Məhkəmə qərarları › İş №3(010)-560/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-560/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-560/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən – Suraxanı Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X2, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Daxili Nəzarət Şöbəsinin böyük məsləhətçisi X3 iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X4 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5.000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərar 26 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında protokol əsasında verilib. X4 göstərilən qərardan şikayət verib. O, işə məhkəmədə baxılması zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Həmçinin bildirir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarını qanunsuz və əsassız sayır. Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsində, «Günəşli» şadlıq sarayının birinci mərtəbəsində yerləşən laboratoriyada vaxtilə «lityo» (tökmə) işi ilə məşğul olub. Ona bu sənəti atası öyrətmişdir. Tökmə işinə aid olan digər işləri görməklə yanaşı, diş həkimlərinin verdikləri diş ölçülərinin mum formalarını metal formalara keçirib müvafiq sifarişləri vermiş həkimlərə qaytarırdı. Lakin uzun müddət idi ki sifarişlər olmadığına görə həmin fəaliyyətlə məşğul olmamışdır. Bununla bağlı Vergilər Nazirliyinə bəyannamə də təqdim edib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs vurğulayır ki, hətta müvafiq dövrdə yuxarıda qeyd olunan işlə məşğul olubsa da belə bu fəaliyyət diş texniki fəaliyyəti kimi qiymətləndirilə bilməz. Belə ki, «lityo» işi ilə məşğul olduğu vaxt tək həkimlərin təqdim etdiyi diş mum formalarını metal formalara keçirməklə deyil, «lityo» işinə aid olan digər məhsulları da hazırlayıb sifarişçilərə təhvil verirdi. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Daxili Nəzarət Şöbəsinin böyük məsləhətçisi X5 işin məhkəmə baxışı zamanı inzibati xəta haqqında qərarda göstərilənlərə uyğun məzmunlu izahat verərək 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət aşağıdakı səbəblərə görə təmin edilməməlidir. 3214-3-00251-01 nömrəli Diş texniki milli peşə standartının preambulasında diş texniki peşəsinin qısa təsviri kimi aşağıdakılar qeyd olunur: «Diş texniki həkimin sifarişi əsasında tələb olunan model, tərkib və ölçüdə diş tacları, diş körpüləri, eləcə də protez və diş qapaqları kimi süni dişləri hazırlayır, hazırlanmış diş üzərində korreksiya işləri aparır və təmir edir. O, həmçinin süni dişin texniki problemlərini (diş daşlarının təmizlənməsi, ləkələrinin aradan qaldırılması, müvafiq tonla ağardılması və s.) aradan qaldırır». Həmin peşə standartının V.2. bəndinin F.2.3. yarımbəndində diş texnikinin fəaliyyət istiqaməti kimi «Metal, çini, akril, gips kütlələrini əridib diş protez və formalarını almaq üçün qəlib və formalara tökmək» göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq olunmuş siyahının 2.24.5-ci bəndində diş texniki fəaliyyəti özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan işlərə aid edilib. İşin faktik hallarından görünür ki, X4 müvafiq fəaliyyətlə məşğul olması üçün lisenziya almayıb. Beləliklə, X4 özünü təqsirli bilmədiyinə baxmayaraq, onun elə özü tərəfindən bildirilənlərdən görünür ki, o, diş həkimlərinin sifarişləri əsasında metal kütlələrini əridib diş formalarını almaq üçün qəliblərə tökmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxsin həmin fəaliyyətlə məşğul olması halı onun iş materiallarına əlavə edilmiş yazılı izahatları ilə də təsdiq olunur. Bununla yanaşı, X1 dövrlərdə yuxarıda təsvir olunan fəaliyyətlə məşğul olmadığını məhkəmədə bildirdiyinə baxmayaraq, aşkar edildiyi vaxt onun həmin fəaliyyətlə məşğul olması faktı iş materiallarına əlavə edilmiş fotoşəkillərlə və özünün yazılı izahatları ilə təsdiq olunur. Göstərilənlər və işin digər faktik halları belə qənaətə gəlməyə əsas verir ki, X2 Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 5.000 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı qanuni və əsaslıdır. Ona görə də şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 136 və 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 18 mart 2021-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar