Məhkəmə qərarları › İş №3(010)-5743/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5743/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5743/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Orxan Həsənovun iştirakları ilə, xx xxxx 1990-cı ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, evli, Kəlbəcər rayonu, Zivel kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, fərdi yaşayış evində yaşayan, Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində narkotik vasitə istifadə etməkdə şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuş, orada izahatı alındıqdan sonra Şəxs tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən sidiyində AMP (+), OPİ (+), THC (+) aşkar edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin təhqiqatçısı Hüseyn Əliyevin 27 noyabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasından ötrü qərarın surəti 32-ci Polis Bölməsinin müvafiq əməkdaşına həvalə edilmişdir. Buna görə də 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə rəisi Orxan Həsənov tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək göstərdi ki, o, 27 noyabr 2023-cü il tarixdə dostu Ramil ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində gəzən zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdilər. Polis əməkdaşları ilə söhbəti zamanı narkotik vasitələrdən istifadə etdiyini səmimi etiraf etmişdir. Belə ki, o, təxminən bir il müddətdir ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. Sonda Şəxs etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və səhətində ağrılar olduğundan məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sahə inspektoru Orxan Həsənov bildirdi ki, Şəxs 27 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində narkotik vasitə istifadə etməkdə şübhəli bilindiyi üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə dəvət olunmuş, orada izahatı alındıqdan sonra Şəxs tibbi müayinə edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş və müayinə olunarkən sidiyində AMP (+), OPİ (+), THC (+) aşkar edilmişdir. Bundan əlavə Şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş və onda narkomaniya xəstəliyi aşkar olunmuşdur. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tədbir görülməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə ona həvalə edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 noyabr 2023-cü il tarixli, 7740 nömrəli rəyindən görünür ki, Şəxs sidiyində AMP (+), OPİ (+), THC (+) aşkar edilmişdir. Müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, narkomaniya xəstəliyinə tutulduğunu, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həmin Məcəllənin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. İş materiallarında olan inzibati qaydada tutuma protokolundan görünür ki, tibbi yoxlamaya göndərilməsi ilə əlaqədar Şəxs 27 noyabr 2023-cü il tarixdə, saat 02:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu – 27 noyabr 2023-cü il tarixdən, saat 02:10-dan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 115.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 37-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdr. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs inzibati həbs müddətinin başlanğıcı inzibati qaydada tutulduğu 27 noyabr 2023cü il tarixdən, saat 02:10-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün Bakı şəhər Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi hissəsində qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar