Məhkəmə qərarları › İş №3(010)-565/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-565/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-565/2023 31.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Kərimov Namiq Həsrət oğlunun sədrliyi Hacıyev Gündüz Nizami oğlununa katibliyi ilə, Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi 31 yanvar 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-14957/2016 nömrəli icra vərəqəsinə əsasən Şəxs 11 mart 2009-cu il təvəllüdlü X6, 23 iyul 2010-cu il təvəllüdlü X10 və 11 iyul 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün 29 noyabr 2016-cı il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. Suraxanı rayonu İcra Şöbəsinin icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, icra sənədi Suraxanı rayon İcra şöbəsinin icraatına daxil olduqdan sonra müvafiq qaydada icraata başlanmış, borcluya icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş və icraata başlamaq haqqında qərar bildirişlə birlikdə borcluya göndərilmişdir. 01 avqust 2018-ci il tarixli qərarla borclu barəsində axtarış elan edilmişdir. Suraxanı rayon Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati həbs edilmişdir. Suraxanı rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılmışdır. Suraxanı rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Eyni zamanda borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. Şəxs aliment borcu bu gün üçün 6.750 manatdır. İşin məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, hər ay vaxtı-vaxtında aliment pulunu ödəyirdi. Həmin bu yığılan borc birgə yaşadıqları dövr ərzində yığılıb. Hal-hazırda özü kirayə qalır və bütün borcu bağlamağa imkanı yoxdur. İşin məhkəmə baxışı zamanı tələbkar X5 izahatında bildirmişdir ki, cavabdeh alimentdən qəsdən, məqsədli şəkildə boyun qaçırır.Şəxsi biznesinin və maddi imkanının olmasına baxmayaraq qərəzli şəkildə ödəmir.Hal hazırda iki uşağı olan başqa qadınla qeyri rəsmi yaşayaraq onun uşaqlarına baxır. Öz övladlarını isə saxlaya bilmir, bu səbəbdən tələb edir ki, borclu aliment borcunu ödəsin. Göstərilənlərə əsasən borcluya qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə tərəfindən müəyyən edilmiş borcunu ödəməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on ) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 31 yanvar 2023-cü il tarixindən saat 18.30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Namiq Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar