Məhkəmə qərarları › İş №3(010)-5752/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5752/2024

20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5752/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru Nümayəndə1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şəxs rəhbəri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Suraxanı rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs rəhbəri Nümayəndə1 Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini icra etmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək qeyd etdi ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icraata daxil olduqdan sonra icraata başlanılmış, tərəflərə bu barədə qərar və bildiriş verilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq icra sənədində göstərilən tələb təmin edilməmişdir. Şəxs bina tikintisi həyata keçirir, ev alqı-satqısı aparır. Həmin evlərin satışından əldə olunan vəsaitə elektron sistem vasitəsilə inkasso qoyulmasına baxmayaraq tələb ödənilməmişdir. Tələbin uzun müddət icrasız qalması tələbkarın narazılığına səbəb olmuşdur. Beləliklə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən o, hüquqi şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, halhazırda Şəxs ev alqı-satqısı ilə məşğul olmur. Şəxs mülkiyyətində olan dəyəri 600-700 min manat olan daşınmaz əmlaka məhkəmə qərarı ilə həbs qoyulub. Həmin əmlak hərrac vasitəsilə satılaraq satışdan əldə olunan vəsait tələbin icrasına yönəldilməlidir. Yəni icra məmuru bütün hərəkətləri həyata keçirdikdən sonra protokol tərtib edərək məhkəməyə təqdim etməli idi. O, göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs direktoru Nümayəndə1 Nümayəndə2 qeyd etdiyi xüsusatları təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Vəkil məhkəməyə ərizə təqdim edərək ərizədə qeyd etmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir, buna görə də işə iştirakı olmadan baxılmasını xahiş etmiş və qeyd etmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs könülli icra haqqında icra sənədini xx.xx.2024-cü il tarixdə almışdır. Bundan başqa, tərəf bütün məhkəmə instansiyalarında iştirak edib, yəni tam məlumatlıdır ki, Ali Məhkəmə tərəfindən qərarla 220.483 manat borc məbləği təsdiq olunub. Belə olan halda, tərəf qanunlara hörmət göstərsə idi, heç icra sənədini gözləməz, vaxtında məhkəmə qətnaməsini icra edərdi. Lakin tərəf 1 ildən artıq ona məlum olan məhkəmə qətnaməsini icra etməməsinə baxmayaraq tərəfin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü ildə icra vərəqini qəbul etmək haqqında sənədə imzalamışdır. Bu sənəd məhkəmə icraçısı tərəfindən məhkəməyə təqdim edilmişdir. Beləliklə, məlum olur ki, hətta dörd aydan artıq bir zamanda icra vərəqini almasına baxmayaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs rəhbərliyi borcu ödəmək üçün qəsdən, anlaqlı şəkildə heç bir hərəkət etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hündürmərtəbəli yaşayış binalarının tikintisi ilə məşğuldur, hal-hazırda mənzil satışını həyata keçirir, lakin nağd vəsaiti bank hesabına mədaxil etmir ki, məhkəmə qərarı icra olunsun. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iş materialları ilə təsdiq edilən 20-dən çox bank hesabı var. Bütün bunlar mənzil satışından əldə edilən pul vəsaitini müxtəlif yollarla yayındırmaqdan ötrü fikirləşilmiş, düşünülmüş və qəsdən törədilmiş əməllərdir və mütləq mənada öz hüquqi qiymətini almalıdır. Digər tərəfdən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs rəhbərliyi istinad edir ki, əmlakları var, icra məmuru borcu əmlaklarına yönəltsin. Lakin bu tədbir borcun məcburi icrasını nəzərdə tutur. İndiki halda isə söhbət İXM-nin 528.1-ci maddəsindən gedir, yəni borclunun əmlakının olub-olmamasının aidiyyəti yoxdur, bu maddəyə görə əgər borclu icra məmurunun müəyyən etdiyi müddətdə icra sənədindəki tələbi könüllü icra etməzsə İXMnin 528.1-ci maddəsi ilə məsuliyyət daşımalıdır. İndiki halda əgər Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs qanunlara hörmət etsə idi, bu 1 ildən artıq bir müddətdə az-çox borcundan ödəyərdi, onda onun məhkəmə qərarına hörməti bilinərdi və bu gün də məhkəmədə belə işə baxılmazdı. Odur ki, icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında MN № ******* saylı, xx.xx.2024-cü il tarixli protokolun tam əsaslı olmasını nəzərə alaraq, yəni maddi imkanı olduğu halda qəsdən məhkəmə qərarını icra etməkdən yayınan, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs haqqında İXM-nin 528.1-ci maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş icra işində olan: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən 220000 (iki yüz iyirmi min) manat borc tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, ödənilmiş 533 manat məbləğində dövlət rüsumunun 483,06 manat məbləği cavabdeh Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi, qalan 49,94 manat məbləğin iddiaçı Zərərçəkmiş şəxs aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir; icraata başlama haqqında xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar müvafiq bildirişlə xx.xx.2024-cü il tarixdə Şəxs nümayəndəsi Nümayəndə2 təqdim olunmuşdur; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 8(010)-261/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Şəxs MMC-nin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2470/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır; Bakı Kommersiya Məhkəməsinin 8-2(113)-127/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxsnə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulması qərara alınmışdır; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4053/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı Şəxs MMC-nin cavabdeh Suraxanı rayon icra şöbəsinə qarşı “icraata başlamaq haqqında qərarın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi qərara alınmışdır; "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Şəxs MMC-nin bankda açılmış hesabları bağlı olduğu üçün Bakı Kommersiya Məhkəməsinin 2(113)-2470/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasi ilə əlaqədar tərtib edilmiş inkasso sərəncamı icra olunmadan geri qaytarılmışdır; "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı Kommersiya Məhkəməsinin 2(113)-2470/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi və xx.xx.2024-cü il tarixli inkasso sərəncamları icraya qəbul edilmişdir. “Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”nın şərtlərinə əsasən sərəncam 2 ay müddətində bankda saxlanacaq və müştərinin hesabına vəsait daxil olduğu təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 965-ci maddəsində nəzərdə tutulmuş ödəniş növbəliyi şərtlərinə riayət edilməklə icra ediləcəkdir; "xxxx" ASC tərəfindən Suraxanı rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, məktubda göstərilən qüsurlara görə inkasso sərəncamının icrası mümkün deyildir və yanlız qüsurlar aradan qaldırılmaqla müvafiq sərəncam Banka təqdim olunduğu təqdirdə icra edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, icra məmurunun istinad etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 3) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 4) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Qanunun : 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 04 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından tələbin ödənilməməsinin «Sabah Tikinti” Mənzil- Tikinti Kooperativinin rəhbərinin hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, borcun ödənilməsindən qərəzli olaraq yayınması halı və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və yahərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Belə ki, məhkəmə iclasında icra işinə baxış keçirildi və müəyyən edildi ki, icra məmuru tərəfindən, borclunun bank hesablarında pulunun olub-olmaması ilə bağlı hərəkətlər edilmiş və hesablarında hər hansı bir pul vəsaiti olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Bundan sonra da, borclunun adına daşınar əşyanın olubolmaması üçün tədbirlər görülmüş və sonuncunun adına hər hansı bir daşınar əşya olmadığından qətnamənin icrası mümkünsüz olmuşdur. Daha sonra icra məmurunun təqdimatı əsasında borclu Şəxsnə məxsus olan Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, ev 5 və Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi, 3Q saylı sahənin üzərinə həbs qoyulmuşdur. İnzibati xəta haqqında protokolu, tərəflərin izahatlarını, tələbkarın nümayəndəsinin ərizəsini, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbəri tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, "Sabah Tikinti” Mənzil-Tikinti Kooperativinin rəhbərinin İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs rəhbəri Nümayəndə1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar