığını görüb yerdən oğurladığı 20 metrilk kabelin qalan 10 metrini oğurlayaraq götürmüş və yaxınlıqda bir yerə gizlədib evə getmişdir. Həmin tarixdə saat 10:00-da dayanacaqdan həmin taksi sürücüsünü çağırmış və kabeli yaşadığı evin həyətinə aparmaq istəyərkən polis əməkdaşları onlara yaxınlaşaraq PB-nə dəvət etmişlər. Əlavə olaraq izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsi “X9 Şirkəti”-nin ərazisinə saat 13:00 radələrində getmiş və ətrafa xeyli nəzər yetirmiş lakin, heç kimin olmadığına əmin olub binaya yaxınlaşmış və həmin binanın divarına bərkidilmiş kabeli götürmək istəmişdir, lakin götürməmiş və əlində olan köhnə bıçaqla kabelləri kəsərək ziyan verməklə oradan uzaqlaşmışdır. İnzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Tutulduğu üçün oğurladığı kabeli polis əməkdaşlarına təhvil vermişdir. Qeyd edir ki, zərərçəkmiş şəxslə barışıb və sonuncuya vurduğu ziyanı tam ödəyib. Bununla bağlı zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə ərizə təqdim etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında izahatı alınmış zərərçəkmiş şəxs “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, xx.xx.2024-cü il tarixdə torpaq üzərində açıq vəziyyətdə olan 20 metr elektrik kabelinin oğurlanması nəticəsində nümayəndəliyə 65 (altmış beş) manat ziyan dəymiş, xx.xx.2024-cü il tarixdə 10 metr elektrik kabelinin oğurlanması ilə əlaqədar nümayandəliyə 30 manat ziyan dəymişdir. Oğurlanmış kabellər polis tərəfindən qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Sonda zərərçəkmiş şəxs “X6 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək göstərilənləri nəzərə alıb inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilmişdir. İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun etirafedici izahatı, zərərçəkmiş şəxsin izahat və ərizəsi, həmçinin inzibati xəta haqqında protokol və iş üzrə toplanmış digər sübutlarla kifayət qədər təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını, zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni, həmçinin digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 6-cı fəslində inzibati məsuliyyətdən azad etmə hissəsində 39.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə inzibati məsuliyyətdən azad edilməli və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs vurulmuş ziyanı tamamilə ödədiyinə və zərərçəkmiş şəxslə barışdığına görə İXM-nin 39.2-ci maddəsinə əsasən inzibati məsuliyyətdən azad edilsin və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar