Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5602/2024 07.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X2 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.2003-cü il tarixdə, Quba rayonu, Vladimirovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Quba rayonu, Vladimirovka kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1; 332.2 və 511.1.3-cü maddələrində müəyyən olunmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Suraxanı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1; 332.2 və 511.1.3cü mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаları törətməkdə təqsirli bilinərək, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidmətinin inspektoru tərəfindən 06 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs nəqliyyat vasitəsini etibarnamə olmadan (İXM 332.1) və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan (İXM 332.2) idarə etmiş, eləcə də avtoxuliqanlıq (İXM 511.1.3) - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması - etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin yol patrul xidməti baş inspektoru X2 bildirdi ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, E.Həsənov və S.Tağıyev küçələrinin kəsişməsində nəqliyyat vasitəsini idarə etmək hüququ və həmin nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verən sənəd olmadan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, həmin avtomobil başqa bir şəxsin adına “rent a car”dan götürülmüş, həmin şəxs də avtomobildə olmuş, lakin avtomobili vətəndaş Şəxs idarə etmişdir. O, avtomobili idarə edərkən “Təhlükəsiz şəhər” kamerasının altından keçərək düz məktəbin yanında “ruçnoy” çəkmiş, yerdə çoxsaylı təkər izləri buraxmışdır. Bununla bağlı müvafiq videogörüntülər mövcuddur. Hesab edir ki, vətəndaşın əməllərində İXM-in 332.1; 332.2 və 511.1.3-cü maddələrinin tərkib əlamətləri var. Odur ki, məhkəmədən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək qeyd etdi ki, o, cəmi bir dəfə “ruçnoy” çəkmiş, avtomobili yerində yan tərəfə fırlatmışdır. Hərəkətindən peşmandır. Həmçinin əvvəllər barəsində inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlı, lakin İXM-in 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında protokollara baxılması məhkəmənin səlahiyyətində olmadığından həmin hissədə protokola səlahiyyətli orqan baxmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yol nəqliyyat hadisəsinin videogörüntüsü əsasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs nəqliyyat vasitəsini idarə edərkən qəfil sürətləndirib döndərməklə təkərlərin sürtünməsi səsləri çıxarmış və yol səthində təkər izləri buraxmışdır. Barəsində protokol tərtib edilən şəxs həm polis idarəsində verdiyi izahatda, həm də məhkəmə iclasında dinlənilərkən əməlini etiraf etmiş, özünü həmin əməldə təqsirli bilmişdir. Belə olan halda məhkəmə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olduğu nəticəsinə gəlir. Hansı ki, həmin maddəyə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müəyyən edərkən onun əməlindən səmimi peşman olmasını, həmçinin barəsində daha əvvəl inzibati xəta törətməməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir və onun təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş 500 manat məbləğində inzibati cərimə edilməsi nəticəsinə gəlir. Belə ki, İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsə də, İXMin 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair hissədə prokollara baxılmasının məhkəmənin səlahiyyətində olmadığı nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətaların Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan İXM-in müvafiq maddələrində nəzərdə tutulmuş inzibati xətaların dairəsi müəyyən edilmişdir. İXM-in 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar isə həmin dairəyə daxil deyil. İXM-in 43.3cü maddəsində inzibati xətalar haqqında işlərə baxmaq hüququ olan səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərmə səlahiyyəti nəzərdə tutulsa da, hazırkı işdə bu halların heç biri mövcud deyil. Həmçinin protokolu tərtib edən səlahiyyətli orqanın nümayəndəsi tərəfindən də bu hala istinad edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, protokola həmin hissədə baxılması məhkəmənin səlahiyyətində deyil. Nəzərə alınmalıdır ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarı). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilərək 500 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 500 (beş yüz) manat məbləğində inzibаti cərimə tənbehi tətbiq edilsin. Qərаrdan rəsmi qaydada verildiyi gündən 10 (оn) gün müddətində Bakı şəhəri Suraxanı Rаyоn Məhkəməsi vаsitəsi ilə Bakı Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №3(010)-5602/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5602/2024
07.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver