Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5745/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin hakimi Muradov Pərviz Namiq oğlu, məhkəmə iclas katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi X4 və inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Massivi, 2704, ev 220B qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, İ.Aznaurov küçəsi, ev 12/12 ünvanında faktiki yaşayan Şəxs barəsində Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 28 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, e-2(010)-7178/2018 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə yaranmış 4.436 ABŞ dolları məbləğində borcunu üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, məhkəmənin qərarına hörmətlə yanaşır və icra sənədinin icrasından qərəzli olaraq yayınmamışdır. Sadəcə olaraq onun maddi imkanının zəif olması borcu birdəfəlik icra etməyə imkan verməmişdir. Onun borclu olduğu məbləğ restruktrizasiya olunmamış, lakin tələbkar bank ləğv olunmuşdur. İcra məmuru ona borcunu ödəməsi üçün hesab nömrəsi verməmişdir. Hazırda o, ünvan 2 ünvana icra məmuru tərəfindən bildiriş göndərilməmişdir. Hazırda müqavilə vəkili işə qoşulduqdan sonra icra məmuru vasitəsilə tələbkar bankdan hesab nömrəsi almış və dərhal tələbkarın xeyrinə 100 ABŞ dolları pul ödəmişdir. Bundan sonra da, icra sənədi üzrə yaranmış borcunu davamlı olaraq ödəyəcəkdir. Sonda Şəxs məhkəmədən qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X6 bildirdi ki, borclunun əməlində inzibati xəta tərkibi yoxdur. Belə ki, borclu Şəxs borclu olduğu məbləğ restruktrizasiya olunmamış, lakin tələbkar bank ləğv olunmuşdur. Borclu hazırki vaxtadək borcunu hansı hesab nömrəsinə ödəməli olduğunu bilməmişdir. İnzibati xəta haqqında iş məhkəməyə daxil olduqdan sonra icra məmuru tələbkar bankın hesab nömrəsini təqdim etmiş, bundan sonra borclu tələbkarın xeyrinə 100 ABŞ dolları pul ödəmişdir. Sonda Şəxs müdafiəçisi X6 qeyd etdiklərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X5 məhkəmədə bildirdi ki, icra sənədi üzrə müvafiq qaydada icraata başlanılmış, bu barədə qərar və tələbin icrasına dair bildiriş borcluya göndərilmişdir. İcra sənədi üzrə borcunun ödənilməsinin məcburi qaydada təmin edilməsi istiqamətində Şəxs məxsus əmlaka yönəldilməsi məqsədi ilə müvafiq əmlak sorğuları verilmiş və tədbirlər görülmüş, lakin onun adında tələbin yönəldilə biləcəyi dövlət qeydiyyatından keçən daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Göründüyü kimi borclu onun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini tam icra etməmişdir. Bu səbəbdən də icra sənədi bu günə kimi icra olunmamışdır. Buna görə də icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, e-2(010)-7178/2018 nömrəli məhkəmə əmrinə dair icra sənədindən görünür ki, Şəxs və X3 müştərək qaydada cəmi 4.436 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında 22 noyabr 2018-ci il tarixli qərardan və tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, e-2(010)-7178/2018 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə icraata 22 noyabr 2018-ci il tarixdə başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmiş, göstərilən müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. İş materiallarında olan 04 dekabr 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs icra sənədi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesab nömrəsinə 100 ABŞ dolları ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 528ci maddəsi ilə bağlı işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Məhkəmə borclu Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, e-2(010)-7178/2018 nömrəli məhkəmə əmrinə dair icra sənədi üzrə yaranmış borcundan inzibati xəta haqında işin məhkəmə icraatı dövründə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesab nömrəsinə 100 ABŞ dolları pul ödədiyini nəzərə alaraq hesab edir ki, icra məmuru tərəfindən tələbkar bankın hesab nömrəsinin borcluya zamanında təqdim edilmədiyi üçün borclunun icra sənədini icra edə bilməməsinə görə Şəxs əməlinin sözügedən icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Bununla da Şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli, e-2(010)-7178/2018 nömrəli məhkəmə əmrinə dair icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Muradov
Məhkəmə qərarları › İş №3(010)-5745/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5745/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver