Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-569/2023 21.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, Ələmşahova Aytəkin Aqil qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cu il tarixdə Zərdab rayonu, Aşağı seyidlər kəndində anadan olmuş, Zərdab rayonu, Aşağı seyidlər kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi, ünvansız fərdi yaşayış evində yaşayan, Şəxs, barəsində Bakı şəhəri Suraxanı Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və 30 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhəri Suraxanı Rayon Prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov tərəfindən qəbuledilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Həmin qərardan görünür ki, Şəxs 2022-ci ilin noyabr ayından başlayaraq dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyətini həyata keçirərək tikinti aparılması üçün ayaqaltıların icarəyə verilməsi ilə məşğul olmuş, iki dəfə sifariş qəbul edərək həmin sifarişlər əsasında cəmi 350 manat gəlir əldə etmiş, bununla da Azərbaycan Respublikası İXM-in 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. İnzibati işə tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq qeyd edir ki, Şəxs təqsiri iş üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, cinayət işinin rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli haqqında qərara görünür ki, Şəxs Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən ayaqaltıların icarəyə verilməsi işlərini 2022-ci ilin noyabr ayından görməyə başlamışdır. Həmin işə yeni başladığı üçün fiziki şəxs kimi vergi qurumunda qeydiyyata düşməmişdir. Həmin işdə təcrübəsi kifayət qədər olmadığından ilkin olaraq qeydiyyata durmaqdan ötrü İqtisadiyyat Nazirliyinə müraciət etməmişdir. İşə fərdi qaydada cəlb etdiyi şəxslərdən biri həmyerlisi İlkin İbrahimli və böyük qardaşının bacanağı Zərərçəkmiş şəxs və həmyerlisi İlkin Mürşüdlü olmuşlar. Fəaliyyətə başlayandan iki dəfə sifarişi olmuş, həmin sifarişlər əsasında cəmisi 350 manat qazancı olmuşdur. Fəhlə kimi işçilərin hər birinə 30 manat pul vermişdir. Belə ki, hər dəfəsində sifarişlə bağlı gündəlik hər birinə 30 manat pul vermişdir. Həmin işlər hündürlükdə görüldüyünə görə işçiləri qoruycu kəmərlə və kaska ilə təmin etmişdir. Bu işlərdə mütləq qaydada təhlükəsizlik qaydalarına əməl edilməsi tələb edilməklə hər hansı bır şəxsin ayaqaltıdan yıxılaccağı tədirdə sağ qalma şansı sıfıra bərabərdir. «Retro Mail» Ticarət Mərkəzində ayaqaltıların quraşdırılması işi ona həvalə edilmişdir. Belə ki, həmin işlərin görülməsindən ötrü xx.xx.2022-ci ildə Retro Holding MMC-nin direktoru Turqut Məmmədov ilə aralarında podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında cəmiyyət tərəfindən tikintisi aparılan «Retro Mail» Ticarət Mərkəzində ayaqaltıların quraşdırılması işinə xx.xx.2022-ci ildə başlamalı olmuşlar. Ona görə də tabeliyində olan Zərərçəkmiş şəxs Pirah oğlu, X2, X1 ilə birgə oraya getmişlər. Maşın ilə ayaqaltıları nəzərdə tutulmuş ünvana çatdırmışlar. Həmin ticarət mərkəzində iş icraçısı olan Qnyaz İsmayılov ilə görüşmüşlər. Adlarını qeyd etdiyi işçilərin əmək funksiyalarının içrası ilə bağlı texniki təhlükəsizlik qaydalarına əməl edilməsi öhdəliyin o, özü daşımışdır. Ona görə də işçiləri həmin günü kəmər və kaska ilə təmin etmişdir. Qnyaz İsmayılov ticarət mərkəzində ilkin təlimat kimi mərtəbələr arası hərəkət etmək üçün ehtiyyat pilləkəni ilə onları tanış etmişdir. Həmçinin təhlükəsizliklə bağlı tərtib edilmiş cəmiyyətin jurnalına hər üç əməkdaşa imza etdirmişdir. Ticarət mərkəzi dörd mərtəbəli olmaqla mərtəbələr arasında eskalator, yük və sərnişin liftləri olmasına baxmayaraq istifadə edilməmişdir. Eskalatorun giriş hissəsi qırmızı lenta ilə bağlanılmış və qarşısında sütundan sütuna lenta çəkilmişdir. O, özü də ayrılıqda işçilərə təhlükəsizlik qaydalarını izah etməklə təkrar olaraq mərtəbələr arasında hərəkət etməkdən ötrü binanın ehtiyat pilləkənlərindən istifadə etmələrini tapşırmışdır. İşə başlayan zaman işçilər kaska və qoruyucu kəmərlərdən istifadə etmişlər. İşçilərə nahar etmək üçün ticarət mərkəzinin birinci mərtəbəsində yer ayrılmışdır. İşə səhər saatlarında başlanılmışdır. Günorta Zərərçəkmiş şəxs nahar fasiləsinə çıxarkən tikintinin birinci mərtəbəsinə düşən vaxtı tikintidə mərtəbələr arasında olan eskalatorun üzərindən düşməklə daha qısa yolla məsafə qət etməkdən ötrü eskalatorun üzərindən düşmək qərarına gələrkən eskalatorun kənarında olan açıq sahədən yerə yıxılmışdır. Halbuki həmin sahə hərəkət etməməkdən ötrü qırmızı lenta ilə bağlı vəziyyətdə olmuşdur. Həmin vaxtı Namiq ayağını qaldırıb lentanın üzərindən keçirtməklə ayağını düzgün yerləşdirməmiş, müvazinətini itirməklə yerə yıxılaraq xəsarət almışdır. Nə səbəbə Namiq Alsanovun özbaşına nəzərdə tutulmayan sahədən keçməsini bilməmişdir. Həmin vaxtı o, işçilərin işinə orada olmaqla nəzarət etmişdir. Namiq ilə xəstəxanada söhbət zamanı onaə məlum olmuşdur ki, nahardan əvvəl sanitar qovşaqa getməkdən ötrü hər kəsdən əvvəl binanın birinci mərtəbəsinə düşmək qərarına gəlmiş, qısa məsafə qət etməkdən ötrü eskalatorun üzəri ilə birinci mərtəbəyə düşmək isətəyərkən müvazinətini itirməklə eskalatorun yanında olan boş sahədən yerə yıxılmışdır. Göründüyü kimi, Şəxs Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən ayaqaltıların icarəyə verilməsi işlərini 2022-ci ilin noyabr ayından görməyə başlamış, həmin işə yeni başladığı üçün fiziki şəxs kimi vergi qurumunda qeydiyyata düşməmiş, fəaliyyətə başlayandan iki dəfə sifarişi olmuş, həmin sifarişlər əsasında cəmisi 350 manat qazancı olmasını etiraf etmişdir. İnzibati işə əlavə olunmuş və Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatdan görünür ki, Şəxs sahibkar kimi dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə cərimə, əldə etdiyi gəlirin iki misli miqdarında təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirli bilinərək, əldə etdiyi 350 (üç yüz əlli) manat məbləğində gəlirin iki misli, yəni 700 (yeddi yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №3(010)-569/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-569/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver