Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-5774/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin inzibati binası Kərimov Namiq Həsrət oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi, Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 01 avqust 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Suraxanı rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Suraxanı rayon İcra Şöbəsinin icra məmuru X3 tərtib etdiyi 13 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli 2(008)-1053/2024 nömrəli icra vərəqəsinə əsasən X2na uşaqları 20 dekabr 2011-ci il təvəllüdlü X7 və 31 dekabr 2012-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 16:00-dək, bayram günləri –Yeni il bayramı 1-ci günü bir gün, Qurban və Ramazan bayramları 1 gün, Novruz bayramı 2-ci gün saat 11:00-dan saat 15:00-dək, tələbkarın doğum günü -24 iyul tarixində saat 12:00-dan saat 19:00-dək onlarla ünsiyyətdə olma kimi müəyyən edilməsi, sərbəst-atanın iştirakı olmadan ünsiyyətdə olmaq hüququ (görüş) verilməlidir. İnzibati xəta haqqında protokoldan, icra işindən və icra məmurunun məhkəməyə bildirdiklərindən həmçinin görünür ki, icra sənədi Suraxanı rayon İcra Şöbəsinin icraatına daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilərək borcluya 10 gün tələbin könüllü icrası üçün vaxt verilərək bildiriş göndərilmişdir. Borclu tərəfindən icra sənədinin icrası könüllü şəkildə təmin edilməmişdir. Bundan başqa borclu ilə telefon vasitəsi ilə əlaqə saxladıqda bildirmişdir ki, uşaqlar anaları ilə görüşmək istəmirlər. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qanunla müəyyən edilmiş cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, tələbkarla xəyanət üstündə boşanmışdır. Uşaqlar bir dəfə anaları ilə görüşdükdən sonra, tələbkar uşaqları ona qarşı öyrətmişdir. Uşaqlar analarını istəmədiyinə görə göstərmir. Yalnız onun istədiyi saatda və yerdə tələbkar uşaqları ilə görüşə bilər. Odur ki, bunları nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında bildirmişdir ki, o, uşaqları ilə cəmi bir dəfə görüşərək evə aparmışdır. Digər görüşdə borclunun təyin etdiyi yerdə 10-15 dəqiqə uşaqlarla görüşə bilmişdir. Növbəti uşaqla görüşləri isə borclu tərəfindən artıq təşkil edilməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclunun gətirdiyi dəlillər isə sadəcə bəhanə olmaqla müxtəlif vasitələrlə uşaqların ana ilə ünsiyyətini əngəlləmək məqsədi güdür. Məhkəmə iş üzrə gəldiyi qənaətin əsası kimi həmçinin aşağıdakıları qeyd edir. Qüvvədə olan qanunvericiliyə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Bununla yanaşı, uşaq da valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Hazırkı kateqoriyalı məhkəmə aktlarının icrasının ən optimal üsulu valideynlər arasında emosiyalara qapanmadan, onun icrası ilə bağlı qarşılıqlı razılığa gəlməkdir. Belə olan halda tərəflərin, ən əsası isə uşaqların ailə qanunvericiliyində nəzərdə tutulmuş hüquqları təmin olunur. Lakin bir sıra hallarda valideynlər öz aralarında konstruktiv dialoqun təmin olunmasından yayınır, uşaqların hüquqlarının və psixoloji sağlamlığının ziddinə olaraq onlardan manipulyasiya vasitəsi kimi istifadə edirlər. İşin halları ilə müəyyən edilir ki, tələbkarla borclu arasında ailə münasibətləri faktiki pozulduqdan sonrakı dövrdə borclu tələbkarın uşaqları ilə görüşüb ünsiyyətdə olmasına, uşaqlarla mehriban münasibətinin davam etdirilməsinə, uşaqların tərbiyəsi ilə bağlı vəzifələrini icra etməsinə sistematik olaraq maneələr törətmiş, bu hərəkətləri ilə həm ananın uşaqla, həm də uşağın ana ilə görüşüb ünsiyyətdə olmaq hüquqlarını pozmuş, nəticə etibarilə qanuni qüvvədə olan icra sənədinin icrasından yayınmışdır. Məhkəmə qeyd edir ki, valideynin birinin yanında qalan uşağın digər valideynlə dayanıqlı münasibətinin formalaşması və möhkəmlənməsi üçün uşaqla həmin valideyn arasında mütəmadi ünsiyyətə ehtiyac var. Bu uşaqdan ayrı yaşayan valideynlə uşaq arasında emosional bağlılığın möhkəmlənməsi üçün də vacibdir. Borclunun yuxarıda təsvir olunmuş hərəkətləri, o cümlədən məhkəmə aktının icrasına müxtəlif üsullarla maneələr törətməsi isə uşaqlarla ana arasında psixoloji əlaqənin pozulmasına səbəb ola bilər. Bu həmçinin uşaqların psixoloji sağlamlığı baxımından təhlükəlidir. Məhkəmə yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə aktının icra olunmaması və ya buna şərait yaradan hallara qanunla nəzərdə tutulan reaksiya verilməməsi isə məhkəmə aktını əhəmiyyətsiz edir. Göstərilənlərə əsasən X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X10 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərar rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Namiq Kərimov
Məhkəmə qərarları › İş №3(010)-5774/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-5774/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver