Məhkəmə qərarları › İş №3(010)-5671/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5671/2022

12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5671/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Nuriyev Elnur Aləm oğlu, məhkəmə iclas katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakı ilə, Şəxs, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 12 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə daxil olmuşdur. 12 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, qardaşı mağazaya gedərkən yolda narkomanlar ondan siqaret istəmiş, qardaşıda siqaret vermişdir. Həmin vaxt polis əməkdaşları həmin narkomanlar ilə birlikdə onun qardaşını da tutaraq aparıblar. Daha sonra dostu ona zəng edərək qardaşının polis əməkdaşları tərəfindən aparıldığını bildirmişdir. O, hadisə baş verən yerə getmiş və polis əməkdaşlarından qardaşını nəyə görə apardıqlarını soruşmuş, polis əməkdaşları ona polis idarəsinə gəlməyi bildirdilər. O, şəxsi avtomobili ilə polis əməkdaşlarının idarə etdiyi avtomobilin arxası ilə sürərək, Polis İdarəsinə getmişdir. Hadisə 09 dekabr 2022-ci il tarixdə baş verib və həmin gündən bu günə qədər onu əvvəlcə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin inzibati binasında, daha sonra isə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirərək orada saxlayıblar. O, polis əməkdaşlarına hər hansı bir formada tabesizlik göstərməmişdir. Sonda Şəxs məhkəmədən qeyd edilənləri nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəmədə bildirdi ki, 09 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Malik Mutafayev küçəsində yerləşən Poçtun qarşısında təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılmışdır. Bundan sonra polis əməkdaşları Polis İdarəsinə gedərkən Şəxs idarə etdiyi avtomobil təhlükəli manevrlər edərək, polis əməkdaşlarının idarə etdiyi avtomobili təqib etməyə başlamışdır. Daha sonra Şəxs polis əməkdaşlarının xidməti fəaliyyətinə müdaxilə etmişdir. Buna görə də Şəxs Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin izahatı alınmış, bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol da tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, 12 dekabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda Şəxs 09 dekabr 2022-ci il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı, bu halın Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin polis nəfərləri tərəfindən tərtib edilmiş raportla müəyyən edildiyi qeyd edilsə də, lakin Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının konkret olaraq hansı qanuni tələblərinə tabe olmadığı öz əksini tapmamışdır. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin polis nəfərləri tərəfindən tərtib edilmiş raportdan isə Şəxs idarə etdiyi Nissan markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə polis əməkdaşlarının idarə etdiyi **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etdiyi, yolda təhlükəli manevrlər etdiyi bu səbəbdən də Polis Bölməsinə dəvət edildiyi müəyyən olunur. Məhkəmə Şəxs idarə etdiyi Nissan markalı **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə polis əməkdaşlarının idarə etdiyi **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobili təqib etməsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X1 və Şəxs məhkəmə iclasında verdiyi izahatlarından görünür ki, X1 qardaşı polis əməkdaşları tərəfindən saxlanıldığı üçün, o, qardaşının hara aparıldığı barədə məlumat almaq məqsədi ilə idarə etdiyi avtomobilini polis əməkdaşlarının idarə etdiyi avtomobilin arxası ilə sürdüyü və polis əməkdaşları ilə birlikdə polis idarəsinə getdiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs idarə etdiyi avtomobil ilə özü polis idarəsinə getmiş, polis əməkdaşlarının qeyd edilən tələblərinə hər hansı bir formada tabesizlik göstərməmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bundan başqa iş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 09 dekabr 2022-ci il tarixdə, saat 22:00-da Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibi olmadığının müəyyən edildiyinə görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verildiyini nəzərə alaraq hesab edir ki, Şəxs dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın icrası Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elnur Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar