Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(010)-579/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi İbrahimov Anar Firdovsi oğlunun sədrliyi, Hacıyev Gündüz Nizami oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Yalçın Əsədovun iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC 15000.00 ABŞ doları məbləğində olan vəsaiti Bank hesabından 12 mart 2021-ci il tarixində ölkədən kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçsə də, 15000 ABŞ doları məbləğində vəsait hesabına alınan mallanın (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında izahat verən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Yalçın Əsədov bildirmişdir ki, Şəxs MMC müqavilə əsasında hissə-hissə ödənişlər edir. Həmin ödənişlərin müqabilində başqa ölkədən Azərbaycan Respublikasına mallar idxal olunur. Bu barədə rəsmi sədənləri məhkəməyə təqdim edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi «Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə» məsuliyyət müəyyən edir. İXM-nin yuxarıda göstərilən maddəsində nəzərdə tutulan müddətlər “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiqlənib. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli qərarı ilə yuxarıda göstərilən Qaydalara dəyişiklik edilərək 4.3.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilmişdir: «qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir». İş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tarixli ödəniş tapşırığından və digər sənədlərdən görünür ki, Şəxs MMC 15000.00 ABŞ doları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. “xxxx” ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanan 16 mart 2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC 15000.00 ABŞ doları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi 2 ilddən artıq müddət keçdiyinə baxmayaraq, banka təqdim etməmişdir. İş materiallarından görünür ki, Şəxs MMC tərəfindən yuxarıda qeyd olunan sənədlər Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilməmişdir.Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Yalçın Əsədovun məhkəməyə təqdim etdiyi sənədləri məhkəmə yetərli hesab etmir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114 – 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin – 15000 (on beş min) ABŞ dollarının 20 (iyirmi) faizi məbləğində, yəni 3000 (üç min) ABŞ dolları miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Anar İbrahimov
Məhkəmə qərarları › İş №3(010)-579/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərar — İş №3(010)-579/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver